Aranla dağ
Qarabağın qovuşduğu igidlər yurdu
Tarixi mənbəyə görə,
"Qubadlı" toponimi V-VI əsrlərdə
yaşamış Sasani hökmdarı I
Qubadın adı ilə bağlıdır. Tarixdə Bərgüşad
adı ilə tanınan Qubadlı XVIII əsrin ortalarına qədər
Zəngəzur mahalının tərkibində, Cənubi Azərbaycan
dövlətinin Qarabağ
xanlığına inzibati ərazi kimi tabe olub.
Lakin sonradan Qarabağ xanı Pənahəli xanın
uzaqgörən siyasəti sayəsində Zəngəzurun
ayrılmaz qismi kimi
Qubadlı Qarabağ
xanlığının idarəçiliyinə verilib.
Keçmiş sovetlər birliyinin tərkibində olduğu
70 il ərzində də Qubadlının taleyi üzünə gülməyib. Gözdən-könüldən
uzaq
Qubadlı inzibati rayon
kimi 1933-cü ildə eyni
adlı kəndin əsasında təşkil olunsa
da, 1963-cü ildə ləğv edilərək
ərazisi Zəngilan rayonu ilə birləşdirilib.
1964-cü ildə o, yenidən müstəqil
rayona çevrilib.
Qubadlının
işğalı nəticəsində 445 min
kvadratmetr mənzil fondu,
4 tibb ocağı, 6 uşaq
bağçası, 61 ümumtəhsil məktəb, 10 mədəniyyət
evi, 24 klub,
tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdıldı.
İşğalçılar 94 kənd və qəsəbəni,
205 mədəni-məişət
obyektini, 12 tarixi abidəni
yandırıb talan etdilər. Qubadlının işğalı ilə Azərbaycan növbəti dəfə iqtisadi, mədəni, tarixi
itkilərlə üz-üzə qaldı. Aşağı Mollu və Həmzəli yaşayış məntəqələrinin
hər birində 9, Əliquluuşağı kəndində 5,
"Gavur dərəsi" deyilən ərazidə
isə IV əsrə aid 1 mağara,
beşinci yüzilliyin
yadigarı Göyqala, Muradxanlıda
"Qalalı" qalası, Xocamsaxlıdakı tarixi abidələrin hamısı düşmən
tapdağına düşdü.
Tarixən
qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi
gözəl təbiətli yerləri sərhədlərin dəqiqləşdirilməsi
adı ilə Ermənistana vermək cəhdi, əslində,
münaqişənin üstüörtülü
olsa da bünövrəsini
qoymuşdu. Lakin Qarabağ
münaqişəsinin açıq müstəviyə keçməsi əsasən sovet imperiyasının çökməsindən
sonra baş verdi.
Dağlıq Qarabağla Ermənistan arasında yerləşən
Qubadlının strateji əhəmiyyətini
başa düşən erməni təcavüzkarları
burada terror-təxribat törədirdilər.
Dağlıq Qarabağa
Qubadlı ərazisindən keçid yaratmaq, "dəhliz açmaq",
buradan separatçılara silah-sursat
daşımaq niyyətlərini reallaşdırmaq istəyirdilər.
1989-cu ilin sentyabr
ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti
ilə, Gorus istiqamətində, Yazı düzü yolu ilə
150-160 avtomobildən ibarət karvanın Qubadlı ərazisinə
yaxınlaşdığı xəbər verildi.
Bir saat ərzində əhali
ayağa qalxdı. Bütün
yollar bağlandı. Əliyalın camaat bu bədnam niyyətli
karvanın yolunu elə sərhəddəcə
kəsdi. Xankəndi şəhərinə avtomobil
karvanı buraxılmadı. Geri
qaytarılan karvan bir
həftə Gorusun Xinzərək kəndində
qaldı. Təəssüf ki, sonra
Laçın-Şuşa yolu ilə Xankəndiyə
yol tapa bildi. Karvanı müşayiət edən zirehli texnika isə
Laçın şəhərində faciələr törətdi...
Bu gün
hicrana, ayrılığa düçar
olmuş yurdlarımızdan biri də erməni vandalizminin
qurbanına çevrilmiş
Qubadlıdır. O Qubadlı ki,
bir vaxtlar ziyarətinə
gedilən Gavur dərəsindəki dördüncü yüzilliyin
yadigarı ibadətgah, V əsrdən qalma
Qalalı və Göyqala abidələri,
XIV əsrin yadigarı Dəmirçilər türbəsi,
Hacı Bədəl, Laləzar körpüləri, eləcə
də Əyin, Yusifbəyli, Seytas,
Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər
abidələr və tarixin yaddaşı,
maddi-mədəniyyət nümunələri, əvəzsiz təbii
sərvətləri ilə tanınırdı.
İgid və zəhmətkeş
övladları ilə fəxr edən qubadlılıların sabaha ümidləri heç
zaman azalmayıb. Bu inamı onlarda
yaradan dövlətimizin hərtərəfli
inkişafı və hərbi qüdrətinin gündən-günə
artması, vətənə bağlı
qubadlılıların doğma
torpaqları düşməndən azad
etmək üçün Ali
Baş Komandanın əmrinə hər an hazır olmalarıdır!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 10.