Bakıda «BakuTel-2013» XIX Azərbaycan Beynəlxalq
telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
açılmışdır
Prezident İlham Əliyevin «Euronews»
telekanalına müsahibəsi
SUAL: Bilirəm
ki, Siz informasiya texnologiyaları sektoruna xüsusi diqqət
yetirirsiniz. Bu barədə ətraflı
danışa bilərsinizmi?
Prezident
İlham ƏLİYEV: Bəli, bu, hazırda Azərbaycan
iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən
biridir. Bu sektorun çox böyük perspektivi
vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin
səviyyəsinin yüksəlməsinə təkan verən sektordur,
bizim aparıcı beynəlxalq elmi araşdırmalara
qoşulmağımıza kömək edir. Eləcə də,
əlbəttə ki, iqtisadiyyatın, xüsusən də
qeyri-neft sahəsinin inkişafı üçün informasiya
texnologiyaları sektoru
böyük əhəmiyyətə malikdir. Təsadüfi
deyil ki, bu il ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilib. Bu, əsasən onunla əlaqədardır
ki, bu il Azərbaycanın ilk süni peyki
buraxılıb. Bu minvalla biz kosmik sənayesi
olan ölkəyə çevrildik. Həmin
peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə
verilib. Biz bu proqramı daha da genişləndirmək
niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü
peyklər də buraxılacaqdır. Bizim ölkəmizi
informasiya texnologiyalarının tamamilə əhatə etməsi
əhaliyə müasir xidmətlər göstərilməsinə
imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu
yaxınlarda əhaliyə
kütləvi xidmətlər göstərən "ASAN xidmət"
fəaliyyətə başlayıb. Bu, əslində
Azərbaycanın brendidir.
Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf
edir.
Hazırda biz
genişzolaqlı internetin hər bir kənddə tətbiqi
üzərində işləyirik. Bu layihəni
dövlət maliyyələşdirəcəkdir.
Hazırda bu istiqamətdə xeyli iş görülür. "Bakutel" sərgisinin
iştirakçılarının sayı ilbəil
artmaqdadır. Yeni tədqiqatlar üzə
çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının,
humanitar əməkdaşlığın deyil, eləcə də
regionumuzda müasir texnologiyaların mərkəzinə
çevrilmək istəyirik.
SUAL: Siz
elektron hökumət - "ASAN xidmət"i
xatırlatdınız. Sizcə əhalinin
hökumət strukturlarına məhz bu cür müraciət
etməsi nə qədər vacibdir?
Prezident
İlham ƏLİYEV: Bu, çox mühüm məsələdir.
Bu, bizə korrupsiya ilə mübarizə
aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə
birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə
etməyə kömək edir. Təəssüf
ki, bu, həmişə baş tutmur. Buna
görə də "ASAN xidmət" özündə bir
neçə funksiya daşıyır. Birincisi,
müasir xidmətlər göstərilməsi, ikincisi,
korrupsiya ilə mübarizə, şəffaflıq,
kadrların hazırlanması.
"ASAN xidmət" sistemində artıq yüzlərlə
könüllü çalışır. Onların əksəriyyəti
gənclərdir. Bu könüllülər özləri
gələrək insanlara təmənnasız yardım
edirlər. Bu, dövlət ilə vətəndaşlar,
dövlət məmurları ilə dövlət təsisatları
arasında qarşılıqlı münasibətlərin yeni
formasıdır. Təsadüfi deyil ki, "ASAN xidmət"
sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən
çox vətəndaş bu xidmətə müraciət
edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən
müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də
modernləşdirilir. Bu halda biz
bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait
yaratmalıyıq ki, onlar razı qalsınlar və
arayışların alınmasına hədər yerə vaxt
itirməsinlər. Halbuki, indi bu sənədləri
bir neçə dəqiqə ərzində əldə edə
bilirlər.
SUAL: Bu sərgi
Sizin elan etdiyiniz "İnformasiya-kommunikasiya texnologiyaları
ili"nin özünəməxsus
aynasıdır. Siz bu sərgi barədə nə
düşünürsünüz? Axı,
Siz birinci dəfə deyil ki, "BakuTel" sərgisinə
baş çəkirsiniz. O, elə bil dəyişib, daha
da böyüyüb...
Prezident
İlham ƏLİYEV: Mən hər il
"BakuTel" sərgisində oluram. Əlbəttə,
o, ildən-ilə genişlənir,
iştirakçıların sayı artır. Məni
sevindirən odur ki, həm yerli, həm də xarici şirkətlərin
sayı çoxalır. Deməli,
biznes artmaqdadır, informasiya texnologiyaları üzrə
aparıcı beynəlxalq şirkətlərin Azərbaycana
diqqəti də artır. Biz bu işə
başlayanda qarşımıza belə bir məqsəd
qoymuşduq ki, o, ənənəvi neft sərgisi kimi beynəlxalq
nüfuz qazansın. Neft sərgisi bizə
neft-qaz yataqlarını inkişaf etdirməyə kömək
göstərmişdir. Biz neft-qaz layihəsinə
başlayanda Azərbaycanı çox az
ölkə tanıyırdı. "BakuTel"
də eyni vəzifəni daşıyır. İndi biz
bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik olan ölkə
kimi deyil, həmçinin gələcəkdə yüksək
səviyyəli elmi potensiala və informasiya-kommunikasıya
texnologiyalarının tətbiq olunduğu ölkə kimi
tanınacağıq. Əlbəttə, Azərbaycanın
bu sahədə dəb qanunvericisi rolunu oynayacağını
düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb
qanunvericilərinin bir addımlığında
olmalıyıq və ən müasir texnologiyaları
iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı
kimi çıxış edir, çünki maliyyənin əksər
hissəsini dövlət təmin edir. Fərdi
sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq
addımlayır və bizim yaratdığımız
bütün imkanlardan istifadə edir. Biz
yüksək templərlə irəli gedirik, müasir dövlət
qururuq. Bu gün müasir texnologiyalar
olmadan heç bir dövlət normal inkişaf etməyə
qadir deyildir.
SUAL:
Mümkünsə, "TASİM" layihəsi barədə
də bir neçə kəlmə deyərdiniz. Çünki
bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm
də region üçün vacibdir.
Prezident
İlham ƏLİYEV: Bəli, biz bir çox qlobal layihələrdə
- kommunikasiya,
energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim
coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə
Cənub, həm də Qərb ilə Şərq arasında təbii
kəsişmə nöqtəsiyik. Lakin
infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti
yoxdur. Deməli, onu səmərəli
infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və
digər qitələrin diqqətini cəlb edir. Həyata
keçirdiyimiz nəqliyyat layihəsi - Azərbaycan,
Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası
əhəmiyyət daşıyacaqdır. Bu yol
İpək Yolunun bərpasıdır, Çindən Londona qədər
gedib çatacaqdır. Kommunikasiya sahəsində
də belədir. Elektron xidmətlərlə
əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar
insanları, ölkələri yaxınlaşdırmağa
xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər
gətirəcəkdir. TASİM layihəsi
də bu qəbildəndir. Yəni,
bütün bunlar ölkənin ümumi inkişaf
konsepsiyasına daxildir. Bizdə olan potensialdan -
coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə
etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə
çatmaqda kömək edən xarici tərəfdaşlarımızla
fəal işləməklə buna nail olacağıq.
MÜXBİR:
Çox sağ olun, cənab Prezident.
* * *
Sonra
Prezident İlham Əliyev sər
gidə
"NEURON Texnologiyası" MMC şirkətinin stendi ilə
də tanış oldu. Şirkətin sərgidə
nümayiş etdirdiyi spayder xüsusi cihazı dünyada
canlı monitorinqi həyata keçirən ən kiçik
elektron kardioqram sensorudur. Cihaz xüsusi dizayn
olunub və sinəyə yapışdırılır. Dünyada analoqu olmayan bu cihazdan istifadə ölkəmizdə
ürək-damar xəstəlikləri səbəbindən
baş verən mənfi halların qarşısını ala
biləcək yüksək texnologiyalı qabaqlayıcı tədbirlərdən
olacaqdır.
Dövlət
başçısı Türkiyə Respublikasının stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə bu sərginin fəal
iştirakçılarından biridir. Budəfəki sərgidə
Türkiyənin İKT sahəsində inkişaf etmiş beş şirkəti
təmsil olunub.
Əfqanıstan isə bu sərgidə ilk dəfə təmsil
olunur. Bu ölkə "BakuTel-2013"
sərgisinə xüsusi maraq göstərir.
Sərgidə
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi və onun tabeliyində olan
"ASAN xidmət" mərkəzlərinin səyyar
avtobusları və digər nəqliyyat vasitələri
nümayiş olunur. "ASAN xidmət" mərkəzi
klassik vahid pəncərə prinsipinə əsaslanaraq 9
dövlət orqanının 25 hüquq xidmətinin göstərilməsini təmin
edən qurumdur.
Dövlət başçısı "Azərpoçt"
MMC-nin səyyar xidmətlərinin təşkilində istifadə
olunan avtomobillərə baxdı. Bildirildi ki, vətəndaşlar
bu avtomobillərlə poçt xidmətindən geniş
yararlana bilirlər.
Sərgidə MDB ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda "Titan" robotu nümayiş etdirilir. Bu robot Tokiodan tutmuş
Vankuverə qədər bir çox dünya ölkələrini
gəzmiş, Abu-Dabidə "Qran-pri Formula 1"
yarışında, eləcə də iri şirkətlərin,
məşhur brend və markaların təqdimatlarında
iştirak etmişdir. Robot həm hərəkət
edir, həm də insanlarla dialoq qurur.
Prezident
İlham Əliyev "AzDimension" şirkətinin stendi ilə
də tanış oldu. Burada dövlət
başçısına yeni milli kompyuter oyunu barədə
məlumat verildi. Bu oyun ölkəmizin tarixini
öyrənməyə imkan yaradır, gənclərin və
yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda
tərbiyəsinə müsbət təsir göstərir.
Sərgidə təmsil olunan PERSECUTOR şirkəti
İKT binaları üçün müasir məlumat mərkəzləri
və əlaqədar texnologiya infrastrukturu üzrə kompleks
xidmətlər təklif edir. 1993-cü ildə
yaradılan şirkət bu sahədə dünyada
aparıcı qurum hesab olunur.
Dövlət başçısı HP şirkətinin
pavilyonuna da baxdı. İnformasiya
texnologiyaları sahəsində dünyanın ən iri
şirkətlərindən biri olan HP korporativ
sifarişçilər, kiçik və orta biznes qurumları,
eləcə də fərdi istifadəçilər
üçün əlverişli texnologiyaların təchizatçısıdır.
Prezident İlham Əliyevə Yüksək Texnologiyalar
Parkı haqqında da geniş məlumat verildi. Dövlət
başçısının sərəncamı ilə
yaradılan parkın əsas funksiyası İKT, digər yeni
və yüksək texnologiyalar üzrə fəaliyyətin
genişləndirilməsi, burada çalışan fiziki və
hüquqi şəxslər üçün əlverişli
şəraitin yaradılması və digər xidmətlərin
inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək
Texnologiyalar Parkı" MMC yaradılmışdır. Parkın tikintisi üçün Pirallahı
rayonunda 50 hektar torpaq sahəsi ayrılmışdır.
Builki sərgidə ilk
dəfə olaraq Amerika Birləşmiş Ştatları da təmsil
olunmuşdur. "USA CC" şirkəti
də İKT sahəsində ən son texnologiyaları təqdim
edir.
Litva da "BakuTel-2013" sərgisində beşə
yaxın şirkət ilə təmsil olunur. Bu ölkənin şirkətləri
də yüksək texnologiyalar üzrə tədqiqat və digər təyinatlı
yeni məhsulları ilə sərgiyə
qatılmışdır.
Prezident İlham Əliyev "Lifewatch V" şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, "Lifevatch V" smartfon ailəsi insanlara öz səhhəti və sağlamlıqları barədə məlumatlı olmaları üçün yaradılmışdır. Buraya elektrokardioqramın qeydə alınması, qan dövranına nəzarət və digər tibbi xidmətlər paketləri daxildir.
"Azercell" 1996-cı ildə təsis edilmişdir və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirmişdir. Şəbəkə əhalinin 99,8 faizini əhatə edir. "Azercell" 2011-ci ildə 3G, 2012-ci ildə 4G xidmətlərini təqdim etmişdir. 2013-cü ildə isə şirkət mobil elektron imza - "Asan imza" xidmətini həyata keçirən ilk mobil operator olmuşdur.
Dövlət başçısı "SİNAM" MMC-nin stendi ilə də tanış oldu. Əsası 1994-cü ildə qoyulan SİNAM şirkəti kompyuter bazarında və telekommunikasiya texnologiyaları sahəsində özünü etibarlı və ciddi tərəfdaş kimi tanıtmışdır.
Prezident İlham Əliyevə nəqliyyat və texnika, "Yollar GPS" nəzarət sistemi barədə də məlumat verildi.
Qeyd
olundu ki, bütövlükdə bu sərgi Azərbaycanda
İKT-nin inkişafına, yeni faydalı əməkdaşlığın və işgüzar münasibətlərin
qurulmasına mühüm töhfə verəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 3 dekabr.- S.3.