Bakıda Birinci Regional İnternet İdarəçilik
Forumu işə başlamışdır
Dekabrın 3-də Bakıdakı "Kempinski Badamdar" hotelində "İnternet
regional inkişaf və
irəliləyişin hərəkətverici
qüvvəsi kimi"
mövzusunda Birinci
Regional İnternet İdarəçilik
Forumu (RİİF) işə
başlamışdır.
"BakuTel-2013"
Beynəlxalq sərgi-konfransı
çərçivəsində təşkil olunan forum
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə
Departamenti, qurumun Azərbaycan nümayəndəliyi,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə birinci RİİF-nin əsas məramının
ideyaların və təcrübələrin paylaşmasına,
müxtəlif imkanların
və innovativ məhsulların təşviqinə
yönəldiyini diqqətə
çatdırmışdır. Nazir müavini
qeyd etmişdir ki, son bir neçə
ildə dünyada informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişafı istiqamətində
mühüm irəliləyişlərə
nail olunmuşdur. Bu sahə həmçinin ölkə iqtisadiyyatlarının
inkişafına da təkan verir.
Yeddinci İnternet İdarəçilik
Forumunun ötən il Azərbaycanda
keçirildiyini xatırladan
E.Vəlizadə bildirmişdir
ki, inkişaf etməkdə olan ölkələrin bu prosesdə iştiraklarına
imkan yaradılmışdır.
Forumun təşkilatçıları çalışırlar ki,
müxtəlif sektordan
olan İKT mütəxəssislərini
bir araya gətirsin və sahə üzrə müzakirələr aparılsın.
Azərbaycanın bir neçə
yerli və beynəlxalq layihələr
üzərində işlədiyini
söyləyən nazir
müavini demişdir ki, Qərb ilə
Şərqi birləşdirəcək
Trans-Avrasiya Super İnformasiya
Magistralı (TASİM), Avropa-Mərkəzi
Asiya İnformasiya Magistralı layihələri,
süni peykin orbitə çıxarılması,
elektron hökumət,
fiber-optik infrastrukturun
genişləndirilməsi kimi
layihələri buna misal göstərmək olar. Regional forumun böyük əhəmiyyət
kəsb etdiyini vurğulayan E.Vəlizadə
demişdir: "Bu forum internet idarəçiliyi ilə bağlı texniki təcrübəni artırır
və region ölkələrinə
imkan yaradır ki, bu sahədə
baş verən proseslər və yeniliklər barədə xəbərdar olsunlar".
BMT-nin İnkişaf
Proqramının rezident
nümayəndəsinin müavini
Natalia Alhazişvili Azərbaycanın
İKT sahəsindəki təşəbbüslərinin
önəmindən danışmışdır. O bildirmişdir
ki, Azərbaycanda
"ASAN xidmət" mərkəzlərinin
yaradılması xüsusi
qeyd olunmalıdır.
Çünki bu mərkəzlər
şəffaflığın artırılmasına, korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsinə, vətəndaşların əlavə
xərclərinin və
vaxt itkisinin azaldılmasına, eləcə
də elektron xidmətlərdən daha geniş istifadəyə xidmət edir.
Keçən il Bakıda keçirilən
VII İnternet İdarəçilik
Forumunu xatırladan N.Alhazişvili Birinci
RİİF-in də ötənilki
uğuru təkrarlayacağına
inamını ifadə
etmişdir.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə
Departamentinin nümayəndəsi
Vyaçeslav Çerkasov
isə yenidən Bakıya səfərindən
şad olduğunu bildirərək demişdir:
"Bu tədbiri keçənilki
Bakı forumunun davamı kimi qiymətləndirirəm. İnternet bizim
həyatımızın bir
hissəsidir. İnternet sadəcə
maraq dairəsi üçün istifadə
olunmur. Bu sahə həmçinin sosial-iqtisadi inkişafda da önəmli rol oynayır. Bu, artıq qlobal
məhsuldur və hər bir kəs
bundan faydalana bilər".
Tədbirin yüksək səviyyədə
təşkilinə görə
minnətdarlığını bildirən BMT-nin Asiya və Sakit
Okean Ölkələri
üzrə İqtisadi
və Sosial Komissiyasının Şimali
və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri Nikolay Pamoşnikov qeyd etmişdir ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları
ili" kimi qeyd olunur. Eyni zamanda,
Azərbaycan kosmik ailənin də üzvüdür. Bütün bunlar
təqdir olunur. Ümumiyyətlə, dünyada İKT-nin inkişafına gəldikdə, bu sahənin tərəqqisi üçün hər bir ölkədə həm hökumət, həm də cəmiyyət birgə işləməlidir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə
internet idarəçiliyinin mahiyyətindən danışmışdır. O qeyd etmişdir ki, yeni çağırışlar,
yeni mühit internetin inkişafı üçün də problemlər yaradır. Bu cür forumlar
məhz həmin problemlərin müzakirə
olunmasına və həll yollarının tapılmasına töhfə
kimi qiymətləndirilə
bilər. Azərbaycanda internet idarəçiliyi sahəsində
önəmli uğurlar
əldə olunmuşdur.
Biz bu müzakirələri
artıq 10 ildir aparırıq. Düşünürük ki, əldə etdiyimiz təcrübəni
digər ölkələrlə
də paylaşa bilərik. Bu baxımdan bugünkü
forum kifayət qədər
mühüm əhəmiyyət
kəsb edir.
Türkiyənin nəqliyyat, dənizçilik
və kommunikasiya naziri Binəli Yıldırımın salamlarını
iştirakçıların diqqətinə çatdıran
nazirliyin müşaviri
Həsən Durdu bildirmişdir ki, bu forum beynəlxalq internet
idarəçiliyi məsələlərinə
böyük töhfə
verəcəkdir: "Biz forumu
vacib platforma kimi qəbul edirik və burada müzakirə olunacaq məsələlərə
xüsusi önəm veririk".
Bakıya
təxminən 3-4 il əvvəl gəldiyini söyləyən
H.Durdu demişdir:
"Hər səfərimdə
paytaxtınıza vuruluram.
Həqiqətən də qısa
zamanda böyük işlər görülmüşdür.
Mən Bakıda xüsusən də heyrətamiz memarlıq ənənələrini
görməkdən çox
məmnunam".
Türkiyənin Nəqliyyat, Dənizçilik
və Kommunikasiya Nazirliyinin müşaviri növbəti forumun İstanbulda keçirilməsi
arzusunu ifadə etmişdir.
Sonra forum işini
bölmə iclasları
ilə davam etdirmişdir.
Dekabrın 5-dək işini davam
edəcək forumun bölmə iclaslarında
"İnternet idarəçiliyi
regional münasibətlərin inkişafı kimi - Yeni meyillər, imkanlar və risklər", "Sosial şəbəkələr və
sosial media rəqəmsal
geriliyin həlli kimi", "Regional informasiya
təhlükəsizliyi", "Kibercinayətkarlıq", "Azərbaycanda internet idarəçiliyi",
"Milli internet infrastrukturu"
və digər məsələlər
müzakirə ediləcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 4 dekabr.- S.4.