Uğurlu
inkişaf modeli
Nüfuzlu
"BizNewsAsia" jurnalı ötən on ildə Azərbaycanın
daxili və xarici siyasət sahəsində qazandığı
uğurları konkret faktlar əsasında şərh edib
Ölkə
rəhbərliyinin son 10 ildə elmi əsaslarla
yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində
cəmiyyətin ümumi potensialının milli məqsədlər
naminə səfərbər olunması inkişaf prosesində
yüksək dinamizmi və məqsədyönlülüyü
təmin etmişdir.
Paytaxt və regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
görülən kompleks tədbirlər bugünkü
uğurlarımızı şərtləndirmişdir. Həyata
keçirilmiş məqsədyönlü iqtisadi siyasət
hesabına Azərbaycanda özəl sektor yeni inkişaf
dönəminə qədəm qoymuşdur.
2003-cü ilin
oktyabrından başlanan yeni inkişaf mərhələsində
iqtisadi sahədə keçid dövrünün başa
çatdırılması üçün qətiyyətli,
çevik addımlar atılmış, zəruri islahatlar həyata
keçirilmişdir. Azərbaycan Prezidenti müasir dünyada
iqtisadi inkişaf potensialının hər bir dövlətin
gücünü müəyyən edən başlıca amil
kimi çıxış etdiyini haqlı olaraq ilk gündən
önə çəkdi. Xüsusi qeyd etdi ki,
ölkənin və xalqın bütün problemlərinin -
sosial çətinliklərin aradan qaldırılmasından
tutmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinədək - hər
bir maneənin dəf edilməsinin başlıca yolu məhz
iqtisadi tərəqqidən keçir. Təsadüfi
deyil ki, dövlət başçısının ötən
fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi
bu sahənin üzərinə salındı.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
vacib məqam insan amili ilə şərtlənmişdir. Yeni
sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət,
səhiyyə, rabitə müəssisələrinin tikintisi,
yeni yolların çəkilişi və əsaslı bərpası
istiqamətində kompleks tədbirlər həyata
keçirilmişdir. Bu da, öz növbəsində, insan
amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual
potensialın güclənməsinə, mənəvi-əxlaqi
dəyərlərin daha möhkəm əsasda intişar
tapmasına zəmin yaratmışdır. "Mən
hər bir azərbaycanlının Prezidenti olacağam" deyən
dövlət başçısı İlham Əliyev bölgələrdə
yaşayan vətəndaşların sosial infrastruktur
baxımından paytaxtla bərabər səviyyədə
layiqli həyat tərzinin təmin olunmasına, regional
inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji
fəsadların aradan qaldırılmasına
çalışmışdır.
Ölkəmizin
sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən
biri də ötən on il ərzində 1 milyon 180 min yeni
iş yerinin açılması, ciddi sosial bəla kimi
özünü göstərən işsizlik probleminin əhəmiyyətli
dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin
44 faizdən
6 faizə enməsidir. Bu ilin altı ayında 55 min iş
yeri açılmışdır. Onlardan 45 mini daimi iş
yeridir. Gənc ailələrin mənzillə təmini
üçün ipoteka sisteminin yaradılması, eləcə
də dövlət büdcəsindən maliyyələşən
strukurlarda məvaciblərin mütəmadi olaraq
qaldırılması bu istiqamətdə görülən
mühüm tədbirlər sırasındadır.
Ölkədə həyata keçirilən
liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin
qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi
artımın və iqtisadiyyatın modernləşməsinə
dəstək verən siyasətin dərinləşdirilməsi,
qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi
qazanılan müsbət nəticələrdir.
Respublikanın əldə etdiyi uğurlar
dünyanın ən nəhəng reytinq təşkilatları
və maliyyə institutlarının hesabatlarında da əksini
tapmışdır. Azərbaycanın adı son illərdə
maliyyə təşkilatlarının qiymətləndirmələrində
islahatçı və pozitiv dəyişikliklərə nail
olan dövlətlər sırasında çəkilir. Ölkə
həyatının bütün sahələrində əldə
olunan uğurlar beynəlxalq təşkilatların
hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən rəy sorğularında
təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda
olduğu xüsusi
vurğulanır.
2012-ci ilin sonuna Azərbaycan üzrə
"Avropa Qonşuluğu Barometri" çərçivəsində
keçirilən sorğunun nəticələri bu baxımdan
diqqəti cəlb etmişdir. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti
ölkələrində ictimai rəyin öyrənilməsi
üzrə Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən layihə çərçivəsində
2012-ci ilin noyabr-dekabr aylarında 1.000 respondent arasında
keçirilmişdi. Rəyi
soruşulanların 65 faizi öz həyatından razı
olduğunu bildirimişdi. Həyatından məmnun
qalanlar sırasında gənclər və təhsil alan respondentlər xüsusi yer tutur. Rəyi soruşulanların böyük əksəriyyəti
öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz)
inandığını ifadə etmişdir.
Bu yaxınlarda Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu
(DƏİKGF) İstanbulda dünyanın 40 ölkəsindən
50-dən artıq universitetini təmsil edən 170-dən
çox gənc və 10 minə yaxın tələbə
arasında onlayn sorğu keçirildi. Sorğuya əsasən
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İƏT
coğrafiyasında "İlin dövlət
başçısı" seçildi.
Bu barədə qərar iyulun 6-da DƏİKGF və Malayziya
Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı
ilə Kuala Lumpur şəhərində keçirilən
3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı
Modelinin Sammitinin bağlanış mərasimində elan edildi.
"İlin dövlət
başçısı" nominasiyasında iştirak
etmiş və İƏT-in 57 üzv ölkəsi
sırasından seçilmiş dövlət
başçılarının namizədlikləri İslam
irsinə göstərilən qayğı, İƏT ölkələri
arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata
üzv ölkələrin sosial-iqtisadi inkişafı və
beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində
fəaliyyətləri kimi
meyarlar üzrə qiymətləndirilmişdi. Dövlət başçısı bu
nominasiyanın qalibi oldu.
Prezident İlham Əliyev "İlin
dövlət başçısı" seçilərkən
Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə
olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi və bu mövqedən İƏT ölkələrinin
maraqlarının müdafiəsi, Fələstin Dövlətinə
Yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi
Şəbəkəsinin Təsis Konfransı və Qüds
şəhərinin İnkişafına Yardım üzrə
Donor Konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin
edilməsi, bütövlükdə Azərbaycanın
İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə
dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi
və İslam sivilizasiyasının incisi sayılan
Şamaxı məscidinin bərpası təşəbbüsləri
nəzərə alınıb.
"Rəy" Monitorinq Mərkəzi tərəfindən
keçirilən ümumrespublika ictimai rəy sorğusunun nəticələri
də böyük qürur hissi doğurmuşdu.
Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy
sorğusu iştirakçılarının 81,2
faizi dövlət başçısı İlham Əliyevə
səs verəcəyini bildirmişdir. Belə ki, "Bu namizədlərdən
hansına səs verərdiniz?" sualına cavabda respondentlərin
81,2 faizi İlham Əliyevin, 3 faizdən az
hissəsi isə digər namizədlərin adlarını
çəkmişdir. Hesabat 2013-cü il
iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy
sorğusunun materialları əsasında
hazırlanmışdır. Sorğuya 18 və
yuxarı yaşlı 1.500 nəfər cəlb edilmişdir.
Ölkə başçısı ötən
10 illik fəaliyyəti dövründə məhz
respublikamız üçün taleyüklü, strateji əhəmiyyətli
hadisələrin müəllifinə çevrilmiş,
ardıcıl və sistemli surətdə həyata
keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə
və birliyinə xidmət etmişdir.
Dövlət başçısının
özünəməxsus liderlik keyfiyyətləri, siyasi
prosesləri yönəltmək məharəti, cəmiyyətin
maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək
bacarığı Azərbaycan xalqının ona olan sonsuz
etimadının əsas səbəblərindən biri kimi
çıxış edir.
Filippində nəşr olunan və Asiya
qitəsinin inkişaf etmiş ölkələrində həyata
keçirilən uğurlu islahatları, dövlət
başçılarının fəaliyyətini əks etdirən,
geniş oxucu kütləsinə malik "BizNewsAsia"
jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi "İlin adamı" elan etmişdir. Jurnalın
avqust buraxılışında "İlham Əliyev:
İlin adamı", "Əliyev erası: Azərbaycanın
qızıl dövrü", "İlham Əliyev builki
prezident seçkilərində Yeni Azərbaycan
Partiyasının namizədidir", "Sosial təminatlar və
yüksək maaşlar Azərbaycanda yoxsulluğu
azaltmışdır", "Dünya Bankının Azərbaycana
sualı: Yoxsulluğun azaldılmasına necə nail olmaq
mümkündür?", "İqtisadiyyatın şaxələndirilməsi
yolları" və digər məqalələr dərc
olunmuşdur.
Məqalələrdə Prezident İlham
Əliyevin fəaliyyəti və onun rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə həyata
keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər
haqqında ətraflı məlumat verilir.
Həmçinin dövlət
başçısının ilk dəfə prezident
seçildiyi 2003-cü illə müasir dövr müqayisə
edilir və ötən illər ərzində əldə
olunmuş uğurlardan ətraflı bəhs olunur. Ölkə başçısının zəngin
ictimai-siyasi və dövlətçilik fəaliyyətinin də
yer aldığı yazılarda ötən on ildə Azərbaycanın
daxili və xarici siyasət sahəsində qazandığı
uğurlar konkret faktlar əsasında şərh edilir. Bildirilir ki, bu uğurlara Azərbaycan Prezidentinin
dövlətçilik bacarığı və rəhbərlik
qabiliyyəti sayəsində nail olunmuşdur. Məhz
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan
dünyada özünəməxsus yer tutmuşdur.
Nəşrdə Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
iqtisadiyyatın modernləşdirildiyi, işsizlik və
yoxsulluq probleminin aradan qaldırıldığı diqqətə
çatdırılır. Qeyd edilir ki, dünyanı bürümüş
iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməmişdir.
Ölkədə istər enerji sahəsində,
istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil,
səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı
sahələrində uğurlu islahatlar həyata keçirilir.
Bu ilin əvvəlində Azərbaycan orbitə
ilk telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə
çevrilmişdir.
Bakının bir sıra mötəbər
forumlara, konfranslara, simpoziumlara, müsabiqələrə
yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan
jurnal Prezident İlham Əliyevin dünya dövlətlərinin
liderləri ilə keçirdiyi görüşləri, eləcə
də Azərbaycanda aparılan genişmiqyaslı
abadlıq-quruculuq işlərini əks etdirən
çoxsaylı şəkillərə də yer vermişdir.
Jurnalda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı
məlumat verilir. Qeyd edilir ki, Ermənistan
Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu
işğal etmişdir. Bu gün Azərbaycan
torpaqlarının 20 faizi işğal altındadır, bir
milyondan artıq azərbaycanlı isə öz ölkəsində
qaçqın və məcburi köçkün vəziyyətində
yaşayır. Ermənistanın
işğalçılıq siyasəti mötəbər beynəlxalq
qurumlar tərəfindən qəbul edilmiş qətnamə və
qərarlarda dəfələrlə pislənmişdir. Rəsmi Yerevan isə bu sənədlərə məhəl
qoymur. ATƏT-in Minsk qrupunun münaqişənin
həlli istiqamətində göstərdiyi səylər hələ
də heç bir nəticə vermir.
Ölkə başçısının
yürütdüyü uğurlu diplomatiya sayəsində
dünya siyasətinə təsir imkanları getdikcə artan
Azərbaycanın bütövlükdə Avratlantika coğrafi
arealında sülh, tərəqqi və əməkdaşlıq
paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya
layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha
qabarıq sezilir. Bu xarici siyasət
strategiyası müstəqil dövlətimizin milli mənafelərinə
hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar
və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsi müstəvisi üzərində
qurulmuşdur. Rəsmi Bakının
yürütdüyü prinsipial siyasətin nəticəsi
olaraq regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa
ciddi təhlükə olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı beynəlxalq səviyyəli müzakirələrin
son vaxtlar yenidən intensivləşməsi müşahidə
olunur. Aşkar görünür ki,
dünyada baş verən mühüm geosiyasi dəyişikliklər
fonunda Cənubi Qafqazdakı münaqişə
ocaqlarının söndürülməmiş qalması
ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə
yanaşı, bölgədə iqtisadi və siyasi maraqları
olan dövlətlərin mənafelərini ciddi şəkildə
təhdid edir.
Azərbaycan rəhbərliyi beynəlxalq
hüquq prinsiplərini əsas tutaraq praqmatizmə,
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan açıq xarici siyasət xətti
yürüdür. Ölkə diplomatiyası regional
əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə
beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə
milli maraqların prioritetliyini maksimum səviyyədə təmin
edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik
meyillərinə rasional və təmkinli münasibət
göstərir. Təcrübə də
göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən
proseslərə çevik və adekvat reaksiyası ilə
seçilən, çoxqütblü əməkdaşlığa
üstünlük verən ölkələr tez bir zamanda
qarşıya qoyduqları bütün məqsədlərə
yetişə bilirlər.
Elnur
HACALIYEV
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 9.