Londonda fəaliyyət göstərən
«Azərbaycan Evi» beş
yaşını qeyd etdi
Londonda fəaliyyət göstərən "Azərbaycan Evi"nin təsis edilməsinin 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə İngiltərə-Azərbaycan Cəmiyyətinin mərhum həmsədri Lord Freyzerin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
London, Oksford və Leeds universitetlərinin müəllimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tamara Draqadzenin "Azərbaycan Evi"nin 5-ci ildönümü ilə əlaqədar təbrik məktubu oxunmuşdur.
"Azərbaycan Evi"nin nümayəndəsi Fəridə Pənahova təmsil etdiyi mədəniyyət evi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizin adını daşıyan bu dostluq mərkəzi Britaniyada yaşayan, təhsil alan həmvətənlərimizin təşəbbüsü ilə təsis edilmişdir. Azərbaycan ilə bağlı tədbirlərin, sərgilərin, bayramların qeyd edildiyi dostluq və mədəniyyət evinin qapıları həmvətənlərimizin üzünə daim açıqdır.
"Azərbaycan Evi"nin icraçı direktoru, doktor Əli Təkin Atalar Böyük Britaniyadakı səfirliyimizə və dostluq evinin fəaliyyətində kömək göstərən həmvətənlərimizə minnətdarlığını bildirmişdir.
Azərbaycan mədəniyyət evinin fəaliyyəti haqqında məlumat verən Ə.T.Atalar gələcəkdə də ölkəmizin diasporunu layiqincə təmsil edəcəklərinə əminliyini ifadə etmişdir.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov qonaqları mədəniyyət evinin yaranmasının 5 illiyi münasibətilə təbrik etmişdir. Səfir demişdir ki, ötən müddətdə "Azərbaycan Evi" uğurlu yol keçmiş, ölkəmiz ilə əlaqədar siyasi, ictimai, mədəni və başqa bir çox tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. Diplomat "Azərbaycan Evi"nin Britaniyada yaşayan həmvətənlərimizi bir araya gətirmək, ölkəmizin mədəniyyətini, adət-ənənələrini Britaniya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulamışdır. Böyük Britaniya ilə Azərbaycanın münasibətlərinin ildən-ilə daha da genişləndiyini diqqətə çatdıran F.Qurbanov "Azərbaycan Evi" kimi təşkilatların sayının artırılmasının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Sonra "Azərbaycan Evi"nin beşillik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
"Azərbaycan Evi" tərəfindən səfir Fəxrəddin Qurbanova və bu mədəniyyət evinin fəaliyyətində yaxından kömək göstərən daha bir neçə həmvətənimizə dostluq simvolu olan xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbir çərçivəsində gənc rəssam Kəbirə Əliyevanın əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Mərasimdə ziyafət təşkil edilmiş, qonaqlar milli mətbəximizin ləziz təamlarından dadmışlar.
Sonda
Gefri Verbok, Nəzrin Rəşidova, Ayan Salahova, Fərhad
Nishat, Babək Bəhtəvərin ifasında konsert
proqramı təşkil edilmiş, müxtəlif musiqi alətlərində
milli musiqimizdən, yerli və dünya bəstəkarlarının
əsərlərindən nümunələr səsləndirilmişdir.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 3 dekabr.-S.12.