Baş nazirin müavini Elçin
ƏFƏNDİYEV: «UNESCO-nun bu mühüm
sessiyasının Bakıda keçirilməsi cəmiyyətimiz
və ictimai həyatımız üçün olduqca əlamətdar
hadisədir»
AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində söyləmişdir.
Baş nazirin müavini Azərbaycan ilə UNESCO arasında qarşılıqlı hörmətə, ehtirama və etimada söykənən işgüzar əlaqələrin yarandığını nəzərə çatdırmışdır. O, xüsusən son illərdəki fəaliyyəti qeyd edərək bildirmişdir ki, bu müddətdə Azərbaycan ilə UNESCO arasında əlaqələr daha da genişlənmiş, Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunmuşlar.
E.Əfəndiyev vurğulamışdır ki, bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. O bildirmişdir ki, Prezident İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubu Azərbaycan hökumətinin UNESCO ilə əməkdaşlığın inkişafına verdiyi qiymətin bariz nümunəsidir.
Baş
nazirin müavini təqribən bir həftə davam edəcək
sessiyanın ölkəmizdə keçirilməsinin Azərbaycan-UNESCO
əlaqələrinin daha da inkişaf etməsində
xüsusi rol oynayacağını demişdir.
Azərbaycan.-2013.- 3 dekabr.- S.5.