"Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları"nın təsdiq edilməsi və "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq  edilməsi haqqında" Azərbaycan   Respublikası Nazirlər Kabinetinin  2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 327             Bakı şəhəri, 18 noyabr 2013-cü il

 

 

Azərbaycan  Respublikası Prezidentinin  2011-ci il 7 iyul  tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 6.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara  alır:

1. "Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi  salonlarının güzəştli  şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik  Toplusu, 2007, ¹ 11, maddə 1189;  2008, ¹ 6, maddə 586, ¹ 10, maddə 937; 2009, ¹ 10, maddə 846) ilə  təsdiq edilmiş "Dövlət əmlakının (mənzil  fondundan başqa) icarəyə  verilməsi üçün icarə haqqının minimum məbləği" cədvəlinin 1-ci bəndinə "emalatxanalar" sözündən sonra ", yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2013-cü il 18 noyabr tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi QAYDALARI

 

1. Bu Qaydalar dövlət mülkiyyətində olan yaradıcılıq emalatxana-larının, sərgi salonlarının (bundan sonra – emalatxana və salonlar) güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi qaydalarını  tənzimləyir.

2. Emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi zərurəti yarandıqda, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra – Nazirlik) güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi nəzərdə tutulan emalatxana və salonların siyahısını müəyyən edir və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra – Komitə) təqdim edir.

3. Bu Qaydaların 2-ci hissəsində göstərilən siyahıya əsasən Komitə emalatxana və salonların istifadəyə verilməsi barədə yaradıcı gənclərlə (istifadəçilərlə) müqavilə bağlayır.

4. Güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin siyahısı Nazirliyin yaratdığı komissiya tərəfindən müəyyən edilir. Komissiya say tərkibi 5 nəfər olmaqla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  (1 nəfər), Azərbaycan Rəssamlar İttifaqının (1 nəfər) və Azərbaycan Memarlar İttifaqının (1 nəfər) nümayəndələrindən təşkil edilir. Komissiyanın reqlamenti Nazirlik tərəfindən təsdiq olunur.

5.   Komissiyanın vəzifələri aşağıdakılardır:

5.1. güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin seçilməsi meyarlarını müəyyən etmək;

5.2. yaradıcı gənclərin yazılı müraciətləri daxil olduqca onlara 1 ay ərzində baxıb qeyd edilən meyarlara əsasən gənclərin güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququnun uyğunluğunu müəyyən etmək və bu barədə müraciət edənlərə müvafiq bildiriş göndərmək;

5.3.  hər bir müraciətə fərdi qaydada baxıb yaradıcı gəncin  güzəştli şərtlərlə emalatxana və salonları  istifadəyə götürmək hüququnun olmasını müəyyən etdikdən sonra 10 gün müddətində bu barədə məlumatı Nazirliyə təqdim etmək.

6. Nazirlik bu Qaydaların 5-ci hissəsində göstərilən komissiyanın təqdim etdiyi məlumatı 7 gün müddətində Komitəyə göndərir.

7. Emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi, güzəştli şərtlərlə emalatxana və salonları  istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin seçilməsi meyarları, həmçinin yaradıcı gənclər tərəfindən müraciətlərin təqdim edilməsi yeri, vaxtı barədə məlumat Nazirlik tərəfindən rübdə bir dəfədən az olmayaraq rəsmi kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında yerləşdi-rilir.

8. Emalatxana və salonların idarə olunması, həmçinin saxlanılması xərclərinin ödənilməsi məsələlərinin həlli həmin emalatxana və salonların balansında olduğu təşkilat tərəfindən həyata keçirilir.

9. Emalatxana və salonların kommunal xərcləri istifadəçilər tərəfindən əhalinin istehlakçı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir.

10. Komitə emalatxana və salonların təyinatı üzrə səmərəli istifadə-sinə nəzarət etmək, onların səmərəli istifadə olunmasını təmin etməyən istifadəçilərlə bağlanmış müqavilələri qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv etmək hüququna malikdir.

11. Komitə emalatxana və salonların yaradıcı gənclərə istifadəyə verilməsi, onlarla bağlanmış müqavilələrə xitam verilməsi, habelə bu müqavilələrdə dəyişikliklər edilməsi barədə müvafiq sorğu əsasında Nazirliyə məlumat verir.

12. Dövlət mülkiyyətində olan yeni emalatxanaların istifadəyə verilməsi “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə müəyyən olunmuş qaydada tənzimlənir.

 

Azərbaycan.-2013.- 4 dekabr.- S.2.