Sabirabadda Kür
çayı üzərində körpü istifadəyə
verilmişdir
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev avqustun 29-da Sabirabadda Kür çayı
üzərində yeni inşa olunan körpünün
açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını
salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Bu gün
çox gözəl, əlamətdar gündür. Biz yenidən
sizinlə görüşürük. Artıq bu gözəl
körpünün açılışını bərabər
qeyd edirik. Körpünün tikilməsi sakinlər tərəfindən
irəli sürülmüş bir təklif idi. Yadımdadır
ki, keçən dəfə - iki il bundan əvvəl
Sabirabadda olarkən belə bir müraciət olmuşdur. Dərhal
göstəriş verildi. Bakıya qayıdan
kimi ilk sərəncam imzalandı, vəsait ayrıldı.
Ondan sonra əlavə vəsait də ayrıldı,
körpünün tikintisi dövlət büdcəsinə,
Dövlət İnvestisiya Proqramına salındı. Biz
artıq körpünün açılışını
qeyd edirik. Bu gözəl hadisə münasibətilə
sizi ürəkdən təbrik edirəm.
Bu körpüdən on minlərlə insan
istifadə edəcəkdir. Mənə verilən məlumata görə, bu
körpü 16 kəndi birləşdirir. Körpünün
tikintisi doğrudan da çox vacib idi. Bu
körpünün tikintisi, əslində, Azərbaycanda xalqla
iqtidar arasındakı birliyi təcəssüm etdirir. Çünki bizim bütün təşəbbüslərimiz,
bütün işlər xalqın tələbi, xalqın
xahişi ilə, yerlərdən olan təkliflər əsasında
görülür. Bizim regional
İnkişaf Proqramımızın əsas mənbəyi
xalqdır. Proqramın əsas istiqaməti
də Azərbaycan xalqına xidmət etməkdir. Hazırda ikinci Dövlət Proqramı başa
çatır. Proqram, demək olar ki,
artıqlaması ilə icra edilir. Regionların
sosial-iqtisadi inkişafı üzrə üçüncü
Dövlət Proqramı hazırlanır, gələn ilin əvvəlində
qəbul ediləcəkdir. Üçüncü
Proqram da yerlərdə verilən təkliflərin əsasında
tərtib edilir. Çünki yerlərdə
yaşayan sakinlər daha yaxşı bilirlər hansı
işlər görülməlidir. Mənim rayonlara, o
cümlədən Sabirabada səfərlərimin səbəbindən
biri də ondan ibarətdir ki, özüm vəziyyətlə tanış olum, görüm hansı işlər
görülməlidir, əlavə nə etmək
lazımdır və bütün bu işləri biz görək.
Son illər ərzində
Azərbaycanda onlarla, bəlkə də yüzdən çox
körpü tikilmişdir. Körpü tikmək çox
gözəl bir işdir. Körpü həyat verir, rahatlıq
verir. Körpü inkişaf deməkdir. Son illərdə
müxtəlif yerlərdə, hər bir bölgədə
körpülər, yollar, tunellər tikilibdir. Bax indi
Bakıdan Sabirabada qədər rahat yolla gəlmək
mümkündür. Bu yol bərbad vəziyyətdə idi. Hər
dəfə mən Sabirabada gələndə təəssüf
hissi ilə qeyd edirdim ki, yol bərbad vəziyyətdədir.
Yolun tikintisi ilə bağlı göstərişlər
verilmişdir. Artıq Sabirabada, Saatlıya qədər gözəl
yol çəkilibdir. Sonra bu yol Horadizə qədər davam edəcəkdir.
Bu, insanlara rahatlıq, inkişaf verəcəkdir. Həm də
yolun tikintisi, eyni zamanda, regionların inkişafına da bir təkandır.
Yol,
körpü tikintisi, kənd yollarının inşası
gedir. Bu zonada da kənd yolları tikilir.
Əvvəllər də tikilmişdir, növbəti
illərdə də tikiləcəkdir.
Çox işlər
görülübdür. Sabirabad
abadlaşır, gözəlləşir. Mən keçən
dəfə iki il bundan əvvəl
olmuşam burada. Görürəm ki, çox
böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa
edilir, parklar salınır. Möhtəşəm
Heydər Əliyev Mərkəzi tikilmişdir. İndi oradan gəlirəm. ulu
öndərin Sabirabada olan münasibətini siz yaxşı
bilirsiniz. 1970-1980-ci illərdə hər il
Sabirabada gəlirdi, vəziyyətlə tanış olurdu. Sabirabadın o vaxtkı inkişafı ilə
bağlı bütün istiqamətləri müəyyən
etmişdir. 1990-cı illərdə də
olmuşdur. Mən də
çalışıram bütün sahələrdə
olduğu kimi, bu sahədə də onun siyasətini davam
etdirim. Bu, mənim Sabirabada beşinci səfərimdir.
Hər dəfə, xüsusilə son səfərimdən
sonra görürəm ki, doğrudan da, böyük dəyişikliklər
baş verir.
Şəhər müasir görkəm
alır, müasirləşir, abadlaşır, gözəl
binalar, məktəblər,
xəstəxana tikilir. Ancaq hələ
görüləsi işlər çoxdur. Növbəti illərdə görüləsi
işlər arasında xüsusi əhəmiyyət
daşıyan su layihəsi olacaqdır. Bu
ilin sonunda, ya da ki, gələn ilin əvvəlində
Sabirabadın içməli su ilə təminatını təşkil
etmək üçün böyük layihə
başlanacaqdır. Hesab edirəm ki, biz
çalışıb bu problemi 2014-cü ilin sonuna birdəfəlik
həll edək. Buna böyük ehtiyac
vardır. Bilirsiniz ki, şəhərə
içməli su fasilələrlə verilir. Bəzi hallarda keyfiyyət də lazımi səviyyədə
deyildir. Bu layihə də öz həllini
tapacaqdır. Bu vaxta qədər çay
boyu yerləşən kəndlərdə təmizləyici
qurğular quraşdırılmışdır. Ancaq Sabirabadın su problemini əsaslı şəkildə
həll etmək üçün yaxın zamanlarda
böyük layihə icra edilməyə başlanacaqdır.
Bu layihə 2035-ci ilə qədər
hesablanıbdır. Yəni əhalinin
artımını nəzərə alıb və 24 saat təmiz,
keyfiyyətli içməli su veriləcəkdir.
Digər vacib layihə qazlaşdırma ilə
bağlıdır. Biz bu layihəni də icra
edəcəyik. Bax, ağsaqqal da
razıdır. Bu layihə də tam şəkildə
icra ediləcəkdir. Bütün kəndlərdə
100 faiz qaz təminatı təşkil ediləcəkdir. Mənə verilən məlumata görə,
hazırda şəhərin böyük hissəsi
qazlaşdırılıb. Amma kəndlərdə
qaz, demək olar ki, yoxdur, ya da ki, azdır, yaxud keyfiyyət
aşağıdır. Ona görə
Dövlət Neft Şirkətinə müvafiq göstərişlər
verilmişdir. Yaxın zamanlarda geniş
qazlaşdırma işləri də aparılacaqdır. Bir daha demək istəyirəm ki, Sabirabad rayonunun
bütün kəndlərində qazlaşdırma aparılacaqdır.
Bu layihəni də biz icra edəcəyik.
Elektrik enerjisi ilə bağlı pilot layihə
icra edilir. Bizdə əslində, elektrik enerjisi
ilə bağlı, yəni generasiya ilə bağlı problem
yoxdur.
Biz kifayət qədər yeni stansiyalar
tikmişik. Sonuncu stansiya Şirvan şəhərində
tikilmişdir. Ancaq ötürücü xətlər
bəzi hallarda nasaz vəziyyətdədir və yaxud da ki,
köhnəlibdir. Ona görə
ötürücü xətlər və elektrik təsərrüfatı
tamamilə yenidən qurulmalıdır. Son illərdə bu sahədə
böyük işlər görülmüşdür. İşıqla bütünlükdə problem
yoxdur. Kifayət qədər enerji
vardır. Ancaq elə edilməlidir ki, fasiləsiz
olsun - 24 saat və ötürücü xətlərdə
heç bir problem olmasın.
Kənd yolları da tikilir və tikiləcəkdir.
Məktəblər tikilir. Amma
kəndlərdə qəzalı məktəblər vardır.
Sabirabad rayonunda 14 qəzalı məktəb
vardır. Təmirsiz məktəblər də
vardır. Bu problem də öz həllini
tapacaqdır. Yəni əsas məsələ
ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini
tapmalıdır. Biz bu problemləri bilirik
və öz işimizi yerlərdən gələn məlumatlar
əsasında görürük. Bizim siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı, onun
maraqları, təhlükəsizliyi, rifahı və
sağlamlığı dayanır. Biz
insanların sağlamlığı, rifahı, təhlükəsizliyi
üçün hər şeyi edirik və edəcəyik.
Ölkəmiz sürətlə qabağa gedir.
Hər bir bölgə qurulur, abadlaşır,
bax biz belə böyük işlər görürük.
Bütün bunların təməlində
güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı da biz yaratmışıq.
Bütün bunlar ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə neft
strategiyasının icrası nəticəsində
mümkün olmuşdur. Neftdən gələn
gəlirləri biz insan kapitalına yönəldirik. Bir daha demək istəyirəm ki, hər şey Azərbaycan
vətəndaşı üçün olmalıdır.
Bunu edirik.
İqtisadiyyatımız isə
güclüdür və güclənir.
Dünyada böhran davam edir. Amma bizdə
bu hiss olunmur. Bəzi ölkələrdə maaşlar,
pensiyalar kəsilir, iş yerləri ixtisara düşür.
Amma bizdə maaşlar, pensiyalar artır, iş yerləri
açılır. Budur bizim
reallıqlarımız. Bu, böyük
nailiyyətdir, böyük nemətdir. Gərək
biz bu inkişafı gələcəkdə də təmin edək.
Bunu etmək üçün həmişə
olduğu kimi, xalqla iqtidar bir olmalıdır. Bax, bu birlik bizim bütün
uğurlarımızı şərtləndirmişdir. Bizim gördüyümüz işlər konkret
işlərdir. Körpülər, yollar,
su, qaz xətləri, məktəblər, konkret işlərdir
ki, insanlar bunu görür və istifadə edirlər.
Əminəm ki, gələcəkdə
bizim görüşlərimiz hələ çox
olacaqdır.
Gələcəkdə Sabirabadda buna bənzər
açılışlar gözlənilir.
Mən də ulu öndərin siyasətini davam
etdirərək çalışacağam ki, tez-tez Sabirabada gəlim.
SAKİNLƏR: Çox sağ
olun!
***
Sabirabad Ziyalılar Cəmiyyətinin sədri
Böyükağa HƏMİDOV dedi:
- Hörmətli cənab Prezident.
Bizim bu doğma diyara xoş gəlmisiniz.
Sizin gəlişiniz bizim üçün
toy-bayramdır. Bu gün bu körpüdən
danışırıq. Bu, bizim ulu öndərin
diqqət mərkəzində duran yol, körpü məsələsidir.
Yaxşı yadımdadır, 1978-ci il idi. Onda hər yerdə pambıq əkilirdi. Siz də gəlirdiniz, gənc vaxtınız idi.
Gözəl müşavirələr
keçirilirdi. Onda Şirvan zonasında
bir müşavirə də bu Ulacalı kəndində
keçirdik. Bərəni trosla çəkirdik.
Onda bərəçi ilə görüşəndə dedi
ki, zəhmətkeş əlidir, nə möhkəm əlin
vardır. Dedim: "Yoldaş Əliyev, bu xətti çəkirəm,
ona görə bu belədir". Əlini qoydu sinəsinə və
dedi: "Məndən nə xahişin var, nə istəyirsən?"
Dedim: "Bu üzdə 16 kənd vardır, - o vaxt kolxozlar
idi, beş kolxoz vardı, - xahiş edirəm
bizə bir körpü salınsın. Bizim
canımız qurtarsın. Əhali bu bəladan
qurtarsın". Dedi: "Sizə körpü tikiləcək".
1979-cu ildə Sürmə körpüsü
tikilib istifadəyə verildi.
Cənab Prezident, körpü salmaq ulu
öndərdən qalan ənənədir. Sizin
dövrünüzdə iki körpü salınıb. Biri burada salınıb, biri də Novruzlu
körpüsü - Qasımbəyliyə gedəndə o
körpüdən keçirsən. Ona görə də
Allah Sizə uzun ömür, cansağlığı versin. Biz Sizə həmişə minnətdarıq. Sabirabadlılar Sizinlə həmişə fəxr
edib.
İcazə versəniz, mən Sizdən
bir dənə də xahiş edərdim.
Milli mədəniyyətimizin, səhiyyəmizin,
təhsilimizin inkişafında Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanımın böyük əməyi
vardır. Bunu qiymətləndirməmək
ən azı ədalətsizlik olar. Sizdən
xahişimiz odur ki, sabirabadlılar adından bizim
salamımızı ona çatdırasınız. Həm
də Sizin hər ikinizə Azərbaycanın
gözəl inkişafı yolunda uğurlar arzu edirik. Eşq
olsun Prezidentimizə! Eşq olsun! Fəxr edirik Sizinlə!
Sağ olun!
Cavad kənd sakini Fazil QASIMOV dedi: Cənab
Prezident, o vaxt - iki il öncə, Sizdən
bu körpünün xahişini mən etmişdim.
Prezident İlham ƏLİYEV: Siz
etmişdiniz. Bəli, yadımdadır.
Fazil QASIMOV: Allah Sizə ömür versin.
Sizin sərəncamınızla bu körpü az
müddətdə inşa olundu. İndi də
Allaha şükür ki, Sizinlə bu gözəl
körpünün açılışını edirik.
Gözəl bəndlər də Sizin sərəncamınız
ilə tikilib. Biz həmişə həyatda onun
qorxusu ilə yaşayırdıq ki, Kür nə vaxt
daşacaq, kimin evini aparacaq? Allah Sizə ömür versin, cansağlığı versin. Həyatda
olan ən gözəl neməti Sizə Allah özü bəxş
etsin! Yenə Sizə uzun ömür arzu edirəm.
Prezident İlham ƏLİYEV: Keçən
dəfə burada elə daşqından sonra evlərin bərpası
ilə tanış olurdum. O vaxt siz bu təklifi
irəli sürdünüz, yadımdadır, məktəbin həyətində
idi.
Fazil QASIMOV: Qasımbəylidə Sizdən
xahiş etdim.
Prezident İlham ƏLİYEV: Bəli, bu
da bir daha onu göstərir ki, bax bu təmasların çox
böyük əhəmiyyəti vardır. Bölgələrdə
olarkən çalışıram həmişə soruşum
ki, əlavə nə etməliyik, nə lazımdır, narahat
edən nədir? Biz bunu edək. Çünki doğrudan da, indi Azərbaycan dövlətinin
gücü çoxdur, böyükdür. Gücümüz var, maliyyə imkanlarımız da
vardır. Sadəcə olaraq, dəqiqliklə
bilməliyik ki, hansı məsələ öz həllini
tapmalıdır. Hər bir vəzifəli
şəxs gərək çalışsın ki, öz
xalqına xidmət etsin. Biganə
olmasın. Nə çatışmır,
hər şey etmək mümkündür. Azərbaycan indi böyük uğurlara imza atıb.
Səmaya peyk buraxmışıq, böyük
işlər görürük. Hər
şey etmək mümkündür. Sadəcə,
gərək iradə və düzgün siyasət olsun.
SAKİNLƏR: Çox sağ
olun!
Mürsəlli kənd orta məktəbinin
direktoru Əhəd ŞÜKÜROV dedi:
- Cənab Prezident, Siz çətin
günlərimizdə də həmişə bizə arxa, rəhbər,
ağsaqqal olmusunuz, həmişə yanımızda olmusunuz. Təbii fəlakət nəticəsində rayonumuz
çox çətin vəziyyətə
düşmüşdü. Siz həmin anda
xalqın yanında oldunuz. Sizin xüsusi
tapşırığınız ilə xalq o çətin vəziyyətdən
çıxdı. Sanki heç o problemlərlə
üzləşməmişdi. Bütün
bunlara görə mən Sizə uzun ömür,
cansağlığı, işinizdə yeni-yeni müvəffəqiyyətlər
arzulayıram.
Cənab Prezident, biz heç inkişaf
etmiş ölkələrdə bu qayğını eşitməmişik,
görməmişik. Bu, yalnız bizim ölkəmizdədir.
Xalqımız çətin vəziyyətə
düşəndə Prezidenti yanındadır. Buna görə Sizə dərin minnətdarlığımı
bildirirəm, həyatda uzun ömür,
cansağlığı, işinizdə yeni-yeni müvəffəqiyyətlər
arzu edirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun!
Sabirabad Ziyalılar Cəmiyyətinin sədri
Böyükağa HƏMİDOV:
Əmin ola bilərsiniz
ki, sabirabadlılar Sizin həmişə arxanızdadır.
İnşallah, gözəl işlər
görülür Sizin rəhbərliyinizlə.
Prezident İlham ƏLİYEV: Mən deyə
bilərəm ki, təbiət də bizi sınağa çəkir.
Bax bu zonada baş verən təbii fəlakət
zamanı, xoşbəxtlikdən heç bir bədbəxt
hadisə, heç bir insan tələfatı
olmamışdı. Keçən il
şimal-qərb zonasında baş vermiş zəlzələ.
O da çox ağır nəticələr vermişdi. Amma
orada da bir nəfər də olsun adam həlak
olmamışdı. Ancaq biz - Azərbaycan
dövləti öz gücünə, öz vəsaiti
hesabına bütün bu işlərin öhdəsindən gələ
bildik. Dövlət hesabına minlərlə ev tikilmişdir, həm burada, həm
Zaqatala-Balakən zonasında. Dövlət
bütün xərcləri öz üzərinə
götürmüşdü. Həm
kompensasiya, həm evlərin tikintisi. Yəni
bütün bu işləri dövlət öz üzərinə
götürmüşdü. Mən deyə
bilərəm ki, inkişaf etmiş ölkələrdə bu,
belə deyil. Orada hər kəs özü
üçün ev tikir. Sonra bədbəxt
hadisə baş verdikdə əgər ev
sığortalıdırsa, gedir sığorta şirkətindən
pulunu alır, sığortalı deyilsə, qalır bax belə.
Ancaq Azərbaycanda dövlət insanların
maraqlarının keşiyindədir. Ona
görə mən deyirəm ki, Azərbaycan dövləti
sosial dövlətdir. Çünki siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşıdır.
Bu gün də belədir, gələcəkdə
də belə olacaqdır. Bizim
uğurlarımız çox olacaqdır.
SAKİNLƏR: İnşallah!
Böyükağa HƏMİDOV: Əməkhaqlarının
artırılmasına görə çox sağ
olun. Hamının ürəyincədir.
Sizə uğurlar diləyirik! Sağ olun!
***
Azərbaycan Prezidenti körpünün
sxemini əks etdirən stendə baxdı.
Məlumat verildi ki, körpünün
inşa edilməsi ətraf kəndlərdə yaşayan sakinlərin
yol-nəqliyyat çətinliklərinin həllində
çox mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin "Sabirabad rayonunun yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında" 2011-ci il 25
may tarixli Sərəncamına əsasən, Kür
çayının Cavad kəndi ərazisindən keçən
hissəsində yeni körpünün tikintisi məqsədilə
ilkin olaraq iki milyon manat vəsait ayrılmışdı. Körpünün inşasına 2011-ci ilin iyulunda
başlanılmışdır. Layihənin smeta dəyəri
8,9 milyon manatdır. Körpünün
sifarişçisi Sabirabad Rayon İcra Hakimiyyətidir. Tikinti işləri "Gəncə Körpü
Tikinti-2" ASC tərəfindən aparılmışdır.
Bildirildi ki, körpü Sabirabad şəhərini
rayonun Şirvan düzündə yerləşən 16 və
Kürdəmir rayonunun 3 kəndi ilə birləşdirir.
Səkkiz aşırımlı körpünün uzunluğu
153, ümumi eni 10,7 metr, ikizolaqlı hərəkət
hissəsinin eni isə 8,4 metrdir. Yol
ötürücüsünün sağ və sol hissələrində
piyadalar üçün eni 1,15 metr olan
keçidlər tikilmişdir. Həmçinin
körpünün ətrafında 5 hektar ərazidə
yaşıllaşdırma işləri də
aparılmışdır. Buradan Sabirabad
rayonunun 32 mindən çox əhalinin yaşadığı
16 kəndinin sakinləri istifadə edir.
Dövlət başçısı
körpünün rəmzi açılışını
bildirən lenti kəsdi.
***
Sonra xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 1.