«Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
ilə kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf
etdirilməsi» mövzusunda konfrans
keçirilmişdir
Dekabrın 3-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Konfrans öz işini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində davam etdirmişdir. Əvvəlcə tədbir iştirakçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində çağırışçıların çağırış, tibbi komissiyadan keçməsi və qeydiyyata alınması üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbir iştirakçılarına çağırış prosesi və həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi və qeydiyyatı, eləcə də həqiqi hərbi xidmətini başa vurmuş şəxslərin qeydiyyatı barədə geniş məlumat vermişdir.
General-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığının vacibliyini önə çəkmiş, əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media rəhbərləri ilə keçirdiyi görüşdə aktual problemlər haqqında dəyərli fikirlər söyləmişdir.
A.Rəhimov xatırlatmışdır ki, müasir dünyada azad medianın inkişaf səviyyəsi həm də dövlətin tərəqqi səviyyəsini göstərir. Məlumdur ki, Azərbaycan mətbuatı ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyətində bir sıra problemlərlə üzləşmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı addımlar, xüsusən də 1998-ci ildə senzuranın ləğvi ölkəmizdə mətbuatın sürətli inkişafını təmin etmişdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Arzu Rəhimov bildirmişdir ki, Azərbaycan Prezidentinin müvafiq göstərişi ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediaya açıq qurumdur. Biz çalışırıq ki, media ilə işimizi lazımi səviyyədə quraq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xalqla ordu arasında körpü rolunu oynayır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli demişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat nümayəndələrinin ilk dəfə bu formatda görüşü keçirilir. Ümid edirik ki, belə görüşlər davamlı olacaqdır. Təqdirəlayiq haldır ki, Azərbaycan mediasının inkişafı dövlətin diqqət mərkəzindədir. Bu gün kütləvi informasiya vasitələrinə geniş qayğı göstərilir. Bu istiqamətdə müvafiq addımlar atılır, zəruri işlər görülür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən V.Səfərli ölkə mediasının fəaliyyəti və mövcud durumundan geniş bəhs etmişdir.
V.Səfərli görüşə qatılan mətbuat orqanlarının rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək bildirmişdir ki, tədbirdə Azərbaycanda ictimai rəyin formalaşmasına təsir edən media qurumları iştirak edirlər.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da azad medianın inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir.
Daha
sonra tədbir diskussiya şəklində davam etdirilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 4 dekabr.- S.3.