Azərbaycan ən
yüksək səslə Dünya Turizm Təşkilatının
İcraiyyə Şurasına üzv qəbul olunmuşdur
Dünya turizm
məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq
əlaqələrini genişləndirən Azərbaycan bu
günlərdə daha bir nailiyyətə imza
atmışdır.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
avqustun 24-dən
29-dək
Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə
təşkilatçılığı ilə keçirilən
BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş
Assambleyasında Azərbaycan qurumun İcraiyyə
Şurasının üzvü qəbul olunmuşdur.
Zambiyanın
Livinqston şəhərində keçirilən iclasda Azərbaycan
təşkilatın İcraiyyə Şurası
üzvlüyünə namizədlər sırasında ən
yüksək səs almışdır. Şuraya seçilən
Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya,
Serbiya və Bolqarıstan) Azərbaycan 25 səslə birinci
olmuşdur. Sonrakı yerləri Almaniya (24 səs), Serbiya (20) və
Bolqarıstan (18) bölüşmüşlər.
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin də iştirak etdiyi sessiyada ölkəmizin təklifi
nəzərə alınaraq Dünya Turizm Təşkilatının
Avropa Komissiyasının 2014-cü ildə növbəti
iclasının Bakı şəhərində keçirilməsinə
dair qərar qəbul olunmuşdur.
Şübhəsiz,
bu nailiyyət respublikamızda turizmin inkişafı sahəsində
görülən işlərin nəticəsi, Azərbaycanın
turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin
bu sahədə beynəlxalq əlaqələrinin, Mədəniyyət
və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı, bir
çox tərəfdaş ölkələrlə
ardıcıl, səmərəli işgüzar əməkdaşlığının
yüksək göstəricisidir. Bu əlamətdar qərarların
qəbulunda Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin və ölkəmizin İspaniya
Krallığındakı səfirliyinin mühüm rolu
olmuşdur.
Hazırda
dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən
biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları
çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng
iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu
yaratmaq üçün mühüm zəmindir. Bu uğurlarda
Azərbaycan dövlətinin turizm sahəsinin
inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə
prioritet istiqamət elan etməsi də mühüm rol
oynayır. Son illər ölkədə turizmin təşviqi
ilə bağlı görülən işlər, aparılan
islahatlar, qəbul edilən dövlət proqramları,
normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan
dövlətinin bu sahəyə diqqət və
qayğısını bir daha sübut edir. 2010-cu ildə
"2010-2014-cü illərdə Azərbaycanda turizmin
inkişafına dair" Dövlət Proqramının qəbul
olunması, Prezident İlham Əliyev tərəfindən
2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi,
bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq
və icra olunması dövlət səviyyəsində
turizmin inkişafına verilən dəstəyin əyani
sübutudur. Bu kimi tədbirlərin nəticəsində
ölkəmizdə turizm sənayesi yeni mərhələyə
qədəm qoymuşdur.
Azərbaycanda
turizmin inkişaf etdirilməsi, zəngin turizm imkanlarımızın
xarici ölkələrdə təbliği ilə bağlı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü
fəaliyyət həyata keçirilir. Nazirlik tərəfindən
aparılan təbliğat işləri (ölkəmizin beynəlxalq
turizm sərgilərində iştirakı, dünyanın
aparıcı televiziya kanallarında respublikamızın turizm
potensialını əks etdirən reklam
çarxlarının yerləşdirilməsi, müxtəlif
ölkələrin turizm təmsilçiləri və media
nümayəndələrinin ölkəmizə
infoturlarının təşkili), habelə beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq nəticəsində Azərbaycan
artıq dünyada yeni bir turizm məkanı kimi
tanınmağa başlamışdır. Region ölkələri
arasında beynəlxalq turizm qurumları ilə yaxın əlaqələri
də ilk dəfə məhz Azərbaycan qurmuşdur.
Hazırda Azərbaycana
daha çox əcnəbi turistin cəlb olunması
üçün müvafiq təbliğatın gücləndirilməsi
ilə bərabər, bu sahədə normativ-hüquqi
bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasına gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz tədbirlər
haqqında" 2012-ci il 30 noyabr tarixli sərəncamına
uyğun olaraq bu il aprelin 3-dən turistlər üçün
onlayn viza sisteminin tətbiqinə
başlanılmışdır. Artıq Azərbaycana gəlmək
istəyən əcnəbilər vizaları elektron qaydada əldə
edə bilirlər. Bundan əlavə, "Turizm
haqqında" yeni qanun layihəsi Azərbaycanın
qanunvericilik bazası əsasında və dünya
standartlarına uyğun hazırlanmışdır. Sənədə
Dünya Turizm Təşkilatının ekspertləri tərəfindən
bir sıra əlavə və düzəlişlər
edilmişdir. Artıq qanun layihəsi Nazirlər Kabinetinə təqdim
olunmuşdur.
Əldə
olunan nailiyyətlər Azərbaycanın turizm
dünyasında nüfuzunun, ümumilikdə, ölkəmizin
dünyada imicinin yüksəlməsinin təzahürüdür.
Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq
edir. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə
əsasən, turistlərin sayında artım dünya və
Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda
turist axınının artımı 10 faiz səviyyəsində
müşahidə olunmuşdur.
Bütün
bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası,
turizm sahəsində beynəlxalq əməkdaşlığının
daha da inkişaf etdirilməsi, ölkələrarası
dialoqun və gələcək əməkdaşlığın
genişləndirilməsi üçün geniş imkanlar
yaradır.
Dünya Turizm
Təşkilatının baş katibi Taleb Rifainin sözləri
ilə desək, Azərbaycan turizm sahəsində yüksələn
ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər
sahələrin inkişafı üçün mükəmməl
imkanlar mövcuddur və bu gün bu imkanlardan kifayət qədər
istifadə edilir.
Bir faktı
xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın
Dünya Turizm Təşkilatı İcraiyyə
Şurasına üzv qəbul olunması və 2014-cü ildə
qurumun Avropa Komissiyasının iclasının Bakıda
keçirilməsinə dair qərarların qəbulu
zamanı Ermənistan nümayəndə heyəti
etirazını bildirmişdir. Lakin düşmən ölkənin
bu səyləri heç bir nəticə verməmiş və
Azərbaycan dünya turizm ailəsində özünün
yüksək nüfuzunu bir daha təsdiq etmişdir.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 8.