UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası
üçün çox geniş və gərgin iş cədvəli
nəzərdə tutulub
Dekabrın 2-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, yerli və xarici jurnalistlərin qatıldıqları konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun mədəniyyət işləri üzrə direktor müavini Françesko Bandarin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi Sesil Düvel sessiyanın məqsəd və vəzifələrindən danışmışlar.
Əbülfəs Qarayev Azərbaycanın təkliflərini dəstəkləyərək Konvensiyanın yubileyinə həsr olunmuş 8-ci sessiyanın ölkəmizdə keçirilməsinə qərar verdiklərinə görə komitə üzvlərinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, sessiyanın keçirilməsində Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü xüsusi vurğulanmalıdır.
Nazir bir həftə müddətində belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycan üçün yeni təcrübə olduğunu bildirmişdir. O, sessiyaya ev sahibliyi edən ölkə olaraq Azərbaycanın da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini və sessiyanın işinin yüksək səviyyədə təşkil olunması üçün tam qüvvə ilə çalışacaqlarını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, sessiyada iştirak üçün 116 ölkədən 780 nümayəndə ilkin qeydiyyata alınmış, 103 ölkədən nümayəndələr isə artıq paytaxtımızdadır. Qalan iştirakçıların isə sessiya müddətində gəlməsi nəzərdə tutulmuşdur.
Diqqətə çatdırılmışdır ki, sessiyanın gündəliyində müzakirə olunacaq məsələlər nəinki UNESCO-nun qeyri-maddi mədəni irs sahəsində işlənəcək proqramlarını əhatə edəcək, eyni zamanda tədbirdə gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən qərarlar qəbul olunacaqdır. Burada qeyri-maddi mədəni irsin siyahısına qəbul olunacaq irs nümunələri ilə yanaşı, bəzi təcili yardıma ehtiyacı olan qeyri-maddi mədəni irs nümunələrinin qorunması, həmçinin müxtəlif ölkələrə müəyyən yardımların verilməsi haqqında məsələlərə də baxılacaqdır. Bir sözlə, sessiya üçün çox geniş və gərgin iş cədvəli nəzərdə tutulmuşdur.
Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürü bildirmişdir. Qeyd olunmuşdur ki, sessiyada UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına qəbul olunacaq irs nümunələri də müzakirə ediləcəkdir. Bu siyahıya təqdim olunmuş bütün sənədlər UNESCO-nun kriteriyalarına uyğundur.
Hər bir ölkənin bu siyahıya qəbul olunmaq üçün bir təklif verə bilmə imkanı olduğu vurğulanaraq qeyd edilmişdir ki, Azərbaycandan bu siyahıya çövkən oyunu təklif olunmuşdur.
Nəzərə çatdırılmışdır ki, sessiya müddətində iştirakçı ölkələrin təklif etdikləri irs nümunələri ətrafında təqdimatlar keçiriləcək və geniş məlumatlar veriləcəkdir.
Vurğulanmışdır ki, sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni proqramların təşkili planlaşdırılmışdır.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.
Azərbaycan.-2013.- 3 dekabr.- S.5.