Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası işə başladı

 

Dekabrın 2-də "JW Marriott Absheron" hotelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlamışdır.

AzərTAc xəbər verir ki, 116 ölkədən 780 nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilmişdir.

Sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlamışdır.

Nazir demişdir ki, builki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir. Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Dünyanın 156 dövləti bu Konvensiyaya qoşulmuşdur. Onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından tədbirin işinə uğurlar arzulayan nazir demişdir ki, sessiyanın gündəliyinə uyğun olaraq altı gün ərzində Bakıda ciddi müzakirələr aparılacaqdır.

Nazir sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə nümunə olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirmişdir. Bakının artıq humanitar mədəniyyətin paytaxtı kimi tanındığını vurğulayan natiq, sessiya zamanı keçirilən müzakirələrin müsbət bəhrə verəcəyinə əminliyini ifadə etmişdir.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).

E.Əfəndiyev demişdir ki, UNESCO-nun beynəlxalq əhəmiyyətli tədbirinin ölkəmizdə keçirilməsi qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulmasının bariz göstəricisidir. Belə bir tədbirə Bakının ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin qorunması, eyni zamanda Azərbaycanın mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artması baxımından olduqca əhəmiyyətli hadisədir.

Bu gün Azərbaycan ilə UNESCO arasında işgüzar münasibətin mövcud olduğunu söyləyən natiq demişdir ki, bu münasibət qarşılıqlı hörmətə və etibara əsaslanır.

Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın sessiyanın iştirakçılarına videomüraciəti nümayiş olunmuşdur.

Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən İrina Bokova UNESCO ilə əməkdaşlığa verdiyi xüsusi önəmə görə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmiş və sessiyanın işinə uğurlar arzulamışdır. Mədəni irsin qorunması sahəsində ölkəmizin fəaliyyətini yüksək dəyərləndirən İ.Bokova Azərbaycanın qədim tarixə və mədəniyyətə malik bir məkan olduğunu vurğulamışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açıq elan etmişdir.

Tədbir iştirakçılarını salamlayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O, demişdir ki, 5 dilə tərcümə olunan bugünkü debatlar  təmsil etdiyi qurumun internet saytında canlı yayımlanır. İştirakçılar saytdan sessiyanın işi ilə bağlı bütün məsələlər haqqında dolğun məlumat əldə edə bilərlər.

Sessiyanın gündəliyində duran ən əsas məsələ təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısı və bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısı üzrə qərarın verilməsidir. İnanırıq ki, altı gün ərzində Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanda bu məsələ ətrafında geniş fikir mübadiləsi aparmağa nail olacağıq.

Sesil Düvel demişdir ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibətilə böyük sərgi təşkil olunacaqdır. Sərgidə dünyanın müxtəlif ölkələrində çəkilmiş qeyri-maddi mədəni irslə bağlı fotoşəkillər nümayiş etdirməklə, canlı irsin davamlı inkişafda önəmli rol oynadığını bir daha göstərmək niyyətindəyik.

Tədbirdə sessiyanın gündəliyi qəbul olunmuşdur.

Konvensiyanın katibi sessiyada müzakirə olunacaq məsələlərin qısa şərhini vermişdir.

Sesil Düvel demişdir ki, gündəlikdə duran məsələlər 19 maddədən ibarətdir və bəzilərinin də alt maddələri vardır. Ümumilikdə gündəlikdə 30 məsələ öz əksin tapmış və olduqca dolğun olan cədvəlimiz bizdən vaxtdan səmərəli istifadə olunmasını tələb edir. Gündəlikdəki məsələlər 4 sahə üzrə bölünmüşdür.

Sesil Düvel katibliyin 2013-cü il işlərinə və 2-ci kateqoriya mərkəzlərinin UNESCO-nun strategiyaları və proqramına (2012-2013) töhfəsinə dair hesabatla çıxış etmişdir. Sənəddə imkanların artırılması üzrə qlobal strategiya da daxil olmaqla katibliyin işinə dair ətraflı məlumat təqdim olunmuş, həmçinin ikinci kateqoriya mərkəzlərinin töhfələri öz əksini tapmışdır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi tərəfindən hesabatla bağlı iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Tədbir iştirakçıları tərəfindən hesabat qəbul edilmişdir.

Günün ikinci yarısında sessiya işini mədəniyyət sektorunda UNESCO-nun standartlarının müəyyənləşdirilməsi işlərinə dair Daxili Nəzarət Xidmətinin qiymətləndirilməsi və mədəniyyət sektorunda standartların müəyyənləşdirilməsi işinin metodikasının auditi üzrə hesabatın dinlənilməsi və müzakirəsi ilə davam etdirmişdir.

Tədbirdə iştirak edən UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilindən məmnunluğunu dilə gətirmiş və bu işdə zəhməti olan hər kəsə təşəkkür etmişdir.

Qonaq demişdir ki, bu müzakirələr gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Fasilə müddətində qonaqlar Azərbaycan xalq çalğı alətləri nümunələri ilə tanış olmuş və gənc musiqiçilərin ifasında xalq və bəstəkar mahnılarını dinləmişlər.   Sessiya işini dekabrın 7-dək davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 3 dekabr.- S.5.