Səhiyyə naziri Şəkidə şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Avqustun 30-da səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən uşaqlarda ürək cərrahiyə əməliyyatının keçirilməsi, böyrək köçürülməsi, işə qəbul, habelə yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə almalarına kömək göstərilməsi ilə bağlı müraciət etmişlər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlər həll edilməsi üçün qeydiyyata alınmışdır.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən qəbulları yüksək qiymətləndirmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.