«Bakutel-2013» çərçivəsində Regional Rabitə Birliyinə daxil olan

 ölkələrin rabitə administrasiyaları başçılarının görüşü olmuşdur

 

"Bakutel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə administrasiyaları başçılarının görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, iclasda RRB-nin tamhüquqlu üzvləri - Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Ukraynanın və RRB-nin müşahidəçiləri olan Latviyanın, Litvanın və Sloveniyanın rabitə administrasiyalarının rəhbərləri iştirak etmişlər.

Açılış mərasimində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov tədbirin əhəmiyyətini vurğulayaraq RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirmişdir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd etmişdir  ki, son illərdə informasiya-kommunikasiya texnologiyaları  (İKT) sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və cəmiyyətin həyatında aparıcı sahəyə çevrilmişdir. İKT dövlət siyasətində prioritet hesab edilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən 2013-cü ili Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və artıq bu sahənin müxtəlif istiqamətlərini əhatə edən xüsusi tədbirlər planı icra olunmuşdur.

Nazir Əli Abbasov Azərbaycanda  rəqəmli televiziya yayımı sisteminin tətbiqindən danışaraq bildirmişdir ki, ölkəmizdə bu sistemə keçidi zəruri edən başlıca amil televiziya yayımında keyfiyyətə olan tələbat, məhdud tezlik resurslarından səmərəli istifadə olunması və mobil televiziyaya ehtiyacın yaranmasıdır. Hazırda Azərbaycan ərazisinin 96 faizi rəqəmsal yayımla əhatə olunmuşdur. Cari ilin sonunadək  bu göstərici 100 faizə çatdırılacaqdır. Bakıda 100-dən çox, regionlarda isə 40-dək   rəqəmsal televiziya kanalından istifadə olunur.

Tədbirdə internetə genişzolaqlı simsiz çıxışı təmin edən  avadanlığın istehsalının təşkili və onların 694-790 MHz radiotezlik zolaqlarında əsas fəaliyyətləri barədə məlumat verilmişdir.

İclasda mövzu ilə bağlı  çıxışlar və ətraflı müzakirələr aparılmışdır.

Sonda  radiotezlik zolaqlarının səmərəli və perspektiv istifadəsinin aktuallığını və vacibliyini təsdiqləyən yekun sənəd qəbul edilmişdir.

 

Azərbaycan.-2013.- 4 dekabr.- S.5.