GUAM Parlament Assambleyasının Tbilisidə keçirilən 6-cı sessiyasında

Azərbaycan geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunur

 

Gürcüstan paytaxtında GUAM Parlament Assambleyasının 6-cı sessiyası işə başlamışdır. Sessiyanı GUAM PA-nın sədri vəzifəsini icra edən Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze açmışdır. Parlamentin sədri David Usupaşvili Gürcüstanın GUAM Parlament Assambleyasına bir illik sədrliyi dövründə görülən işlərə diqqəti çəkmiş, üzv ölkələr arasında sosial-siyasi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğur gətirəcəyinə əmin olduğunu vurğulamışdır.

Azərbaycan sessiyada geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunur. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, bu sessiya beynəlxalq və bölgə təhlükəsizliyinə dəstək sahəsində parlamentlərarası əməkdaşlığın rolu, GUAM ölkələrinin sərhədləri çərçivəsində mövcud olan münaqişələrin region və beynəlxalq təhlükəsizliyə, sabitliyə, inkişafa təsiri məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Z.Əsgərov qeyd etmişdir ki, sessiyada siyasi münasibətlər, Avropa və Avratlantika strukturlarına inteqrasiya, bu sahədə qazanılmış təcrübələr, GUAM-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, həmçinin quruma üzv ölkələrin iqtisadi potensialı və başqa mövzular ətrafında fikir mübadiləsi aparılır. Bu məsələlərin hər biri Azərbaycan üçün də çox önəmlidir.

Azərbaycan nümayəndə heyətinin sessiyanın gündəliyinə çıxarılmış məsələlərə milli maraqlar baxımından yanaşdığını, mövcud vəziyyət barədə iştirakçıları ətraflı məlumatlandırdığını bildirən Z.Əsgərov demişdir: Biz bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu sessiyada da Qarabağ münaqişəsi ilə əlaqədar məsələ qaldırmaq fikrindəyik. GUAM ölkələri bu münaqişə barədə kifayət qədər məlumata malikdirlər. Hazırkı sessiyada GUAM-ın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan nümayəndələrin də iştirak etdiklərini nəzərə alsaq, bu məsələnin bir daha gündəmə gətirilməsi məncə çox önəmlidir.

Milli Məclisin deputatı Elton Məmmədov qeyd etmişdir ki, sessiyada GUAM üzvü olan ölkələrin nümayəndə heyətləri ilə yanaşı, GUAM-la əməkdaşlıq edən beynəlxalq təşkilatlardan da nümayəndələrin iştirakı təqdirəlayiqdir. E.Məmmədov bu sessiyada Azərbaycanın iqtisadiyyat və ticarət bölməsinə rəhbərlik etdiyini bildirərək demişdir: Bu bölmədə sədrlik mənə həvalə olunmuşdur. Güman edirəm ki, Azərbaycanın maraqlarına daxil olan bütün məsələlərin müzakirə mövzusuna çevrilməsini təmin edə biləcəyik.

Sessiyanın sonunda qəbul ediləcək rəsmi sənəddə dondurulmuş münaqişələrə münasibət məsələsinin geniş yer alması, fikrimizcə müsbət haldır. Belə ki, uzun illər ərzində real həllini tapmamış münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə GUAM üzvü olan ölkələrlə yanaşı, bu qurumun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların da münasibət bildirmələrinə çağırış, yəqin ki, ədalətin bərpa olunmasına müsbət təsir göstərəcəkdir.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili vurğulamışdır ki, sessiyada qəbul ediləcək bəyannamənin və birgə bəyanatın mətnləri üzərində iş başa çatdırılmışdır. O, Tbilisidə keçirilən sessiyanın GUAM-ın gələcək səmərəli fəaliyyətinə yol açan tədbirlərdən biri olacağına əminliyini ifadə edərək demişdir ki, təşkilatın 2014-cü il üçün fəaliyyət planı da təsdiq olunmuşdur.

V.Çeçelaşvili əlavə etmişdir ki, GUAM üzvü olan ölkələrin sərhədləri çərçivəsində münaqişələrin mövcud olması təəssüf doğurur: Biz münaqişələri deyil, münaqişələrin tənzimlənməsi prinsiplərini müzakirə edirik. Həmin prinsiplər barədə sessiyanın yekununda qəbul ediləcək bəyannamə və birgə bəyanatda geniş əksini tapacaqdır. Bu sənədlər lazımi təşkilatlara göndərilib yayılacaqdır, - deyə V.Çeçelaşvili vurğulamışdır.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2013.- 3 dekabr.-S.6.