Elnur Aslanov:
Bu gün müxtəlif
ölkələrdə təhsil alan tələbələrimiz
Azərbaycanı xaricdə layiqincə təmsil etməyə qadir olan böyük
intellektual qüvvədir
Xaricdə Təhsil
Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
XI Yay Forumu öz formatına görə əvvəlkilərdən
fərqlənir. Forumda daha
çox sayda dövlət rəsmiləri, məmurlar iştirak edirlər. Tədbirdə həm perspektiv planlar, həm də
gənclərin qarşısında duran vəzifələr
müzakirə olunacaqdır. Xarici işlər,
Mədəniyyət, Təhsil, İdman və
Gənclər nazirliklərinin və
digər qurumların, fondların təmsilçiləri gənclərin
nələri edə biləcəyi haqda fikir mübadiləsi aparacaqlar.
AzərTAc xəbər verir ki, bu sözləri
ASAIF-ın XI Yay Forumunda iştirak edən Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə
müsahibəsində demişdir.
Bildirmişdir ki, bugünkü tədbir o qədər
də uzaq olmayan bir ənənəyə əsaslanır. Hələ 30-40 il bundan əvvəl ulu
öndər Heydər Əliyev hər il
azərbaycanlı gəncləri
keçmiş Sovet
İttifaqının müxtəlif respublikalarının nüfuzlu ali məktəblərində təhsil almağa
göndərərkən məhz
avqustun son günlərində
onlarla görüşür, öz nəsihətlərini
və tövsiyələrini verirdi. Ulu öndər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərini bitirdikdən sonra Azərbaycana
dönəcək gənclərin respublikamıza, gələcəkdə
isə müstəqil dövlətimizə
hansı töhfələri verə biləcəkləri
haqqında öz fikirlərini bildirirdi. Bu gün həmin ənənəni uğurla davam etdirən ümummilli liderimizin layiqli varisi Prezident İlham
Əliyevin bu
sahədə siyasətinin başlıca məqsədi "qara
qızılın insan kapitalına
çevrilməsi" xəttinin həyata keçirilməsindən
ibarətdir.
Prezident
Administrasiyasının şöbə müdiri
qeyd etmişdir ki, bu gün
ənənəyə sadiq olaraq avqustun son günlərində bir
sıra dövlət
qurumlarının təmsilçiləri xaricdə təhsil
alan və ilk dəfə
təhsil almağa gedən gənclərimizlə
görüşür, Prezidentimizin
tövsiyələrini
onlara çatdırırlar. Bu
görüşlərdə, həmçinin dövlət
başçısının son illərdə
Azərbaycanda həyata keçirdiyi siyasət,
ölkəmizin sürətli inkişafı naminə
reallaşdırdığı sosial-iqtisadi
təşəbbüslər, eyni zamanda, bir çox
iri layihələrdən söhbət
açılır. Gənclərimizin Azərbaycan həqiqətlərinin
xarici ölkələrdə təbliği
istiqamətində görülmüş
işlər və qarşıda duran vəzifələrlə
bağlı fikir mübadiləsi
aparılır.
Elnur Aslanov
demişdir ki, xaricdə
təhsil alan gənclərin əsas vəzifəsi
Azərbaycana yüksək ixtisaslı kadrlar
kimi dönməkdir. Prezident İlham
Əliyevin 2011-ci il 7 iyul
tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramında da əsas məqsəd kimi
ölkədə yeni kreativ,
intellektual, təşəbbüskar gənclər
təbəqəsinin yetişməsi önə çəkilmişdir. Kreativ və təşəbbüskar gənc
dedikdə dövlətçiliyin maraqlarının
qorunması məqsədini də qarşımıza
qoymalıyıq. Azərbaycan gənclərinin
xaricdə istər ölkəmizin nailiyyətlərinin, istərsə
də xalqımızın ən ağrılı problemi olan Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dövlətimizin ədalətli mövqeyinin bilavasitə təbliğində çox böyük rolu olmalıdır. Gənclər
istər konfransların təşkilində, istərsə də müxtəlif simpoziumlarda fəal iştirak etməklə dövlətimizin
maraqlarını,
ağrılı problemlərini
çatdırmalıdırlar. Çox təəssüf
ki, bəzi hallarda erməni
lobbisi bu məsələlərdə
daha fəal olur.
Bu gün xaricdə təhsil
alan tələbələrimizin sayı 10
mindən artıqdır. Yadda saxlamaq lazımdır ki, bu, həm gənclərdən ibarət böyük Azərbaycan diasporudur,
həm də ölkəmizi xaricdə layiqincə təmsil etməyə
qadir olan böyük intellektual
qüvvədir.
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.