Məhəmməd ƏLBEYƏLİ: «UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası Azərbaycanın nailiyyətlərini təbliğ etmək üçün çox yaxşı fürsətdir»

 

Bu sözləri Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçısı, Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Əlbeyəli müsahibəsində bildirmişdir.

Sessiyanın təşkilini yüksək qiymətləndirən Məhəmməd Əlbeyəli demişdir ki, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və onun nüfuzunun daha da yüksəlməsinə imkan yaradır. Buraya toplaşan dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bütün dünyanı narahat edən suallar ətrafında maraqlı və geniş müzakirələr aparırlar.

Sessiyanın səmərəli və maraqlı keçdiyini diqqətə çatdıran Məhəmməd Əlbeyəli dünya miqyasında tanınmış şəxslərlə Bakıda görüşməkdən məmnunluğunu ifadə etmişdir.

Azərbaycan paytaxtı haqqında fikirlərini bölüşən qonaq Bakıda mehribanlıq və qonaqpərvərliklə qarşılandıqlarını vurğulamışdır. Qonaq demişdir: "Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Azərbaycanın böyük dostudur, bizim aramızda çox sıx iqtisadi və mədəni əməkdaşlıq mövcuddur. Düşünürəm ki, bütün sahələrdə - həm iqtisadi, həm hərbi-texniki, həm də diplomatik sahələrdə əməkdaşlığımız bundan sonra da inkişaf edəcəkdir".

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 3 dekabr.- S.5.