Rusiya Prezidenti: Rusiya Ermənistan və Azərbaycan rəhbərləri

 arasında birbaşa əlaqələrin bərpa olunmasını alqışlayır

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunmuşdur.

Prezident V.Putin demişdir: "Aktual regional və beynəlxalq məsələlərin müzakirəsi kontekstində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyətə də toxunulmuşdur. Rusiya Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa əlaqələrin bərpa olunmasını alqışlayır. Hörmətli həmkarlar, bildiyiniz kimi, bu yaxınlarda mən Bakıda səfərdə olmuşam. Biz münaqişənin tənzimlənməsi perspektivləri barədə Azərbaycan Prezidenti ilə də çox ətraflı söhbət etdik. Bunu qeyd etmək mənim üçün çox xoşdur ki, noyabrın 19-da Vyanada keçirilmiş görüş aşkar pozitiv xarakter daşıyırdı. Biz sağlam düşüncəyə və hər iki tərəfin münaqişənin tənzimlənməsinə çalışmasına çox ümid edirik. ATƏT-in Minsk qrupu çərçivəsində hər vasitə ilə buna kömək edəcəyik".

Rusiya Prezidenti erməni jurnalistin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə Rusiyanın buna reaksiyası barədə sualına cavab olaraq qeyd etmişdir ki, mübahisəli məsələlərin yalnız siyasi, diplomatik vasitələrlə həll edilməsinə nail olmaq lazımdır. "Bizbuna çalışacağıq", - deyən Rusiya Prezidentinin fikrincə, Ermənistanla Azərbaycan arasında müharibə başlanacağı təqdirdə Rusiyanın nə edəcəyi barədə hipotetik söhbətlər "tamamilə səmərəsizdir". O demişdir: "Bu o demək olardı ki, biz müharibəyə hazırlaşırıq".

Rusiya Prezidenti daha sonra demişdir: "Biz istərdik ki, Rusiya sərhədinə bu qədər yaxın yerləşən və Rusiya Federasiyası ilə bu cür sıx əlaqələri olan regionda bir də heç vaxt qan tökülməsin - istər Ermənistan vətəndaşlarının, istərsə də Azərbaycan Respublikasının vətəndaşlarının. Biz məhz bunun üzərində işləyirik".

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 4 dekabr.- S.3.