Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri
tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdur
Avqustun 30-da Milli
Təhlükəsizlik Nazirliyinin mədəniyyət
mərkəzində Qubadlı rayonunun erməni
hərbi birləşmələri tərəfindən
işğalının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki,
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq humanitar
təşkilatların nümayəndələri və
Qubadlı ziyalılarının iştirak
etdikləri mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur. Sonra "Yol gedir...Qubadlıya" sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə
çıxış edən Qubadlı Rayon
İcra Hakimiyyətinin
başçısı Malik İsaqov qeyd etmişdir ki, 1993-cü il avqustun 31-də
Qubadlının erməni hərbi birləşmələri tərəfindən
işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana
qarşı başladığı təcavüzkar müharibənin
tərkib hissəsidir.
İşğalçı dövlətin hərbi
təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
elə ilk günlərindən Qubadlı
təcavüzkar Ermənistanın
hədəfinə çevrilmişdi.
İşğalçılara qarşı döyüşlərdə
rayonun müdafiəçiləri böyük şücaət göstərmişlər.
Bu ədalətsiz müharibədə 238
qubadlılı şəhid olmuş,
döyüşlərdə xüsusilə fərqlənən
10 nəfər Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
M.İsaqov bildirmişdir
ki, rayonun sakinləri
yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi
Sumqayıt şəhərində, eləcə də
respublikanın 42 şəhər və rayonunda
heç bir şəraiti
olmayan binalarda məskunlaşmışdılar.
Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi
problemlərlə üzləşən rayon
əhalisinə ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı bu insanların həyat
şəraitinə müsbət təsir göstərmişdir.
Qeyd olunmuşdur
ki, bu gün
Azərbaycan Prezidenti İlham
Əliyev ümummilli lider
Heydər Əliyevin qaçqın və məcburi
köçkünlərlə bağlı siyasətini
yüksək səviyyədə davam etdirir. Dövlət
başçısının doqquz il əvvəl təsdiqlədiyi
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilən tədbirlər
nəticəsində qaçqın və
məcburi köçkünlərin həyat şəraiti əsaslı
surətdə yaxşılaşdırılmışdır.
Ötən illər ərzində qaçqın və məcburi
köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə
bağlı davamlı iş
aparılmışdır.
M.İsaqov demişdir
ki, köçkünlük
illərində əsas məsələlərdən biri rayonun təhsil ənənələrinin
qorunub saxlanması olmuşdur.
Bu məqsədlə Qubadlı sakinlərinin
daha sıx məskunlaşdığı
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun ərazisində
rayon təhsil şəbəkəsinin müasir tələblərə cavab verən maddi
bazası yaradılmışdır. Bu illər
ərzində 10 yeni məktəb
binası inşa olunmuş,
22 məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Hər il məktəblərimizin 120-130 məzunu
müxtəlif ali təhsil müəssisələrinə
qəbul olunur. Xaricdə təhsil alan, Prezident təqaüdünə layiq görülənlər də az deyildir.
M.İsaqov
çıxışını bu sözlərlə
yekunlaşdırmışdır: "Ata-baba
yurdlarına dönməkdə israrlı olan
köçkün soydaşlarımız
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin prinsipial mövqeyini
birmənalı şəkildə dəstəkləyir və
müdafiə edirlər".
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov tədbirdə çıxış edərək
bildirmişdir ki, Azərbaycanda
qaçqın və məcburi köçkünlərin ümumi sayı 1 milyon 200
min nəfərdir. Ermənistanın Azərbaycana
vurduğu ziyanın həcmi də dəqiqləşdirilmişdir.
Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının
araşdırmaları nəticəsində bunun
300 milyard dollardan çox olduğu müəyyənləşdirilmişdir.
Baş nazirin
müavini demişdir:
"İşğal edilmiş
rayonların əhalisi ötən iyirmi
ildə öz ləyaqətlərini qoruyub saxlamışdır. Bu,
asan məsələ deyildir.
Çətin və dözülməz həyat şəraitində
belə öz ləyaqətini, qürurunu və mənliyini uca
tutmaq yalnız Azərbaycan xalqına məxsus
xüsusiyyətdir. Təbii ki, belə bir xalqın gələcəyi çox
yaxşı olmalıdır. Azərbaycan Prezidenti
İlham Əliyev onlar
üçün bu gələcəyi
təmin etmişdir. Azərbaycan xalqı öz Prezidentinə inanır. Bu
gün dövlət
başçısı xalqı üçün
əlindən gələn hər şeyi edir. Azərbaycanın qaçqın və məcburi
köçkünləri üçün
yaradılan şəraitin dünyanın heç
bir yerində analoqu yoxdur. Bu gün
dünyanın bütün münaqişə
zonalarında ən yaxşı təmin olunan
Azərbaycan qaçqın və məcburi
köçkünləridir. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da öz çıxışlarında dəfələrlə
bəyan etmişdir. Bu
istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir".
Ə.Həsənov
məlumat vermişdir ki,
ilin sonunadək məcburi
köçkünlər üçün
tikilən qəsəbələrin sayı 82-yə,
köçürülən əhalinin sayı isə 180 min nəfərə və 35 min
ailəyə çatdırılacaqdır. Bu
işlərin 90 faizindən çoxu son 10 il ərzində həyata
keçirilmişdir. O, əminliklə vurğulamışdır
ki, dövlət başçısı Azərbaycanı
bütün dünyanın maraq mərkəzinə çevirə bilibsə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin
də həllinə nail olacaqdır.
Baş nazirin
müavini çətin vaxtlarda
Azərbaycan xalqı ilə birlikdə olduqlarına, köməklərini
əsirgəmədiklərinə görə beynəlxalq humanitar təşkilatların nümayəndələrinə
minnətdarlığını bildirmişdir
Tədbirdə ölkəmizdə bütün
istiqamətlərdə, o cümlədən
ordu quruculuğu sahəsində
qazanılmış uğurlardan da söz
açılmışdır. Çıxışlarda belə
bir əminlik ifadə olunmuşdur
ki, Azərbaycanın güclü,
qüdrətli ordusu ölkəmizin ərazi
bütövlüyünü təmin etməyə qadirdir
və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Bütün
məcburi köçkünlər kimi,
Qubadlı sakinləri də doğma
yurdlarına qayıdacaqlar.
Anma mərasimi "Uzun sürməz bu həsrət"
ədəbi-bədii kompozisiyası ilə başa
çatmışdır.
Tədbir
iştirakçıları, həmçinin mədəniyyət mərkəzinin
foyesində Qubadlı rayonunun işğaldan əvvəlki və sonrakı dövrünü əks etdirən fotostendə
də baxmışlar.
Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.