Azərbaycan-İsrail biznes forumu keçirilmişdir

 

Dekabrın 4-də Bakı Biznes Mərkəzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycan-İsrail biznes forumu olmuşdur. Tədbir "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində keçirilmişdir.

AzərTAc xəbər verir ki, forumu İsrail-Azərbaycan Ticarət Palatası (IACCI), Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və İsrailin Azərbaycandakı səfirliyi təşkil etmişlər.

IACCI Direktorlar Şurasının prezident və sədri Aleks Kaplun bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər son illər sürətlə inkişaf edir, illik ticarət dövriyyəsinin həcmi təqribən 4 milyard dollar təşkil edir. İsrail-Azərbaycan əlaqələrinin inkişaf potensialı çox böyükdür. İsraili "BakuTel-2013" sərgisində 13 şirkət, o cümlədən "Allot Communications Company", "One Smart Star", "Rancom company" və s. şirkətlər təmsil edir. Burada İsrailə ayrıca pavilyon ayrılmışdır. Paralel olaraq Azərbaycan paytaxtında kibertəhlükəsizlik üzrə birgə İsrail-Azərbaycan seminarı keçirilir. Fəaliyyətimizin digər istiqaməti tibb sahəsidir. Burada söhbət istər tibb texnologiyalarının satışından, istərsə də insan amilinə - hər iki ölkənin xəstəxanaları arasında əməkdaşlığın qurulmasına, kadr, təcrübə, elmi nailiyyətlər mübadiləsinə söykənən layihələrin inkişaf etdirilməsindən gedir. İnfrastrukturla, o cümlədən su təchizatı, nəqliyyat, yollarda təhlükəsizlik və s. ilə bağlı olan problemlərlə də məşğul olacağıq. Hazırda İsraildə təhsil sahəsi üçün dünya bazarında aparıcı olan texnologiyalar, o cümlədən məktəb layihələrinin yaradılması və distant təhsil üçün texnologiyalar vardır.

A.Kaplun onu da bildirmişdir ki, çox vaxt Avropanın Silikon Vadisi adlandırılan İsrail yüksək texnologiyaların istehsalı sahəsində dünyada ikinci yeri tutur. "BakuTel-2013" sərgisində İsrailin ən aparıcı şirkətlərinin məhsulu təqdim edilmişdir. Həmin şirkətlər Azərbaycandakı həmkarları ilə əməkdaşlıq etməyə hazırdırlar.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vurğulamışdır ki, "BakuTel-2013" sərgisi çərçivəsində Transavrasiya İnformasiya Supermagistralı (TASIM) layihəsi üzrə qarşılıqlı anlaşma barədə Memorandum imzalanmışdır və bu sənəd Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. O, belə bir məsələni də vurğulamışdır ki, Azərbaycan kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığa maraq göstərir. Biz Azərbaycanın bütün regionlarında qlobal şəbəkənin əhatəsini genişləndirməyi planlaşdırırıq. Odur ki, daha təcrübəli həmkarlarla əməkdaşlıq etmək bizim üçün sərfəlidir.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirmişdir ki, bu yaxınlarda İsraildə qaz yataqları aşkar edilmişdir. Azərbaycanlı həmkarların zəngin təcrübəsini nəzərə alan İsrail hökuməti bu sektorda Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

 

Azərbaycan.-2013.- 5 dekabr.- S.5.