«Əhalinin sağlamlığının
qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə»
Azərbaycan Respublikasının 2013-cü il
29 oktyabr tarixli 790-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.5. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu fərmanın 1.4-cü bəndinə əsasən təsdiq ediləcək normativ hüquqi aktda "vəzifə (tarif) maaşlarına əlavə" verilən işçilərin siyahısını da müəyyən etsin;
1.6. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin altıncı hissəsinin ikinci cümləsində və həmin maddənin "Qeyd" hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin qanunun 56-cı maddəsinin altıncı hissəsinin birinci cümləsində (hər iki halda) və həmin maddənin "Qeyd" hissəsinin 1-ci bəndində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. Bu
fərmanın 1.4-cü bəndinə əsasən Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
edilən normativ hüquqi aktda dəyişikliklər yalnız
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 5 dekabr.- S.1.