UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması

 üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasına

 

Hörmətli sessiya iştirakçıları!

Sizi Bakı şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Sessiyanız Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın onilliyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunmuşmühüm layihələr gerçəkləşdirilmişdir.

UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olmuşdur. Daim inkişaf edən və möhkəmlənən UNESCO - Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.

Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində Əməkdaşlıq haqqında Çərçivə Sazişinin imzalanması ilə Azərbaycan və UNESCO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşqlobal çağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlamışdır.

Əminəm ki, sessiyanız öz qərarları ilə ümumbəşər mədəni irsinin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcəkdir.

Ən xoş arzularla,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 3 dekabr.- S.1.