Azərbaycan və
ABŞ arasında hərbi sahədə əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur
Avqustun 30-da Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı, general-mayor Mayls Dirinq ilə görüşmüşdür.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
nazir S.Əbiyev son illər
əməkdaşlığın müxtəlif istiqamətləri
üzrə hər iki ölkənin əldə
etdiyi müsbət nəticələrdən
danışmışdır. Nazir bu kontekstdə ABŞ-ın Oklahoma Ştatının Milli
Qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri
arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu
ifadə edərək mövcud geniş imkanların bu
münasibətləri daha da
inkişaf etdirməyə əlverişli
şərait yaratdığını bildirmişdir.
S.Əbiyev
uğurları vurğulamaqla
yanaşı, sıx əməkdaşlıq məsələlərinin
qurulmasında "Azadlığı müdafiə
aktı"na 907-ci düzəlişin göstərdiyi bəzi
maneələri də qonağın diqqətinə
çatdırmışdır. Nazir qeyd etmişdir ki, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə
baxmayaraq, tərəfdaşlığın
dərinləşdirilməsi və inkişaf
etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.
Müdafiə
nazirinin fikirləri ilə
razılaşdığını səsləndirən Milli Qvardiyanın komandanı, general
M.Dirinq Azərbaycanı Amerika
Birləşmiş Ştatlarının yaxın dostu kimi dəyərləndirərək
respublikamızın dünyada strateji ölkəyə çevrildiyini
də qeyd etmişdir. Qonaq
Azərbaycan Silahlı Qüvvələrinin
Əfqanıstandakı sülhyaratma
missiyasına verdiyi böyük
töhfələrə görə S.Əbiyevə öz dərin təşəkkürünü
bildirmişdir.
Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.