Bakıda
ASAIF-ın XI Yay Forumu
işə başlamışdır
Avqustun 30-da "Fairmont
Baku" otelində
Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) "Bizim forum, bizim seçim,
bizim Azərbaycan" devizi
altında XI Yay
Forumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, forumun açılış mərasimində
dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşları,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
KİV nümayəndələri
iştirak etmişlər.
Əvvəlcə ASAIF-ın yaranma
tarixindən bəhs edən videoçarx təqdim
olunmuşdur.
Tədbirdə ASAIF-ın sədri Ramin Həkimov bildirmişdir ki,
üçgünlük tədbirin məqsədi xarici ölkələrdə
təhsil alan gənclərin şəbəkələşmə
prosesini gücləndirmək, ortaq azərbaycançılıq
dəyərləri ətrafında birləşərək
respublikamızın xaricdə təbliğinin daha səmərəli
təşkilində, informasiya mübadiləsində, təbliğat
işinin interaktiv qurulmasında gənclərimizə kömək
etməkdir.
ASAIF-ın
sədri diqqətə çatdırmışdır ki, Prezident İlham
Əliyevin 2011-ci il 7 iyul
tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramı çərçivəsində
Azərbaycan hökuməti tərəfindən dəstəklənən
və artıq ənənə halını almış forumda dünyanın 45 ölkəsində təhsil
alan 600-ə yaxın azərbaycanlı gənc
iştirak edir. Builki forumun əsas yeniliklərindən biri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" əsasında xaricdə
təhsil alan gənclərin seçim prosesindən keçmədən birbaşa tədbirə dəvət
olunmasıdır.
Forum iştirakçılarını
salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilə,
gənclərə göstərilən qayğıdan və bu
sahədə ASAIF-ın gördüyü işlərdən
danışmışdır.
M.Cabbarov
vurğulamışdır ki,
respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı
ilə 100 nəfər xaricə oxumağa
göndərilmişdir. Lakin sonradan onların çoxunun
taleyi bəlli olmamışdır. Xaricdə
təhsillə bağlı ikinci dalğa isə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə onun Azərbaycanda birinci
dəfə hakimiyyətdə olduğu
1969-1982-ci illəri əhatə etmişdir.
Yüzlərlə azərbaycanlı gənc keçmiş
Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almaq üçün
göndərilmişdir. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən nazir demişdir ki, hazırda 10 mindən artıq azərbaycanlı gənc
dünyanın müxtəlif ölkələrində təhsil
alır və onların sayı ildən-ilə artır.
M.Cabbarov bildirmişdir
ki, gənclərimizin xarici
ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları
Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə
və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş
gənclərlə işlərin bundan sonra daha da
genişləndiriləcəyini diqqətə
çatdırmışdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov
gənclərlə birlikdə olmaqdan qürur duyduğunu,
onların qarşısında çıxış etməyin
böyük məsuliyyət tələb etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan
20 illik müstəqilliyi dövründə
möhtəşəm inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan
dünyanın ən sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl
ölkələrindən biridir. Bu uğurların qazanılmasında cəmiyyətin
aparıcı qüvvəsi olan gənclərin
də böyük rolu
vardır.
Gənclərimizin xarici ölkələrdə
təhsil almalarının Azərbaycan həqiqətlərinin
dünyada təbliğində böyük rolunu qeyd edən
Ağsaqqallar Şurasının sədri gənclərə və
məzunlara hər bir sahədə fəallıq nümunəsi
göstərməyi, müasir
müstəqil Azərbaycanın memarı və qurucusu,
ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlətçilik ənənələrini
qorumağı və inkişaf etdirməyi tövsiyə
etmiş, forumun işinə uğurlar arzulamışdır.
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov tədbirdə çıxış edərək vurğulamışdır ki, müxtəlif
ölkələrdə təhsil alan
600 gəncin forumda
iştirakı respublikamızın iqtisadi
inkişafının, gücünün əyani
sübutudur. Gündən-günə
çiçəklənən respublikamızın bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin
xaricdə təhsil almalarına geniş imkanlar yaradır.
Prezident Administrasiyasının rəsmisi
azərbaycanlı gənclərin xaricdə təhsil
almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya
tanıdılması istiqamətində böyük
nailiyyətlərin əldə olunduğunu
bildirmişdir. Gənclərin
bütün sahələrdə
uğurlarını vurğulayan E.Aslanov demişdir ki, vəzifəsindən, sosial
mövqeyindən və yaşadığı yerdən
asılı olmayaraq, bütün
gənclər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətləri dünyaya
çatdırmalı, ölkəmizi layiqincə təmsil və
təbliğ etməlidirlər.
Şöbə
müdiri vurğulamışdır ki, Prezident İlham
Əliyev informasiya müharibəsində
Azərbaycanın qələbəsindən danışarkən
bu məsələdə gənclərimizin
üzərinə düşən vəzifələri xüsusi qeyd etmişdir. Həqiqətən, gənclər
XXI əsrdə Azərbaycanı yeni uğurlara aparacaq, müstəqilliyimizi
daha da gücləndirəcək qüvvədir.
Son illər ölkəmizin
sürətlə inkişaf edərək
Cənubi Qafqazın lider dövlətinə
çevrildiyini vurğulayan
E.Aslanov demişdir ki, biz eyni
zamanda, innovativ iqtisadiyyat qurmaq əzmindəyik.
Bu gün Azərbaycan
iqtisadi inkişafına görə
dünyanın 50 rəqabətədavamlı ölkəsi
sırasındadır. Bu uğurların
qazanılmasında Prezident İlham Əliyevin xidmətləri
danılmazdır.
E.Aslanov
qarşıdan gələn prezident
seçkilərində Azərbaycan gənclərinin və
ölkə ictimaiyyətinin daha layiqli namizədə səs verəcəyinə inamını vurğulayaraq demişdir ki, respublikanın sosial-iqtisadi
inkişafı, xoş gələcəyi
gənclərin seçimindən çox
asılıdır. Şöbə müdiri bu forumun ASAIF-ın gələcək perspektivləri
üçün yeni imkanlar açacağına əminliyini bildirmiş, qurumun üzvlərinə
uğurlar arzulamışdır.
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Şahmar Mövsümov
forum iştirakçılarını təbrik
etmiş, müxtəlif ölkələrdə
təhsil alan gənclərin və məzunların
bir araya gətirilməsinə
səbəb olan
tədbirin əhəmiyyətini
vurğulamışdır.
O bildirmişdir ki,
40-dan çox xarici
ölkədə təhsil alan azərbaycanlı
gənclərin forumda iştirakı Prezident İlham
Əliyevin "qara qızılın insan kapitalına" çevrilməsi
ideyasının reallaşmasının parlaq
nümunəsidir.
Azərbaycan
gəncliyinin fəaliyyətini yüksək qiymətləndirən
Ş.Mövsümov onların xaricdə
ölkəmizi təmsil etmələri, intellektli,
geniş dünya görüşlü şəxslər kimi yetişmələri üçün bir sıra uğurlu layihələrin həyata keçirdiyini bildirmişdir. Fondun
icraçı direktoru
vurğulamışdır ki, ölkələr
dünyada təkcə təbii sərvətlərinə
görə deyil, həm də
ziyalılarına, insan kapitalına
görə tanınırlar. Azərbaycanın təbliğində
və tanıdılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin də böyük rolu vardır.
Sonra forum işini "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyi Əlaqələndirmə
Şurasının sədri, ASAIF-ın həmtəsisçisi
Orxan Əkbərovun moderatorluğu ilə "Gənclik,
lobbiçilik, xaricdə təmsilçilik və
Qarabağ" mövzusunda panel iclası ilə davam
etdirmişdir.
İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın
xarici siyasət sahəsində
qazandığı uğurlardan
danışmış, ölkəmizin əldə etdiyi
nailiyyətlər, iqtisadi inkişaf
göstəriciləri haqqında forum
iştirakçılarına ətraflı məlumat vermişdir.
Nazir müavini bildirmişdir ki, xarici siyasətdə əsas məsələ
beynəlxalq iqtisadi əlaqələrin
qurulması və inkişaf etdirilməsidir.
Azərbaycan qonşu ölkələrlə
münasibətlərə xüsusi əhəmiyyət
verir və onlarla sabit, uzunmüddətli əməkdaşlığa
söykənən əlaqələr qurmuşdur.
Forumun keçirilməsini yüksək
qiymətləndirən X.Xələfov ölkəmizdə gənclərə
olan dövlət qayğısından söz
açmış, son illər xaricdə təhsil alan Azərbaycan
gəncliyinin fəallığının
artdığını qeyd etmişdir.
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
(SAM) direktoru Fərhad Məmmədov bildirmişdir ki, xarici
ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan
gənclərinin forumlarının keçirilməsi
görülən işlərə qiymət verilməsində
və gələcək fəaliyyətin müəyyənləşməsində
mühüm rol oynayır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
bu gün ölkəmiz
üçün əsas problem
olduğunu diqqətə çatdıran
F.Məmmədov xaricdə təhsil alan azərbaycanlı
gəncləri bu sahədə daha da fəal olmağa çağırmışdır.
SAM-ın direktoru gəncləri xarici ölkələrdə ölkəmizi təmsil
etməklə yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı dövlətimizin həyata keçirdiyi
siyasəti dəstəkləməyə
çağırmışdır.
Sonra mövzular
ətrafında müzakirələr aparılmış, tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Avqustun 31-də forumun
işi panel
iclasları ilə davam etdiriləcəkdir.
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.