Nərgizlərin gözü yolda qalanda...

 

Ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadırlar. Məqsəd ermənilərin Qarabağa XIX əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, onların guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Ermənistan Ekspedisiya, ArxeologiyaEtnoqrafiya İnstitutunun bir qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisinə, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onlar  Şahbulaq yaylaqlarında tikintisi 1751-1752-ci illərdə başa çatanQarabağ xanlarının iqamətgahı olan Qıfıl xan sarayı kompleksi ərazisində qazıntı işlərini hələ də davam etdirməkdədirlər.

 

 

Babaların yazdığı tarix

 

Eyni acıları illərdir bu əraziləri qarış-qarış gəzən, tədqiq edən AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Təvəkkül Əliyev də bizimlə bölüşür: "Onlar daha çox Qafqaz Albaniyasına aid xristian abidələrini erməniləşdirməyə səy göstərirlər. Petrosyanın məntiqinə görə, harada xaçkar varsa, orada erməni yaşayış məskəni olub. Görünür, onun Qobustanda MezolitTunc dövrlərinə aid xaç işarəli daşlardan xəbəri yoxdur. Yoxsa buranı da "qədim erməni məskəni" elan edərdi.  Petrosyan Ermənistan əhalisinin və Qarabağın sadəlövh erməni sakinlərinin milli ruhunu daim tarıma çəkir. Şuşaonun ətrafında ilk dəfə olaraq Tunc dövrünə aid kurqanlar aşkar edilib. Sadəlövh erməni camaatı haradan bilsin ki, hələ 117 il bundan əvvəl Şuşa real məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler həmin abidələrdə tədqiqatlar aparıb, əsərlər yazıb".

Keçmiş Hadrut (indiki Xocavənd) rayonunun Bünyadlı kəndi ərazisindəki orta əsr türk qəbiristanlığındakı qəbirlərin başdaşları sındırılıb, buradakı günbəzvari türbənin üzərindəki ərəb qrafikalı yazını daş zərbələri ilə zədələyərək erməni əlifbasından bir neçə hərf həkk ediblər. Təvəkkül müəllim deyir ki, erməni vandalları bu gün də Qarabağın tarix və memarlıq abidələrinin üzərinə xaç işarələri çəkməklə məşğuldurlar. Azərbaycanın işğal olunmuş rayonlarının diyarşünaslıq muzeylərindən, eləcə də azərbaycanlı evlərindən qarət etdikləri minlərlə qədim xalçanı "erməni xalqının sənət əsəri" adı ilə xarici ölkələrdə satır, Qarabağın yüzlərlə alban-xristian abidələrinin üzərinə "erməni" möhürü vururlar, Xocalıdakı müsəlman qəbiristanlığını və XVI əsrə aid məqbərəni dağıdıb daşlarını Qarqar çayına tökürlər. Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu üzdəniraq erməni alimləri "bilməsə" də, burada yaşayan erməni camaatı çox gözəl bilir. Əslində bu yalan məlumatları yaymaqda maraqlı olan erməni lobbisidir. Erməni lobbisi bu işə böyük miqdarda vəsait qoyur. İstəyirlər ki, elmə yeni qondarma iddialar daxil etsinlər. Bu yalana "həqiqət" donu geydirməyə çalışan "alimlər"in hər birinə günlük üçün 1.000 dollar verirdilər. Məqsəd bir qrup xarici aliminburaya gələrək səs-küy və süni görüntü yaratmasıdır.

Bu mənada AMEA-nın Coğrafiya İnstitutunun son dövrlər açıqladığı bəzi faktlar hər birimizi narahat etməklə yanaşı, düşündürməlidir: Artıq ermənilər Azərbaycan ərazilərindəki 277 coğrafi adı erməniləşdirib və bu sahədə "fəaliyyət"i getdikcə artırmaqdadırlar. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanda arxeoloji ekspedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədi ilə 2008-ci il 5 fevralda imzaladığı sərəncamın böyük əhəmiyyəti var. Artıq demək olar ki, ölkəmizin bütün bölgələrində intensiv elmi-tədqiqat işləri aparılır, xalqımızın tarixi keçmişinin öyrənilməsində mühüm addımlar atılır. Xüsusilə ölkə başçısının 2012-ci il aprelin 14-də Tovuz rayonunda olarkən Göytəpə Neolit dövrü arxeoloji abidəsinə baş çəkməsi, həmin ərazi ilə tanışlığı da dediklərimizə əsas verir.

 

 

Qaraca Çobanın qəbri, sapand daşları və nərgizlər...

 

 

 

Qarabağın elmi ictimaiyyətə çoxdan bəlli olan arxeoloji abidələrindən biri də Xocavənd rayonundakı Nərgiztəpə yaşayış məskənidir. Onun haqqında ilk dəfə XX əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan görkəmli alim A.A.İessen məlumat verərək orada aşkarlanan Orta Tunc dövrünə və Antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiztəpəni çoxtəbəqəli abidə kimi qeyd edibdir. Ümumiyyətlə, bu tipli abidələrə dünya arxeologiyasında ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu, ilkin şəhər mədəniyyətinin formalaşdığı bir dövrü əks etdirən maddi mədəniyyət nümunələri kimi baxılır.

Bu mənada Nərgiztəpə və onun ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinə məxsus yurd yerləri olduğunu təsdiq edir. Yerli əhali arasında yayılan rəvayətə görə, "Kitabi- Dədə Qorqud" dastanında təsvir olunan hadisələrin bəziləri, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu ərazilərdə baş verib, burada tez-tez rast gəlinən iri daşlar isə Qaraca Çobanın "sapand daşları", yaxud "daşa dönmüş qoyunlar"ıdır. Əhalinin inamına görə, Qaraca Çobanın qəbri də buradadır. Dastanda Qazan xan "Qaraçuğun qaplanı" adlandırılır. Nərgiztəpə yaxınlığındakı Qarabağ dağ silsiləsinə məxsus yüksəkliklərdən birinin də adı məhz Qaracuğdur. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində çəkilən xəritələrdə də bu dağın adına təsadüf edilir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Arif Əliyev qeyd edir ki. Nərgiztəpə abidəsi dövlət qeydiyyatındadır və onun öyrənilməsi üçün Xocavənd RİH-in müraciətindən sonra AMEA-nın müvafiq institutları ilə əlaqə saxlamışıq və artıq orda ilkin tədqiqat işlərinə başlanılıb. Qədim yaşayış məskənlərindən biri olan Nərgiztəpə  o qədər də böyük olmayan bir sahəni  əhatə edir. Onu da xatırladım ki, bu tarixi məkan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın nəzarətində olan hissəsində yerləşir. Qarabağ, xüsusən də onun dağlıq hissəsində yerləşən istənilən tarixi abidə, qədim insan məskəni kimi Nərgiztəpə də böyük tarixi-arxeoloji əhəmiyyətə malikdir. Aparılmış araşdırmalar zamanı burada qədim mədəniyyət nümunələri aşkar olunub.

Nərgiztəpə erməni ordusunun mövqelərinə kifayət qədər yaxın bir ərazidə yerləşir. Bu qonşuluq tarixi məkanı təhlükə altında qoyur, belə ki, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində xüsusilə də yay aylarında törətdiyi yanğınlar bizim nəzarətimizdə olan əraziyə də keçərək buralara ziyan vurmaqdadır. 2006-cı ildə ermənilər tərəfindən törədilmiş bu yanğınlardan biri Nərgiztəpə ərazisinə də keçmişdi və buradakı qədim qəbirlər bu yanğından zədələnmişdi.

Ermənilərin işğal olunmuş ərazilərimizdə aktiv "arxeoloji tədqiqatlar və axtarışlarla" məşğul olduğunu deyən Arif müəllim Nərgiztəpədə hərtərəfli arxeoloji tədqiqatların aparılmasına böyük ehtiyac olduğunu bildirir. Nərgiztəpənin tarixi əhəmiyyəti ilə yanaşı, həm də böyük siyasi-ideoloji əhəmiyyəti var. Onu deyə bilərik ki, əhalimizin böyük hissəsi keçmiş Qarabağın bu hissəsinin Azərbaycan Ordusunun nəzarətində olduğunu bilmir. Məqsədimiz həmin abidəni gələcəkdə arxeoparka çevirmək, turist marşrutuna daxil etməkdir. Bununla əlaqədar müəyyən işlərin görüldüyünü deyən Arif müəllim gələcəkdə Türkiyədəki kimi, bu ərazidə də Qaraca Çobanla, ümumən Dədə Qorqudla bağlı bayram tədbirlərinin, elmi konfransların keçirilməsini məqsədəuyğun hesab edir.

 

"Qaracuğun aslanı... Salur Qazan"

 

 

Adı Nərgiztəpə ilə sıx bağlı olan "Kitabi-Dədə Qorqud" qəhrəmanlarından Qaraca Çoban, dastanda deyildiyi kimi, böyük bir ağacı yerindən qopara biləcək  gücə malikdir: "Çobanın üçyaşar dana dərisindən sapanının ayasıydı; üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yıladaq daşı düşdügi yerin otı bitməzdi. Semiz qoyun, aruq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın qorqusından"...

 

"Salur Qazanın evi yağmalandığı boy"da o, düşmənə qarşı vuruşur, qardaşları Qabangüc və Dəmirgüc həlak olur, özü isə üç yerdən yaralanır. Yolda Qaraca Çobanla rastlaşan Salur Qazan fikirləşir ki, mən çobanla getməli olsam, Qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər.  Qazan "Çobanı bir ağaca sara-sara möhkəm bağladı, eyləndi, yüriyü verdi. ...Qazan baqdı gördi, çoban ağacı arqasına almış gəlür. Qazan aydır: "Mərə çoban, bu ağac nə ağacdır?" Çoban aydır: "Ağam Qazan, bu ağacol ağacdır kim, sən kafiri basarsan, qarnın acığar, mən sana bu ağacla yemək bişürərin", - dedi". Qaraca Çoban əsl igid, qüvvətli qəhrəmandır və xalqın yaddaşında, xüsusilə yerli əhalinin qəlbində ən əziz, doğma bir insan kimi anılmaqdadır.  Yazının müəllifi olaraq qeyd etməliyəm ki, atamın adı Qaracadır və bu da özlüyündə gözlərini bu dağda-daşda dünyaya açan insanların min illərə söykənən yaddaşından xəbər verir. Özü də Qarabağın bu ağır günlərində: "Təsadüfi deyil ki, Xocavənd batalyonu müqəddəslərin uyuduğu bu torpaq üçün neçə-neçə şəhid verdi və Nərgiztəpəni düşməndən qoruya bildi. Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yığdı, ikisin atanda üçin-dördin yıqdı. Kafirlərin gözinə qorxu düşdi. Qaracuq Çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar".

Dastanda adı tez-tez xatırlanan Qaracuq dağı da Nərgiztəpə yaxınlığındadır. II boyda Bayındır xan "Amid soyunun aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, Xan Uruzun babası...", - deyə xatırlanır. Qaracuğun coğrafi koordinatı barədə fikirlər müxtəlifdir. Türk müəllifi Ziya Göyalp Qaracuğun Diyarbəkrin qərbindən cənubdakı Qaraca dağ olduğunu qeyd edir. Onu da bildirir ki, Qaracuq adlı dağ Mosul yaxınlığında da vardır. Bu dağlar Türkmənistanda olan Qaracuq dağına bənzədiklərinə görə xalq xatirəsində yaşatmaq üçün bu dağa Qaracuq dağı adını vermişdir.

Ancaq Xorasan vilayətində, "Kuşanlar yurdu Bəlxdə" də Qaracuq (Qaracıq) dağı vardır. Bu, M.Kaşğarlının "dairəvi cahan xəritəsi"ndə Xəzər dənizinin şərqində "məkani-kıfcak", "Bilad ül-Quzey" (Oğuz ölkəsi şəhərləri) arasında "Cebel-i Qaracuq" adı ilə göstərilmişdir.

H.Araslı yazır: "Qaracuq Cənubi Azərbaycanda Qaradağ mahalı ərazisində yaylaqdır". Eyniadlı dağın qədim Naxçıvan ərazisində və Qarabağın Xocavənd bölgəsində də olduğu göstərilir. Azərbaycanda Kiçik Qafqaz sıra dağlarının Mil düzünə sarı uzanan hissəsi "Qaracuq Çoban dağı" adlanır.

Tanınmış alimlərdən Şamil Cəmşidov isə "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının yaşayış yerləri haqqında" araşdırmalarında Qaracuq (Qaraca) Çobanın adını Qarabağda olan Qaracuq dağı, onun yaxınlığındakı Nərgiztəpə abidəsilə əlaqələndirir. "Kitabi-Dədə Qorqud" boylarındakı cəmiyyətin zaman və məkanı haqqında danışarkən daha çox bu ərazilərə əsaslanmaq lazımdır. II boyda deyilr: "Qalın Oğuzun dövləti, qalmış yigid arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlı ban evlərin qara yerin üzərinə dikdirmişdi". Yaxud da: "Məgər, sultanım, Dəli Qarcar dəxi ban evini, otağını qara yerin üzərinə qurdurmuş idi", - deyilərkən, yəqin ki, elə Qarabağ nəzərdə tutulurdu.

 

 

(ardı var)

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 10.