Yazıçı Elmira Axundovanın «Heydər Əliyev: Şəxsiyyət və zaman»

 roman-tədqiqatının beşinci cildinin təqdimatı olmuşdur

 

Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" çoxcildliyinin Azərbaycan dilində beşinci "Ömrün Naxçıvan aşırımları" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, Elmira Axundova "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-tədqiqatını 10 il müddətində topladığı materiallar, faktlar əsasında yazmışdır. Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində saxlanılan materiallar romanın əsasını təşkil edir. Təqdim olunan beşinci cilddə ulu öndər Heydər Əliyevin Naxçıvana dönüşü, muxtar respublikada fəaliyyəti ilə bağlı az məlum olan faktlar və məlumatlar yer almışdır.

Milli Məclisin deputatı Fəttah Heydərov dekabrın 12-də ulu öndərin vəfatının 10 illiyinin tamam olacağını qeyd edərək bu təqdimatın onun xatirəsini yad etmək üçün yaxşı tədbir olduğunu qeyd etmişdir. O, müasir müstəqil Azərbaycanın qurucusu ulu öndərin xatirəsini anmaq üçün belə bir tədbirin təşkilinə görə Elmira Axundovaya təşəkkürünü bildirmişdir. F.Heydərov qeyd etmişdir ki, onun da xatirələri bu kitaba daxil edilmişdir. Kitabda yer alan həmin dövrün Azərbaycan üçün çox gərgin keçdiyini deyən deputat ulu öndər Heydər Əliyevin titanik səyləri sayəsində ölkəmizin indiki güclü səviyyəyə çatdığını vurğulamışdır. "Ulu öndər hakimiyyətə gəldikdən sonra mədəni, iqtisadi, sosial həyatda dirçəliş başladı. Onun Azərbaycanın inkişafı üçünetdiyi gözümüzün qarşısında olmuşdur", - deyən F.Heydərov belə bir kitabı yazdığına görə Elmira Axundovaya təşəkkür etmişdir.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək demişdir: Kitabın dəyəri birondan ibarətdir ki, müəllifin bu 10 il ərzində müsahibələr aldığı insanların bəziləri artıq həyatda yoxdur: "Artıq həmin insanlardan bu faktları toplamaq mümkün deyilbunu Elmira Axundova etməklə o insanların dediklərini tarixə salmışdır". S.Novruzov bildirmişdir ki, kitab ulu öndərin Naxçıvanda çətin vəziyyətdəki fəaliyyətini faktlarla göstərir. Məhz ümummilli liderin səyləri sayəsində Azərbaycan bu gün dünyada inkişaf edən ölkələr sırasındadır. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu quruculuqinkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini demişdir.

Milli Məclisin deputatı Mixail Zabelin kitabın Heydər Əliyevin şəxsiyyət kimi özəlliklərini açıb göstərdiyini söyləmişdir. Deputat qeyd etmişdir ki, o vaxt Heydər Əliyevə Azərbaycanın çox böyük ehtiyacı var idi. "Heydər Əliyevin tərəfdarları onun Azərbaycanı xilas etmək üçün ölkəyə qayıtmasına çox böyük çətinliklərlə nail oldular. O illər ağır illər idi. Məhz onun titanik əməyi sayəsində Azərbaycan o çətin dövrü keçdi", - deyə M.Zabelin vurğulamışdır.

Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran əsərin bundan sonra Heydər Əliyev barədə yazılacaq kitablar, çəkiləcək filmlər üçün dəqiq mənbə olacağını demişdir. O qeyd etmişdir ki, ulu öndərlə bağlı nə qədər yazılsa da, bitən deyildironun şəxsiyyəti zaman-zaman öyrəniləcəkdir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə demişdir ki, zaman keçdikcə Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin, onun ideyalarının əhəmiyyətini daha yaxşı görəcəyik. O, ulu öndərin ideyalarının Azərbaycan üçün önəmli olduğunu, bu ideyaların indi də Azərbaycanın inkişafına, xalqın rifah halının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. V.Rəhimzadə bildirmişdir ki, ümummilli lider haqqında çox kitab yazılmışdır, lakin Elmira Axundovanın kitabında tarixi faktlar, həmin dövrün canlı şahidlərinin dedikləri toplanmışdır. Bu da əsəri əvəzsiz tarixi mənbəyə çevirir.

Sonda kitabın müəllifi Elmira Axundova tədbir iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmişdir.

 

Azərbaycan.-2013.- 3 dekabr.-S.7.