Ağcabədidə
«Aqat-aqro» heyvandarlıq kompleksi
fəaliyyətə başlamışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Ağcabədidə "Aqat-aqro"
heyvandarlıq kompleksinin
açılışında iştirak etmişdir.
Məlumat verildi ki, "Aqat-aqro" heyvandarlıq kompleksi
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir.
Ağcabədi rayonunun Ağabəyli kəndində
yaradılan kompleksin ümumi
sahəsi 50 hektardır. Kompleks üç min
başlıq iribuynuzlu heyvandarlıq və
iki min başlıq keçi təsərrüfatından ibarətdir.
Ümumi dəyəri 21 milyon
manat olan iribuynuzlu heyvandarlıq kompleksinin
yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon
manat, dəyəri 5 milyon manat
olan keçi təsərrüfatının
yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit
verilmişdir. İribuynuzlu
heyvandarlıq kompleksi müasir
ferma avadanlığı - avtomatik
yönləndirmə və yemləmə sistemləri, birdəfəyə
40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma
sistemləri və s. ilə təchiz
edilmişdir.
Prezident İlham
Əliyev inəklərin sağım prosesini
izlədi.
Qeyd olundu
ki, kompleksə hər biri
gündəlik 25 litrdən çox
südvermə qabiliyyətinə malik 1500
baş "Holstein Friesian" cinsindən olan
inəklər gətirilmişdir. İndi
heyvanların sayı 2600 başa
çatdırılmışdır. Payız aylarında əlavə
600 baş cins
damazlıq heyvanın gətirilməsi nəzərdə tutulmuşdur. Bir neçə
ildən sonra heyvanların baş
sayı 10 minə çatdırılacaqdır. Kompleksdə illik 22,8 min ton süd istehsalı nəzərdə
tutulur ki, bu da illik
emal gücü 90 min ton olan
"Atena" süd
emalı zavodunun xammala
tələbatının təmin edilməsinə imkan verəcəkdir.
Müəssisənin
hazır məhsullarına baxan Prezident İlham
Əliyevin diqqətinə çatdırıldı ki, gələcəkdə "Atena"
zavodu Fransanın "Danone"
şirkəti ilə birgə süd məhsulları
istehsal edəcəkdir. Həmin məhsulların
xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Elektromobillə
müəssisənin ərazisini gəzən dövlət
başçısına keçi təsərrüfatı
barədə də məlumat verildi. Bildirildi ki, 8 ferma, sağım və yem
sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq
keçi təsərrüfatında
artıq 6 ferma istifadəyə verilmişdir.
Hollandiyadan məhsuldarlığı
və südünün keyfiyyətinə
görə ən yüksək göstəricilərə malik "SAANEN" cinsindən olan
1000 baş keçi
alınmış və yaxın günlərdə təsərrüfata
gətiriləcəkdir. İlin sonunadək
əlavə 2 min baş
cins damazlıq keçi
də alınacaqdır.
Yerli iqlimə asanlıqla uyğunlaşan,
diri çəkisi 50-55 kiloqram,
südünün
yağlılığı 3-3,5 faiz və
südvermə dövrü 300 gün olan bu
keçilərdən gündəlik 3-4 litr
süd sağılır. Tərkibinə
görə ana südünə ən
yaxın olan keçi
südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya
riski olmaması, qastrit,
mədə-bağırsaq xəstəliklərinə
qarşı müalicəvi effekti
olması keçi südünün
əsas üstünlüklərindən sayılır.
Qeyd edildi
ki, heyvandarlıq kompleksində 95 nəfər
daimi iş yeri ilə təmin olunmuşdur.
Keçi təsərrüfatında isə
60 nəfər daimi işçi
çalışacaqdır. Təsərrüfat tam istifadəyə verildikdən sonra isə işçilərin sayının
100-dək artırılacağı nəzərdə tutulur.
Bildirildi ki,
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Ağcabədi rayonu üzrə 534 sahibkara
28,8 milyon manat güzəştli
kredit verilmişdir. Bu kreditlər hesabına 2010 yeni
iş yerinin
yaradılacağı nəzərdə tutulur.
Azərbaycan
Prezidentinə Ağcabədi və Beyləqan
rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının
əvvəlki və hazırkı vəziyyətini əks
etdirən stendlər də təqdim olundu.
Sahibkarlığa
Kömək Milli Fondunun
icraçı direktoru Şirzad
Abdullayev məlumat verdi
ki, dövlət
başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi
və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində
özəl pilot taxılçılıq
təsərrüfatı yaradılmışdır. Təsərrüfatda
dövlət investisiyaları hesabına su
və enerji təminatı yaratmaq
məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr
yüksəkgərginlikli elektrik xətləri
çəkilmiş, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə
müsabiqə yolu ilə icarəyə verilmişdir. Həyata keçirilən
layihənin ümumi dəyəri 27,6 milyon manatdır. Bunun 17,6 milyon manatı sahibkarın vəsaiti, 10 milyon manat isə dövlətin
güzəştli krediti təşkil edir. Təsərrüfatda ABŞ-ın "John Deere" şirkətinin
müasir texnika və
aqreqatları, kombaynları ilə təchiz olunan
özəl "Aqroservis"
yaradılmışdır və 30 min tonluq taxıl anbarının tikintisi
başa çatmaq
üzrədir. Layihə çərçivəsində 1000
başlıq müasir heyvandarlıq kompleksi və bitki
yağları zavodu tikiləcəkdir.
Ərazidə ABŞ-in "Lindsay" şirkətinin istehsalı olan 47 süni
yağışyağdırma sistemləri - pivot
quraşdırılmışdır. Bu da orta məhsuldarlığın
2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə,
torpağın şoranlaşması və eroziyaya
uğramasının qarşısının alınmasına
və münbitliyinin
artırılmasına şərait yaradır. Yüksək
reproduksiyalı toxumlardan və yeni intensiv əkin
metodlarından istifadə etməklə 1875 hektarda
əkilmiş buğda sahələrində
biçin başa
çatmış və yüksək məhsuldarlıq - hər
hektardan 55 sentnerədək məhsul əldə
olunmuşdur. Bundan başqa, 2000 hektar sahədə
yazlıq qarğıdalı, sınaq məqsədilə isə
20 hektar günəbaxan və 5,3 hektar soya əkilmişdir.
Ərazidə payızlıq səpinə hazırlıq
işlərinə başlanılmışdır. Növbəti
mərhələlərdə bütövlükdə
taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min
hektar sahə əkin dövriyyəsinə
cəlb ediləcəkdir. Layihənin həyata keçirilməsi
nəticəsində 400-dək yeni iş yerinin
yaradılması nəzərdə tutulmuşdur.
Hazırda 150-dək yerli sakin,
o cümlədən ətraf ərazilərdə
məskunlaşmış məcburi köçkün
daimi iş yeri ilə təmin olunmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 5.