Mədəniyyət və turizm naziri Qobustanda vətəndaşları qəbul etmişdir

 

Avqustun 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustandakı Gənclər Mərkəzində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Oğuz, Qəbələ və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunda nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak etmişlər.

Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləmiş, onların müraciət, təklif və şikayətlərinin operativ həlli istiqamətində müvafiq göstərişlər vermişdir.

Qəbula gələnlər tarix və mədəniyyət abidələrinin təmir və bərpası, turizm potensialı yüksək olan rayonlarda bir sıra tarixi abidələrdə arxeoloji tədqiqatların aparılmasının zəruriliyi barədə müraciət etmişlər. Qobustandakı "Diri baba" türbəsinin, XVII əsrə aid edilən Karvansarayın, Göyçaydakı "Yeraltı hamam"ın və s. təmirinin və bərpasının, Kürdəmirin Ərəbqubalı kəndi ərazisindəki şəhərgahın öyrənilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Müraciət və təkliflər, həmçinin Qəbələdəki "Gülüstan" folklor kollektivinə rəsmi statusun verilməsi, Qaraməryəm-İncə kənd ərazisində uşaq musiqi məktəbinin filialının açılması, Ağsuda mədəniyyət sahəsi üzrə ixtisaslı kadrlarla təminat və digər məsələlərlə əlaqədar olmuşdur.

Qəbul zamanı bir sıra müraciət və təkliflər yerindəcə öz həllini tapmış, bəziləri isə operativ surətdə araşdırılaraq həll olunması üçün qeydiyyata götürülmüşdür.

Qəbul çərçivəsində jurnalistlərə müsahibə verən nazir Əbülfəs Qarayev vətəndaşların Azərbaycan mədəniyyətinə, onun gələcəyinə nikbin baxışlarından, bu sahəyə ciddi maraq göstərmələrindən bəhs etmiş, onların ali təhsilli peşəkar kadrların çatışmazlığı ilə bağlı narahatlıqlarının diqqətdə saxlanılmalı, həlli vacib məsələ olduğunu bildirmişdir.

Nazir müsahibəsində avqustun 24-dən 29-dək Afrikanın ZambiyaZinbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən Dünya Turizm Təşkilatının 20-ci Baş Assambleyasında ölkəmizin ən çox səs toplayaraq qurumun icraiyyə Şurasına üzv qəbul olunduğunu diqqətə çatdırmışdır. Həmçinin vurğulamışdır ki, sessiyada Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakıda keçirilməsinə dair qərar qəbul olunmuşdur.

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.