Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 21/123

 

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişlərin forması, sayı və hazırlanmasına dair tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Ona görə də seçici, onun ünvanı və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildiriş nümunəsi hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və yuxarıda göstərilən Qaydaların 2.1-ci  bəndinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin.

 

2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5.150.000 (beş milyon yüz əlli min) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

 

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

 

29.08.2013

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 7.