Diaspor təşkilatlarının ilk onlayn forumu keçirilmişdir

 

Xəbər verildiyi kimi, dekabrın 2-də "Bakutel-2013" Azərbaycan Beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın diaspor təşkilatlarının ilk onlayn forumu keçirilmişdir. Tədbir Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmişdir.

Diaspor təşkilatlarının ilk onlayn forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində elan edilmiş "İnformasiya texnologiyaları ili" çərçivəsində təşkil olunmuşdur. Müxtəlif ölkələrdə və qitələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında əlaqənin asanlaşdırılması və gələcəkdə də bu cür onlayn konfranslar keçirilməsi məqsədi ilə həmin təşkilatlar yüksək keyfiyyətli elektron avadanlıqlarla təchiz edilmişdir.

Birinci onlayn forumda bir neçə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının, o cümlədən "ABŞ Azərbaycanlıları Şəbəkəsi", "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu", "Ümumrusiya Azərbaycanlılar Konqresi", "Türk-Azərbaycan Təşkilatları Federasiyası", "Avropa Azərbaycanlılar Konqresi", "Benilüks ölkələri Azərbaycanlılar Konqresi", "Parisdə Azərbaycan Evi" təşkilatlarının nümayəndələri, Azərbaycanın diplomatik missiyalarının rəhbərləri və nümayəndələri iştirak etmişdir.

Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açmışdır. Dövlət başçısı diaspor təşkilatlarının nümayəndələrinə müraciətində qeyd etmişdir ki, Azərbaycan diasporu artıq kifayət qədər təşkilatlanmışdır və xarici ölkələrdə Azərbaycanın mənafelərinin təmin olunmasına çox böyük töhfə verir. Prezident vurğulamışdır ki, güclü Azərbaycan diasporu güclüinkişaf etməkdə olan Azərbaycanın imkanlarını genişləndirir. Dövlət başçısı öz çıxışının sonunda diaspor təşkilatlarını təbrik etmişonlara uğurlar arzulamışdır.

Sonra forum öz işini Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və sədr müavini Valeh Hacıyevin moderatorluğu ilə davam etdirmişdir. Forumda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Avropa Azərbaycanlılar Konqresinin prezidenti Samirə Pattser-İsmayılova, ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçiləri Adil Bağırov və Yusif Babanlı, Türk-Azərbaycan Təşkilatları Federasiyasının sədri Bilal Dündar və Azərbaycanın tanınmış aktyoru Cahangir Zeynalov, Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Benilüks ölkələrinin Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov, "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" İctimai Təşkilatının sədri Hikmət Cavadov, Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru İlqar Hacıyev və başqaları çıxış etmişlər.

Sonra ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçiləri Adil Bağırov və Yusif Babanlı forum iştirakçılarına ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən istifadə edilən elektron texnologiyalarla iş təcrübəsi haqqında danışmış, innovasiyalı elektron sistemlərin başqa ölkələrdə tətbiq edilməsi imkanlarını Şimali və Cənubi Amerikada diaspor təşkilatları ilə iş üzrə şöbənin direktoru Cavanşir Vəliyevlə müzakirə etmişlər. Cavanşir Vəliyev qeyd etmişdir ki, Diasporla üzrə Azərbaycan Dövlət Komitəsi növbəti onlayn konfranslar üçün bütün dünyada, o cümlədən Gürcüstan, Danimarka, İsveç, Estoniya, Litva, Rumıniya, Norveç, Kanada, Qazaxıstan və İsraildə 60 məntəqədə elektron avadanlıqlar quraşdırılmasını nəzərdə tutur.    

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 dekabr.- S.5.