İtaliyanın nüfuzlu
«M il Magazine»
jurnalında «Azərbaycan: turizmin
inkişaf və adət-ənənə
arasında yeni sərhəd» sərlövhəli məqalə
dərc edilmişdir
İtaliyanın nüfuzlu "M il Magazine" jurnalında "Azərbaycan: turizmin inkişaf və adət-ənənə arasında yeni sərhəd" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycanın zənginliklərindən bəhs edilir. Bildirilir ki, bu gün dünyanı sürətli inkişafı ilə heyran edən Azərbaycan qədim tarixə malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda son illərdə turizm sektorunda müsbət dəyişikliklər müşahidə olunmaqdadır.
Yazıda vurğulanır ki, tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi inkişafın Azərbaycan modeli Cənubi Qafqazın digər ölkələri üçün gözəl bir nümunə ola bilər. 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanda son illər dövlət tərəfindən mədəniyyət və turizm sektorunun inkişafına göstərilən diqqət göz qabağındadır.
Müəllif məqaləsində Romada ilk dəfə keçirilən Azərbaycan-İtaliya turizm forumunun iştirakçıları, ölkəmizin mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun, İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti Manuela Traldinin respublikamızda turizmin inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır.
Yazıda qeyd olunur ki, yeni tikilmiş möhtəşəm hotellər, müasir incəsənətin rəmzi sayılan "Alov qüllələri" kompleksi, gözqamaşdıran göydələnlər Bakıya xüsusi gözəllik verir. Paytaxtımızda aparılan yenidənqurma işləri şəhərin simasını sürətlə dəyişir və ona daha müasir görkəm verir. Enerji ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik bir ölkəyə çevrilmişdir. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu artırmışdır. Respublikamızda tikinti, infrastruktur, sənaye, aqrobiznes, alternativ enerji, ətraf mühit və digər sahələrdə fəaliyyət göstərən İtaliya şirkətləri üçün geniş imkanlar yaradılmışdır.
Müəllif UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında da məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, İçərişəhər Azərbaycana gələn turistlərin böyük marağına səbəb olur. XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan memarlığının nadir incilərindəndir.
Yazıda həmçinin 1990-cı ildə ölkəmizdə baş vermiş Qanlı Yanvar hadisələrindən, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların uyuduğu Şəhidlər xiyabanından, Dövlət Bayrağı Meydanından, Xalça Muzeyindən, özündə müasirliyi ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzindən də bəhs edilir.
Məqalənin
tam mətni ilə http://www.m-ilmagazine.it/?p=1234 linkində
tanış olmaq mümkündür.
Maqsud DADAŞOV,
AzərTAc-ın xüsusi müxbiri,
Roma
Azərbaycan.-2013.- 4 dekabr.- S.8.