Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı

 Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır

 

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası davam edir.

AzərTAc xəbər verir ki, sessiya çərçivəsində dekabrın 3-də Komitə bürosunun görüşü keçirilmişdir. Müzakirələr komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirilmişdir.

Günün birinci yarısında iştirakçı dövlətlərin dövri və beynəlxalq yardımın istifadə olunmasına dair hesabatları dinlənilmişdir.

Çıxış edən iştirakçı ölkələrin nümayəndələri sessiyaya uğurla ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirmiş, ölkəmizdəki iqtisadi artımın inkişaf üçün bir çox imkanlar yaratdığını xüsusilə vurğulamışlar. Natiqlər, həmçinin Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən də danışmışlar.

Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional konfliktlərin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti barədə fikirlər səslənmişdir.

Günün ikinci yarısında məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.

Sonra Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilmişdir. İlk müzakirə edilən nominasiya Azərbaycanın ənənəvi Qarabağ oyunu - çövkən olduğundan iclasa sədrlik edən mədəniyyət və turizm naziri Ə.Qarayevi Braziliya nümayəndəsi əvəz etmişdir.

Sonra Azərbaycana aid qovluqda əksini tapmış çövkən oyunu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ənənəvi Qarabağ oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan hər komandanın üzvləri taxtadan, yaxud dəridən düzəldilmiş kiçik topu digər komandanın qapısına vurmağa çalışırlar. Bu oyun, əslində, milli adət-ənənələrdən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.

 Bildirilmişdir ki, Komitənin məşvərət şurasının qərarına əsasən, nominasiya müvafiq kriteriyalara uyğun gəlir. Hazırda gənclərdə çövkən oyunu istiqamətində elə də həvəs müşahidə olunmur. Əlbəttə, bu, daha çox urbanizasiyamiqrasiya ilə əlaqədardır. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə maliyyə yardımı göstərilir. Müvafiq sənədlərdə hüquqi və təşkilati tədbirlər açıq-aydın görünür. Hesabat yoxlanılmışdır.

Sonra çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və xalqı adından Komitəyə, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibliyinə təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, çövkən oyununun beynəlxalq səviyyədə tanınması sevindirici haldır. Çövkən oyununun müvafiq siyahıya daxil edilməsi icmalara bu istiqamətdə öz fəaliyyətlərini daha həvəslə davam etdirmək imkanı verəcəkdir.

Nazir bildirmişdir ki, çövkən oyununun bu siyahıya daxil edilməsi çox mükəmməl bir komanda işinin nəticəsində mümkün olmuşdur. Bu, çövkən oyununun Azərbaycanda qorunmasına və daha yüksək səviyyəyə çıxarılmasına böyük təkan verəcəkdir. Beynəlxalq əməkdaşlıq məsələlərində Azərbaycanın həmişə açıq olduğunu deyən Ə.Qarayev diqqətə çatdırmışdır ki, müvafiq Konvensiya həm də insanları birləşdirməlidir. Ona görə də Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması bu birliyə çağıran böyük bir qərardır.

İclas müddətində ümumilikdə 10 nominasiyaya baxılmışdır.

 

Azərbaycan.-2013.- 4 dekabr.- S.3.