Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında hərbi

əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasında səfərdədir.

Dekabrın 3-də nazir Zakir Həsənov əvvəlcə Seuldakı Milli xiyabanı ziyarət edərək Koreya Respublikasının müdafiəsi uğrunda həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşdur.

Sonra Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin binası önündə rəsmi qarşılanma mərasimi olmuş, hərbi orkestrin ifasında Azərbaycanın və Koreyanın dövlət himnləri səslənmişdir.

Koreyanın milli müdafiə naziri Kim Kvan Cin ilə görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş, müdafiə sahəsində də əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi hər iki tərəf üçün faydalıdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin vacib rolu vurğulanmış, hər iki dövlətin rəhbərliyinin bu münasibətlərin inkişafına dəstək verdiyi diqqətə çatdırılmışdır.

Koreya tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilərək bildirilmişdir ki, işğalçı ölkə Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə barədə qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmir.

Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən nazir Zakir Həsənov demişdir ki, Azərbaycan danışıqlar prosesinə paralel olaraq öz ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının modernləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Koreyanın milli müdafiə naziri Kim Kvan Cin müvafiq istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulamışdır.

 Görüşün sonunda nazirlər Azərbaycan Respublikasının Müdafiə NazirliyiKoreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalamışlar.

General-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin xatirə kitabına ürək sözlərini yazmışdır. Koreya Respublikasının Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, admiral Çoi Yun-Hi ilə görüşdə müvafiq sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov səfər çərçivəsində Koreya Milli Müdafiə Nazirliyinin Müdafiə Təminatı Proqramı Administrasiyasının sədri Li Yonq-Geol ilə də görüşmüşdür.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Seul

Azərbaycan.-2013.- 4 dekabr.- S.6.