Mikayıl Cabbarov: Azərbaycan gəncləri bu gün dünyanın ən
yaxşı ali məktəblərində
təhsil almaq imkanı qazanmışlar
Azərbaycan
artıq müstəqil və çiçəklənən bir dövlətdir. Ölkəmizin
inkişafının, sosial-iqtisadi nailiyyətlərinin
rəmzi ifadəsi olaraq Prezident
İlham Əliyev tərəfindən
"Qara qızılı insan
kapitalına çevirək" devizi
altında həyata keçirilən dövlət proqramı
çərçivəsində
tələbələrimiz bu gün dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı qazanmışlar.
AzərTAc xəbər verir ki, bu sözləri
Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin
Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən təhsil
naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində
demişdir.
Nazir bildirmişdir
ki, vaxtilə Sovet
İttifaqının ən yaxşı ali
məktəblərinə təhsil almağa
gedən azərbaycanlı tələbələrlə görüş ənənəsinin əsası
ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bir qayda olaraq hər il avqust ayının son günlərində belə
görüşlər keçirilmişdir.
M.Cabbarov bu gün də həmin ənənənin qorunub saxlanmasının çox
uğurlu addım olduğunu
söyləmişdir. Diqqətə
çatdırmışdır ki, bugünkü forum həm
keçən illərdə artıq bu proqramlarda iştirak edib qayıdan tələbələrlə
görüşmək, onların rəylərini, fikirlərini
öyrənmək, həm də proqramın gələcəkdə
mükəmməlləşməsi və inkişafı
məqsədi, eyni zamanda,
onların Azərbaycanın sosial-iqtisadi həyatında,
vətəndaş cəmiyyətinin formalaşdırılmasında
iştirakı məsələlərinin müzakirəsi
baxımından faydalıdır.
Nazir demişdir:
"Dövlətin müxtəlif strukturlarına rəhbərlik
edən insanlarla görüşmək, fikir mübadiləsi aparmaq,
onlara suallar vermək
tələbələr üçün də
çox gözəl fürsətdir. Mən
ASAIF-in XI Yay Forumunu bu nöqteyi-nəzərdən
çox yüksək qiymətləndirirəm".
Xaricdə təhsilini
başa vurub
qayıdan tələbələrin öz
ixtisasları üzrə işlə təmin olunmasına gəlincə,
M.Cabbarov artıq bu
sahədə müəyyən nəticələrin olduğunu söyləmişdir. Bildirmişdir ki, forumda
digər məsələlərlə yanaşı, məzunların
ölkəyə qayıtdıqdan sonra cəmiyyətə
inteqrasiyası və onların əldə etdikləri biliklərin
ən mükəmməl şəkildə Azərbaycan
Respublikasının ehtiyaclarının ödənilməsi üçün istifadə olunması barədə
də söhbət gedəcəkdir.
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.