Heydər Əliyev Sarayında «Azərbaycan rəqs dünyası» adlı konsert

 

Xəbər verdiyimiz kimi, dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi tədbirləri keçirilir.

AzərTAc xəbər verir ki, dekabrın 1-də Heydər Əliyev Sarayında tədbir iştirakçılarının və qonaqların şərəfinə "Azərbaycan rəqs dünyası" adlı konsert təşkil olunmuşdur.

Konsertdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs QarayevUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel çıxış etmişlər.

Nazir Ə.Qarayev bildirmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının 10 illik yubileyi ilə eyni vaxta düşməsi onun əhəmiyyətini daha da artırır və Azərbaycanın  belə mötəbər sessiyaya ev sahibliyi etməsi böyük şərəfdir. Ölkəmiz ilə UNESCO arasında əlaqələr iyirmi ildir ki, yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu təşkilatla əməkdaşlığa xüsusi diqqət göstərmələri əlaqələrin inkişafında böyük rol oynayır.

Qeyd olunmuşdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası müasir beynəlxalq hüququn ən işlək mexanizmlərindən biridir. Burada söhbət hər bir xalqın mənəvi dəyərlərindən gedir. Ulu babalarımızdan miras qalmış bilik və bacarıqlar, adət və ənənələr bizim qeyri-maddi mədəni və mənəvi irsimizi təşkil edir və hər bir xalqın özünəməxsusluğunu göstərir. Azərbaycan müvafiq Konvensiyanı 2007-ci ildə ratifikasiya etsə də, hələ 2003-cü ildə muğamımız müvafiq proqram çərçivəsində bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. Daha sonra Azərbaycanın aşıq sənəti, xalça sənəti, Novruz bayramı və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sesil Düvel sessiyanın təşkilinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş, təmsil etdiyi təşkilatla əlaqələrin möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük diqqət və qayğısını xüsusilə vurğulamışdır.

O qeyd etmişdir ki, bir neçə ay ərzində bu tədbirin hazırlanmasında nümayiş etdirilən peşəkarlıq və səmərəlilik, həm təşkilatçılıq, həm də əhval-ruhiyyə baxımından sessiyanın mükəmməlliyini təmin etmişdir.

Sonra konsert proqramı təqdim olunmuşdur. Balet ustalarının performansı ilə başlanan konsert müxtəlif milli rəqs nömrələrimizlə davam etmişdir.

 

Azərbaycan.-2013.- 3 dekabr.- S.5.