Prezident İlham
Əliyev Saatlı Olimpiya İdman
Kompleksinin
açılışını etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Saatlı Olimpiya İdman
Kompleksinin açılışında iştirak etmişdir.
Dövlət
başçısı kompleksin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin
dekabrında başlanılmışdır. Kompleksin tikintisi
məqsədi ilə "Saatlı rayonunda
Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin
tikintisi haqqında" Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə Prezidentin Ehtiyat
Fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin
davam etdirilməsi üçün
Nazirlər Kabinetinin sərəncamı ilə
2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun
olaraq daha 5 milyon manat
ayrılmışdır. Burada bir çox
yarışların, təlim-məşq
toplanışlarının və digər tədbirlərin
keçirilməsi üçün hər
cür şərait vardır.
Dövlət
başçısı kompleksin üzgüçülük zalı ilə
tanış oldu.
Bildirildi ki, burada Türkiyə istehsalı olan
hovuz sistemi və
"Gonka Klima"
markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır.
İki yüz yerlik zalda iki
soyunub-geyinmə, duş otaqları
vardır. Kompleksin ərazisində ikimərtəbəli
beş kottec inşa edilmişdir. Hər
kottec dörd nömrədən
ibarətdir.
Olimpiya İdman
Kompleksinin ümumi
zalının foyesində ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin Saatlıya səfərlərindən və
idmanın inkişafına göstərdikləri
qayğıdan bəhs edən fotoguşələr
yaradılmışdır.
Qeyd olundu
ki, kompleksin tikintisi üçün 6
hektar torpaq sahəsi
ayrılmış, layihə-smeta sənədləri "Sosial İnkişaf Layihə"
Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən
hazırlanmışdır. Layihəyə əsasən, ümumi sahəsi 3340 kvadratmetr
olan universal idman zalında 432 oturacaq
vardır. Eyni zamanda,
400 tamaşaçı yarışları lojalardan
izləyə biləcəkdir. Burada idmançılar üçün
iki soyunub-geyinmə, məşqçi və
digər yardımçı otaqlar
vardır. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi,
istirahət otağı yerləşir. İkinci
mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi
otaqları, konfrans zalı və güləş
zalı vardır. Bu ilin
sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol
meydançasının tikintisi
yekunlaşacaqdır.
Olimpiya İdman
Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
və idmançıları Olimpiya İdman Kompleksinin
açılışı münasibətilə təbrik edən
Prezident
İlham ƏLİYEV dedi:
- Sizi ürəkdən salamlayıram.
Saatlıda Olimpiya Mərkəzi
açılır, gözəl hadisədir. Bu
gözəl hadisə münasibətilə sizi
ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir
və idmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm
ki, gənclər bu mərkəzdən
səmərəli şəkildə istifadə edəcəklər,
uşaqlar gələcəklər. Burada, əlbəttə ki,
idman bölmələri təşkil edilməlidir
və rayon sakinləri də gəlməlidirlər,
burada idmanla məşğul
olmaq üçün
bütün imkanlar
vardır.
İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Biz Azərbaycanda idmanın kütləviliyini
də təmin edə bilmişik. Çünki uşaqlar, gənclər
kütləvi şəkildə idman
bölmələrinə gedirlər, məşğul olurlar və sonra da ölkəmizi beynəlxalq yarışlarda
ləyaqətlə təmsil edirlər. Bizim
idmançılar böyük uğurlara imza
atmışlar. Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanmışıq.
Bu yaxınlarda keçirilən Universiadada Azərbaycan komanda
hesabında 16-cı yerə layiq görülmüşdür. Bu,
onu göstərir ki,
gənc idmançılar, peşəkar idmançılar daim bizi sevindirir
və Azərbaycan dünyada idman ölkəsi kimi
tanınır.
Əlbəttə,
buna nail olmaq üçün
şərait olmalıdır. Bu məqsədlə
bölgələrdə Olimpiya İdman kompleksləri tikilir
və bu gün
Saatlıda biz bu kompleksin açılışını qeyd edirik. Doğrudan
da, böyük hadisədir
və hər dəfə Saatlıda olarkən biz
hansısa bir obyektin
açılışında iştirak edirik. Mən dəfələrlə Saatlı rayonunda olmuşam və
görürəm ki, burada
inkişaf var,
abadlıq-quruculuq işləri aparılır, yollar
çəkilir, binalar tikilir.
Bu, məni sevindirir. Çünki hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir
töhfədir. Hər bir rayonun
inkişafı burada sakinlərin
yaşayış şəraitini
yaxşılaşdırır, yeni imkanlar, yeni iş yerləri, yeni
müəssisələr açılır. Saatlı rayonunun inkişafı ilə bağlı müvafiq sərəncamlar verilmişdir,
vəsait ayrılmışdır. Yenə də vəsait
ayrılacaqdır ki, burada
işlər daha da
sürətlə getsin.
İndi Bakı ilə Saatlı
arasında olan yolun tikintisi başa
çatır. Yaxın həftələrdə artıq qalan hissə də tikiləcəkdir və
Saatlıdan Bakıya, digər bölgələrə rahat getmək mümkün
olacaqdır. Bu yol bilirəm ki,
sakinləri həmişə narahat edirdi və mən də dəfələrlə
bu yolu gəlmişəm
və görürəm ki, indi Sabirabada qədər
çəkilən yol bütün
standartlara cavab verir və artıq Saatlıya qədər qalan hissə də başa
çatmaq üzrədir. Kənd
yolları tikilir. Bu gün biz bir
kənd yolunun
açılışını qeyd etdik. Orada on
minlərlə insan yaşayır və
beləliklə, kənd yolları, magistral
yollar, digər infrastruktur
layihələri Saatlıda icra edilir.
Növbəti
mərhələdə su layihəsi icra ediləcəkdir. Bilirəm ki, buna da
böyük ehtiyac
vardır. Əvvəlki illərdə bir
neçə kənddə modul tipli təmizləyici qurğular
quraşdırılmışdır. Ancaq
Saatlı şəhərini davamlı içməli su ilə təmin etmək üçün
bu ilin sonuna
qədər işlər başlamalıdır. Hesab edirəm ki, bir il ərzində bu layihə də başa çatacaq və ondan sonra Saatlı şəhərini 24 saat keyfiyyətli içməli su ilə təmin etmək mümkün
olacaqdır. Bu, böyük
layihədir, böyük vəsait tələb
edən layihədir. Ancaq Azərbaycan
dövləti bunu edir
və edəcəkdir. Çünki su həyat, sağlamlıq deməkdir və təmiz
keyfiyyətli su sağlam
həyat deməkdir.
Olimpiya Kompleksi,
xəstəxana, içməli su layihəsi
- bütün bunlar sosialyönümlü layihələrdir,
insanların sağlamlığı üçün
icra edilir, vəsait
ayrılır. Dövlət İnvestisiya
Proqramında vəsait nəzərdə tutulur
ki, bölgələrdə sakinlər rahat yaşasınlar və bütün
işlər ən yüksək standartlarda
görülməlidir.
Saatlıda
qazlaşdırma layihəsi daha sürətlə
icra edilməlidir. Əfsuslar olsun ki, şəhər hələ
tam şəkildə
qazlaşdırılmayıb. Bu,
dözülməz bir haldır. İndi bizim əksər
şəhərlərimizdə qazlaşdırma yüz faiz təmin edilibdir. Tezliklə müvafiq
qurumlar Saatlıda qazlaşdırma işlərini
həll etməlidirlər. İlk növbədə,
şəhər tam şəkildə
qazlaşdırılmalıdır və Saatlının bütün kəndlərinə təbii qaz xətləri çəkilməlidir. Bu göstəriş verilmişdir
və hesab edirəm ki,
bu sözlərdən sonra
müvafiq qurumlar bu işə daha da böyük məsuliyyətlə
yanaşacaqlar, əsassız yubanmalara yol verilməyəcəkdir.
Beləliklə,
bütün infrastruktur
layihələrinin icrası nəticəsində tam yeni bir
dövr başlanacaqdır.
İnsanların rahatlığı, iş
yerlərinin yaradılması üçün
bütün lazımi addımlar
atılır. Dövlət İnvestisiya
Proqramında Saatlının inkişafı ilə
bağlı müvafiq göstərişlər
nəzərdə tutulubdur. Kənd təsərrüfatının
inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcəkdir. Mənə indi
verilən məlumata görə, sizdə məhsuldarlıq da, taxıl yığımı da çox yüksəkdir,
respublika üzrə olan
rəqəmdən qat-qat üstündür.
Çox gözəl göstəricidir. Kənd
təsərrüfatı, heyvandarlıq, digər sahələr
burada inkişaf etməlidir
və inkişaf edəcəkdir. Bununla paralel olaraq, bütün sosial infrastruktur layihələri
tam şəkildə öz
həllini tapmalıdır. Bu istiqamətdə
atılmış addımlar təqdirəlayiqdir, - xəstəxana,
Olimpiya Mərkəzi, yollar,
digər infrastruktur layihələri, - ancaq bununla bərabər,
məktəblərdə də çox
işlər görülməlidir. Saatlı rayonunda
qəzalı məktəblər hələ var
və onların da təmiri nəzərdə
tutulur.
Bir sözlə, hər rayon üzrə, o cümlədən
Saatlı üçün konkret
tədbirlər planı vardır. İkinci
Dövlət Regional İnkişaf
Proqramı bu ilin sonunda başa
çatır və üçüncü
proqram gələn il
qəbul ediləcəkdir. Bu günə qədər
həllini tapmayan məsələlər üçüncü Dövlət
Proqramına salınacaq və növbəti beş
il ərzində tamamilə öz həllini tapacaqdır.
Sizi
bir daha ürəkdən
salamlayıram, belə gözəl Olimpiya
Kompleksinin açılışı
münasibətilə bir daha
təbrik edirəm.
***
Rayon ictimaiyyətinin nümayəndələri
və idmançılar adından çıxış edən
Nərimankənd orta məktəbin məşqçi-müəllimi
Xəyal ƏHMƏDOV dedi:
- Möhtərəm cənab Prezident, Saatlıya xoş
gəlmisiniz. Sizi
idmançılarımız və bütün
ictimaiyyətimiz adından
ürəkdən salamlayıram. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur.
Ona görə ki,
xalqımızın böyük oğlu, əziz Prezidentimiz
bizimlə görüşə gəlibdir.
Sizin hər səfəriniz, hər
gəlişiniz Saatlının inkişafına yeni töhfələr deməkdir. Biz Sizin saatlılılara doğma və isti
münasibətinizin daim şahidi
olmuşuq. 2011-ci ildə Saatlıya səfəriniz
zamanı Sizdən xahiş etmişdik ki, rayonumuzda bir Olimpiya İdman Kompleksi tikilsin. Siz dərhal göstəriş verdiniz,
Saatlıda Olimpiya İdman
Kompleksi və Gənclər Mərkəzinin
tikintisi haqqında sərəncam imzaladınız. Bununla da bizə ikiqat sevinc bəxş etdiniz.
Bu gün
isə biz sevinc
içərisindəyik. Rayonumuzda bu möhtəşəm Olimpiya
İdman Kompleksinin
açılışında bizimlə birlikdə iştirak edirsiniz. Bu Sizin
ucalığınızın, insanların qayğıları
ilə yaşamağınızın, gənclərimizin sağlam gələcəyinə olan ali diqqətinizin bariz nümunəsidir.
Cənab Prezident, Siz bizim arzularımızı gerçəkləşdirdiniz.
Mən taekvondo üzrə məşqçi-müəllim
işləyirəm. Onlarla yetirməm taekvondo sənətini davam
etdirir. Biz söz veririk ki, bu möhtəşəm
kompleksdə yeni çempionlar
yetişdirəcəyik.
Bu möhtəşəm Olimpiya İdman Kompleksi gündən-günə
abadlaşan, müasir
görkəmdə yenidən qurulan
Saatlıya əlavə yaraşıq verir.
Sizin yüksək diqqət və
qayğınız sayəsində rayonumuzda
sosial obyektlər, körpülər tikilir, yollar, parklar salınır, yeni iş yerləri açılır, rayon sakinlərinin istək və arzuları
reallığa çevrilir. Doğma Azərbaycanımızın tərəqqisi
naminə gördüyünüz bu əzəmətli işlərlə biz fəxr edirik, Sizinlə
qürur duyuruq.
Əziz Prezidentimiz, indi Azərbaycan
idman ölkəsi kimi
tanınır. Ölkəmizdə Olimpiya
və idman hərəkatının
inkişafı da Sizin
adınızla bağlıdır. Hər dəfə
beynəlxalq yarışlarda
idmançılarımızın uğurlu
çıxışları nəticəsində dövlət
bayrağımız dalğalananda sevincdən
gözlərimiz yaşarır. 2015-ci ildə birinci
Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi isə ölkəmizin sürətli
inkişafının beynəlxalq aləmdə sabit, tərəqqipərvər bir dövlət kimi
özünə layiqli yer
tutmasının təsdiqidir. Buna görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Cənab Prezident,
birinci Avropa
Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi sayəsində
bu oyunların da
mötəbər bir tədbir kimi tarixə düşəcəyinə
inanırıq. Buna görə Sizə və
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü
bildiririk.
Möhtərəm
cənab Prezident, Saatlı gəncləri
və idmançıları Sizi əmin edir ki, bu
möhtəşəm kompleksdən -
bütün şəraiti olan, hər bir
avadanlıqla təchiz edilmiş bu kompleksdən səmərəli istifadə
edəcəyik. Mən idmançılarımız adından söz verirəm ki, bizim bütün qələbələrimiz,
gələcəyə inamımız Sizinlə
bağlıdır. Gənclərimiz öz
gələcəklərindən tam
arxayındırlar. Çünki bizim Sizin kimi
qüdrətli liderimiz vardır.
Xalqımız çox gözəl bilir ki, Siz
suveren Azərbaycanımızın, bugünkü firavan həyatımızın
qarantısınız. Bir daha
əmin ola bilərsiniz ki,
Sizin həyata keçirdiyiniz
bütün işlərdə
saatlılılar həmişə Sizinlədirlər, daim Sizinlə olacaqlar. Sizə
möhkəm cansağlığı, işlərinizdə uğurlar arzu edirəm, cənab
Prezident.
Prezident İlham
ƏLİYEV: Bizim
görüşlərimiz hələ çox
olacaqdır. Çünki Saatlıda
görüləsi işlər çoxdur.
Açılışlar da olacaqdır. Yeni obyektlərin
açılışlarında biz bərabər
olacağıq. Sizi əmin edirəm ki, gələcəkdə
də Saatlının
inkişafını daim diqqət mərkəzində
saxlayacağam və rayonun
inkişafı üçün bütün tədbirlər görüləcəkdir,
Saatlı inkişaf edəcək,
çiçəklənəcəkdir. Bir daha sizi təbrik edirəm.
***
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 2-3.