«Bakutel-2013» çərçivəsində
«TASİM» layihəsi ilə
bağlı Anlaşma
Memorandumu imzalanmışdır
Bakıda keçirilən "Bakutel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində dekabrın 3-də "Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır.
AzərTAc xəbər verir ki, memorandum layihəyə daxil olan 5 ölkənin mobil rabitə operatorları - Çinin "China Telekom", Qazaxıstanın "Kaztranskom", Rusiyanın "Rostelekom", Türkiyənin "Türk Telekom" və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi tərəfindən imzalanmışdır.
Memorandumda "TASİM" layihəsi üzrə iştirakçı operatorların vəzifə və səlahiyyətləri, maliyyə öhdəlikləri və hüquqi statusları əks olunmuşdur.
İmzalanmadan sonra layihəyə daxil olan bütün operatorları təbrik edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd etmişdir ki, bu xəttin çəkilməsi həm Cənubi Qafqaz, həm də Avrasiya regionunda rəqəmsal uçurumun aradan qaldırılmasına, yeni elm tutumlu iş yerlərinin yaradılmasına, yüksək internet tələb edən xidmətlərin sayının artmasına ciddi təkan verəcəkdir.
Anlaşma Memorandumuna əsasən, yaxın müddətdə operatorlar TASİM xəttinin inşası və istismarı üzrə də müqavilə imzalayacaqlar.
"TASİM" layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Cənub-Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
BMT-nin Baş Məclisi indiyədək yekdilliklə "TASİM" layihəsini dəstəkləyən üç qətnamə qəbul etmişdir.
İmzalanma
mərasimindən sonra layihəyə daxil olan operatorlar
TASİM üzrə seminar keçirmişlər. İclasda TASİM
katibliyi tərəfindən il ərzində görülmüş
işlərin hesabatı verilmiş,
www.tasim.net internet səhifəsinin təqdimatı
olmuşdur.
Azərbaycan.-2013.- 4 dekabr.- S.5.