Bakıda qeyri-maddi mədəni
irsin qorunmasına
həsr olunmuş Beynəlxalq QHT Forumu
Dekabrın 2-dən 8-dək Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının 10 illik yubileyi çərçivəsində dekabrın 1-də "JW Marriott Absheron" hotelində qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, forumda 150-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatının, eləcə də "Azərbaycan Xalçaçıları" və "Musiqi Dünyası" ictimai birliklərinin nümayəndələri iştirak etmişlər.
Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının rolunun artırılması və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından böyük əhəmiyyətə malikdir.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının katibliyinin nümayəndəsi Elena Drobna çıxış edərək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının əhəmiyyətindən, burada qəbul ediləcək qərarların vacibliyindən danışmışdır. Bildirilmişdir ki, UNESCO-nun 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin ali məclislərində indiyədək 156 QHT akkreditə olunmuşdur. Onların bəziləri qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, digərləri sadəcə mədəni vasitəçi kimi fəaliyyət göstərirlər.
Forum QHT-lərin qazandıqları təcrübələri və onların əlaqəli fikirlərini bir araya gətirməklə Bakıdakı sessiyanın uğurlu keçməsinə zəmin yaradacaqdır.
"Traditions pour Demain" QHT-nin forum üzrə nümayəndəsi Dieqo Qradis UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında müzakirə olunacaq məsələlərdən danışmışdır. Diqqəti QHT-lərin roluna yönəldən natiq müvafiq məsələlərin müzakirəsində vətəndaş cəmiyyəti institutlarının iştirakının vacibliyindən söhbət açmış, onların bu məsələdə fəallıq göstərəcəyinə əminliyini ifadə etmişdir.
Daha sonra "Tapis plein" təşkilatının forum üzrə nümayəndəsi Jorijn Neyrinckin "QHT və UNESCO-nun 2003-cü il Konvensiyası" mövzusunda məruzəsi dinlənilmişdir. O, sessiyanın gündəliyində QHT-lərlə bağlı yer alan əsas məsələlər barədə məlumat vermişdir.
Qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumunda bir sıra təqdimatlar olmuşdur.
Forumda Hindistan nümayəndəsi xanım Ananiya Bhattaçariyanın "Qeyri-maddi irsin qorunmasında insan kapitalına investisiya qoyulması mədəniyyətin və inkişafın birliyi kimi", Kanadadan qeyri-maddi mədəniyyət üzrə Kvebek şurasının təmsilçisi Antuan Qotye "Qeyri-maddi irsin ölçülməsi", Koreya Respublikasından qeyri-maddi mədəni irs üzrə şəbəkənin nümayəndəsi xanım Sumi Nam "QHT-lər dövlət və cəmiyyət arasında informasiya və kommunikasiya mübadiləsinin əlaqələndiricisi kimi" mövzularında təqdimatlar etmişlər.
Təqdimatlarda müvafiq QHT-lərin təcrübələri diqqətə çatdırılmış, bu sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Mövzular ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.
Tədbir
Azərbaycan, ingilis, ərəb, ispan və fransız dillərində
http://www.unesco.org/culture/ich/index.php?lg=en&pg=422 səhifəsində
canlı olaraq yayımlanmışdır.
Azərbaycan.-2013.- 3 dekabr.- S.5.