Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının
yeni binasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon
ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.
Mərasim
iştirakçılarını salamlayan
Prezident İlham
ƏLİYEV dedi:
- Kənardan
baxıram, çox gözəl bir abidə tikilmişdir
Ağcabədidə. Xəstəxana birinci
növbədə Ağcabədiyə, Qarabağ
torpağına layiqdir. Eyni
zamanda, Azərbaycan dövlətinin
qüdrətini göstərir.
Bu xəstəxana inkişaf etmiş ölkələrdə
olan xəstəxanalardan geri
qalmır. İndi nazir
məlumat verir ki, bütün şöbələr vardır.
Lazım olan bütün
tədbirlər görülübdür.
Ən müasir avadanlıq
quraşdırılıbdır. Doğum, cərrahiyyə, diaqnostika, dializ şöbələri, yəni tam şəkildə bütün
dünya standartlarına cavab
verən bir tibb mərkəzidir.
Çox şadam ki, qısa müddət ərzində belə
gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq
vətəndaşlara xidmət göstərəcəkdir.
Xidmət də yüksək səviyyədə
olmalıdır. Əminəm ki, belə də
olacaqdır. Həkimlərin peşəkarlığı, təcrübəsi
artır. Bu məqsədlə müxtəlif
tədbirlər görülür. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün proqramlar icra edilir.
Beynəlxalq təşkilatlar
da Azərbaycanda bu sahədə
aparılan işlərə yüksək qiymət verir. İslahatlar
aparılır. Dünya Səhiyyə Təşkilatı
Azərbaycanda bu sahədə görülən
işlərə çox yüksək
qiymət vermişdir. Bakıda bir müddət əvvəl keçirilmiş
beynəlxalq səhiyyə toplantılarında xüsusilə
vurğulanır ki, Azərbaycanda səhiyyədə
böyük irəliləyiş
vardır. Statistika da bunu göstərir ki, uşaq ölümü
azalır, insanların ömrünün uzunluğu artır.
Əlbəttə
ki, bölgələrdə belə gözəl,
möhtəşəm xəstəxanaların tikintisi
insanların sağlamlığına verilən böyük töhfədir. İndi
Bakıda müasir xəstəxanaların
tikintisinə biz artıq öyrəşmişik.
İndi Bakıda onlarla
tibb ocağı tikilib,
təmir edilibdir. Bölgələrdə də
səviyyə Bakıdakından aşağı
olmamalıdır. Bu gözəl, möhtəşəm
tibb ocağı onu
göstərir ki, bölgələrdə
də ən yüksək tibbi xidmət
göstərilməlidir. Çünki Azərbaycan
vətəndaşları sağlam
olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər.
Əlbəttə ki, diaqnostika
və xəstəliyin vaxtında müəyyən edilməsi
insanların sağlamlığı üçün
əsas şərtdir.
Bu məqsədlə
bölgələrdə diaqnostika mərkəzləri
tikilmişdir. Eyni zamanda, bununla paralel olaraq hər bir şəhərdə mərkəzi rayon xəstəxanaları tikilir
və yaxud da ki, əsaslı şəkildə təmir edilir. Hazırda deyə bilərəm ki, rayon mərkəzlərinin,
şəhərlərimizin mütləq əksəriyyətində
artıq gözəl tibbi xidmət
vardır. Bu proses davam edir. Son on il ərzində
Azərbaycanda 500-ə yaxın
tibb mərkəzi tikilmişdir. Böyük vəsait qoyulmuşdur.
Bundan sonra da qoyulacaqdır.
Çünki bir daha demək istəyirəm ki, insanların sağlamlığı üçün
diaqnostika və müalicə, əlbəttə,
əsas məsələdir.
Vaxt var idi bizim imkanlarımız yox idi. Amma
indi imkanlarımız vardır.
İmkanları da biz
lazım olan sahələrə yönəldirik.
"Neft kapitalını insan
kapitalına çevirmək" proqramı bax,
bu xəstəxananın timsalında özünü göstərir. Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Neft strategiyamız uğurla
icra edilir. Bütün gəlirlər Azərbaycan
xalqının rifah halının
yaxşılaşmasına, iqtisadiyyatımızın möhkəmlənməsinə,
ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə
yönəldilibdir. Məhz buna görə
Azərbaycan nadir ölkələrdəndir
ki, hətta dünyanı bürümüş
iqtisadi və maliyyə böhranı bizə
heç bir təsir
etməmişdir.
Böhran illərində iqtisadiyyat artmışdır, bu
il də artır. Xüsusilə qeyri-neft sektorumuz artır,
10 faizdən çox artım vardır. Böhran illərində maaşlar,
pensiyalar artırılır. İndi biz görürük
və mətbuatdan da izləyirik ki, bir neçə ölkədə
iqtisadi çətinliklər baş verir. Demək olar ki, ölkələr
müflisləşir, iş yerləri ixtisar edilir, maaşlar, pensiyalar kəsilir.
Bizdə isə vəziyyət tam
başqadır. Bizdə iqtisadiyyat
artır, dövlət investisiyaları artır, pensiyalar, maaşlar
artırılır, sosial infrastruktura,
belə gözəl xəstəxanaların tikintisinə vəsait
qoyulur və biz bundan sonra da
bunu edəcəyik.
Ağcabədi
rayonunun inkişafı üçün
bundan sonra da əməli tədbirlər görüləcəkdir.
Son illərdə Ağcabədidə böyük işlər görülmüşdür.
Bu xəstəxana bu
işlərin arasında xüsusi yer tutur. Digər layihələr
icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar,
kənd yolları çəkilir və bu
məqsədlə vəsait ayrılır. Növbəti
illərdə bu istiqamətdə işlər
davam etdiriləcək, bütün
infrastruktur layihələri tam şəkildə icra
ediləcək, o cümlədən
içməli su, qazlaşdırma layihələri,
kənd yollarının tikintisi davam etdiriləcəkdir.
İş yerlərinin
yaradılması ilə bağlı burada
yaxşı işlər gedir. Keçən
dəfə burada olarkən, südçülük müəssisəsinin
işi ilə tanış olmuşam.
Bu gün
heyvandarlıq fermasının işi ilə
tanış olacağam. Yəni iş yerlərinin açılması,
regionların inkişafı, sosial infrastrukturun yaradılması kompleks
şəkildə Azərbaycan dövlətinin
inkişafını müəyyən edir.
Bu inkişaf
dayanıqlıdır, davamlıdır, uğurludur
və gözəl nəticələr verir.
Qarabağ
torpağında belə gözəl xəstəxanaların tikintisi bir daha
qeyd etmək istəyirəm ki, ilk növbədə, insanlara dövlət tərəfindən
göstərilən qayğının təzahürüdür,
eyni zamanda, Azərbaycan
dövlətinin gücünü göstərir. Gün
gələcək, belə gözəl binalar,
xəstəxanalar hazırda işğal
altında olan torpaqlarda
tikiləcəkdir. Biz mütləq o torpaqlara
qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
və yenidən bütün şəhərləri
quracağıq, tikəcəyik. Əminəm ki,
"Böyük qayıdış"
proqramı qısa müddət ərzində icra
ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar,
məktəblər, iş yerləri
açılacaqdır. Hazırda işğaldan
azad olunmuş ərazilərdə,
xüsusilə Füzuli rayonunun
bir hissəsində görülən
işlər onu göstərir ki, biz bütün
bərpa işlərini qısa müddət ərzində
görə bilərik. Hazırda hər il
20 min köçkün
müasir evlərlə, mənzillərlə
təmin edilir. Yəni, demək olar ki, hər il biz bir
şəhər boyda qəsəbələr,
evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına.
Ona görə torpaqlar
işğaldan azad olunandan sonra qısa
müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal
altında olan torpaqlara
yeni həyat veriləcəkdir.
Bu xəstəxana isə rayon sakinlərinə xidmət edəcəkdir.
Arzum budur ki, rayon sakinləri ən
azı ildə bir dəfə buraya gəlib müayinədən keçsinlər.
Mən bu sözləri hər bir xəstəxananın
açılışında təkrar edirəm. Hesab edirəm
ki, buna ehtiyac vardır. İndi tibb elmi elə inkişaf edir ki, istənilən xəstəlik müalicə
oluna bilər, təki vaxtında aşkar olunsun. Əvvəllər
avadanlıq yox idi.
Ölkəmizdə cəmi bir dənə
kompyuter tomoqrafı, bir
neçə dializ aparatı var idi. İndi
isə hər bir tibb mərkəzində,
bölgələrdə, hər yerdə ən müasir
avadanlıq vardır. İldə bir dəfə,
çox yox, bir günü hər bir vətəndaş sərf etsin,
gəlsin burada öz
sağlamlığını yoxlatsın. Əgər problem varsa, müalicə
alsın, problem yoxdursa,
rahat yaşasın. İndi mövcud
olan dializ mərkəzlərində,
ondan sonra diaqnostika mərkəzlərində, mərkəzi
rayon xəstəxanalarında müalicə
alan insanlar
görürlər ki, doğrudan
da vaxtında müraciət edərkən
böyük problemlərin
qarşısı alına bilər. Statistika
da onu göstərir ki, müalicə alan vətəndaşlar
sağalırlar, dinamika da
müsbətdir. Əlbəttə ki, həkimlərin
peşəkarlığından da çox şey
asılıdır. Həkimlər də daim
öz biliklərini
artırmalıdırlar. Çünki müasir tibb elmi sürətlə inkişaf
edir.
Ağcabədidə
bundan sonra da işlər görüləcəkdir. Bütün infrastruktur
işləri görüləcəkdir ki,
burada insanlar rahat yaşasınlar.
Sizi bir daha ürəkdən salamlayıram, yenidən
doğma Qarabağ
torpağında olmağımdan çox
məmnunam. Sizə yeni uğurlar
arzulayıram. Arzu edirəm ki, xəstələnməyəsiniz, sağlam olasınız. Ancaq
buraya da müraciət
edəsiniz.
***
Azərbaycanda tibb sahəsinə, bütövlükdə
ölkə əhalisinin sağlamlığına göstərdiyi
diqqət və qayğısına görə dövlət
başçısına minnətdarlığını bildirən
həkim Nuranə QƏRİBOVA dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə verin, Sizi rayonumuzun
ictimaiyyəti, o cümlədən
Ağcabədi sakinləri adından salamlayım. Böyük məmnunluq hissi
ilə bildiririk ki, bu gün
açılışını etdiyiniz bu mərkəzi xəstəxana Sizin ağcabədililərə etdiyiniz növbəti hədiyyədir. Göstərdiyiniz
diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımızı
bildiririk.
Mən bir həkim kimi, bu gün ölkəmizdə
səhiyyənin inkişafını izləyirəm və əldə
olunan nailiyyətlərə hədsiz
sevinirəm. Bu gün
bu uğurların kökündə Sizin sosial siyasətinizin əsasını
təşkil edən insan amili,
insan sağlamlığı dayanır. Eyni zamanda, mətbuat xəbərləri ilə də
tanış oluram və görürəm
ki, son 10 ildə
ölkəmizdə müasir xəstəxanalar
açılmış, eyni zamanda, dərman təchizatı əhəmiyyətli
dərəcədə yaxşılaşmış, həkimlərimizin
peşəkarlığı artmışdır. Bu, bir faktdır ki, Azərbaycanda, ölkəmizdə onlarla xəstəxana, müalicə-diaqnostika
mərkəzləri tikilib istifadəyə
verilibdir. Elə bir
bölgəmiz yoxdur ki,
orada səhiyyə obyektləri tikilməsin
və ya yenidən qurulmasın. Bu, inanılmaz bir göstəricidir.
Bu gün
açılışını etdiyiniz bu mərkəzi xəstəxana bunun bariz nümunəsidir.
Bu xəstəxanada fəaliyyət
göstərən bütün həkimlər,
tibb işçiləri adından Sizə
dərin minnətdarlığımızı bildiririk
və bir daha Ağcabədiyə
"Xoş gəlmisiniz!" deyirik. Azərbaycanın bu
günü və sabahı daim Sizinlə olsun,
Tanrı Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Sağ
olun. Çox sağ olun.
Xəstəxana, əlbəttə, ilk növbədə pasiyentlər
üçündür. Amma həkimlərin də iş yeridir. Ona görə
də həkimlər üçün gözəl
iş yeri yaradılıbdır. Burada işləmək,
əlbəttə ki, hər bir həkim
üçün xoşdur.
Burada işləyən həkimlər
hamısı yerli sakinlərdir. Bakıdan da
gələ bilərlər,
əlbəttə. Belə gözəl
tibb mərkəzində
işləmək hər
kəs üçün
xoş olar. Əvvəllər bölgələrə o qədər də böyük həvəslə
gəlmirdilər. Çünki infrastruktur yox idi, problemlər var idi, gediş-gəliş
çətin idi.
Rayon xəstəxanalarımız
da yaxşı vəziyyətdə deyildi.
Amma indi belə xəstəxanada hər bir həkim böyük həvəslə
işləyə bilər.
Belə də olmalıdır.
Yəni ölkəmiz belə inkişaf etməlidir.
Yoxsa paytaxt inkişaf etsin, bölgələr geridə qalsın, bu, mümkün deyildir.
On ildir ki,
regional inkişaf proqramı
icra edilir.
Artıq
ikinci proqram başa çatır.
Bu on il ərzində
bölgələr canlandı.
Növbəti proqram da hazırlanır. O da
gələn il
qəbul ediləcəkdir,
beşillik proqram. Orada da bu günə
qədər görə
bilmədiyimiz işləri
nəzərə alacağıq.
Onlar da həll olunacaqdır.
Bütün şəhərlərdə bax, bu səviyyədə
xəstəxanalar olmalıdır.
Artıq buna az qalıbdır.
Ondan sonra poliklinikalar, tibb məntəqələri,
kənd məntəqələri,
hamısı. Dərman təchizatı
da yaxşıdır.
Şərait vardır, avadanlıq
vardır. Qalıb ki,
xidmət göstərilsin,
insanlara, xəstələrə
qayğı göstərilsin
və müalicə də yüksək səviyyədə olsun.
Bir daha təbrik edirəm, sizi.
SAKİNLƏR: Çox
sağ olun.
***
Sonra xatirə şəkli çəkdirildi.
***
Prezident İlham Əliyev Ağcabədi
Rayon Mərkəzi Xəstəxanasının
yeni binasının rəmzi açılışını
bildirən lenti kəsdi.
Səhiyyə
naziri Oqtay Şirəliyev
məlumat verdi ki,
dövlət başçısının 2010-cu il 30 mart tarixli
Sərəncamına əsasən, 205 çarpayılıq Mərkəzi
Rayon Xəstəxanasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tibb
ocağının tikintisinə 2011-ci ilin
mayında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Ümumi ərazisi
3,9 hektar olan xəstəxana
beş korpusdan və bir yoluxucu xəstəliklər
bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində
əməliyyat boksu, cərrahiyyə və
reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika
şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans
zalı, laboratoriya, camaşırxana, digər
yardımçı sahələr fəaliyyət göstərəcəkdir.
Xəstəxananın
müasir şəraitlə təmin edilməsi,
ilk növbədə, burada
tibbi müayinələrin və müalicə
işinin ən yüksək səviyyədə
təşkilinə və aparılmasına hərtərəfli
imkan verir. Bina bütün növ kommunikasiyalarla təchiz
edilmişdir. Tibb
ocağının ərazisində 19 min kvadratmetr sahəyə asfalt
döşənmiş, 11 min kvadratmetr yaşıllıq zolağı
salınmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 3.