İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir.

RİTN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son 10 ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunduğunu diqqətə çatdırmışdır.

Nazir dövlət başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıraraq, 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini,  sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidentinin 2013-cü il 1 fevral tarixli Sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulamışdır.

Qarşıdakı illərdə də elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını bildirən nazir, eyni zamanda, nazirlik tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini də bildirmişdir.

Tələbələrin çoxsaylı suallarını cavablandıran nazir valideynlərin istək və arzularını da dinləmişdir.

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 8.