Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə
Hökumətlərarası Komitəsinin
8-ci sessiyası işini davam etdirir
Dekabrın 4-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirmişdir.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olmuşdur.
İclasda Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilmişdir. Komitənin məşvərət şurasının təhlili və tövsiyələri dinlənildikdən sonra Monqolustan hökumətinin təklif etdiyi kolleqrafiya (şaquli yazılmış hərflər) qovluğunun və Uqandanın Pakko xalqlarının adət-ənənəsinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilmişdir.
Monqolustan və Uqanda nümayəndələri bu qərara görə komitəyə təşəkkürlərini bildirmişlər.
Ə.Qarayev diqqətə çatdırmışdır ki, ümumiyyətlə, sessiyada bu günədək həmin siyahıya salınmaq üçün 11 nominasiyaya baxılmış, onlardan 4-ü qeydə alınmışdır.
İclasda məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, bütün sənədlər ümumi kriteriyaya uyğun olaraq qiymətləndirilir. Hesabat ətrafında rəylər və təkliflər irəli sürülmüşdür. Qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərdə fəaliyyətlər müəyyən edilməli, məqsəd aydın göstərilməlidir.
Sonra ən yaxşı müdafiə təcrübələrində qeydiyyata seçilmə üçün təkliflər nəzərdən keçirilmişdir. Misir və İspaniya tərəfindən olunmuş bu təkliflər məşvərətçi qurumun tövsiyələri nəzərdən keçirildikdən sonra qəbul edilmişdir.
Daha sonra beynəlxalq yardım üçün müraciətlər müzakirə olunmuşdur. İclasda komitə tərəfindən bir müraciət nəzərdən keçirilmişdir. Bu müraciətdə Pakistanın Buten xalq rəqsi üçün yardım edilməsi öz əksini tapmışdır. Məşvərətçi qurumun təhlili və nümayəndələrin təkliflərindən sonra layihə təsdiq edilmişdir.
İclasın birinci hissəsi başa çatdıqdan sonra Qırğızıstan nümayəndə heyəti ilə Əbülfəs Qarayevin görüşü olmuşdur. Qonaqlar belə bir tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmiş və xatirə hədiyyəsi təqdim etmişlər.
Nahar fasiləsində qonaqlara milli mətbəx nümunələrimiz təqdim olunmuşdur.
Günün ikinci yarısında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilmiş və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyalar nəzərdən keçirilmişdir.
Tədbirdə köməkçi qurumdan xanım Noriko Aykavanın məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, köməkçi qurum komitənin 6 üzvündən (İspaniya, Çex Respublikası, Peru, Yaponiya, Nigeriya və Mərakeş) ibarətdir və komitə tərəfindən reprezentativ siyahıya salınmalı olan 2013-cü il nominasiyalarının qiymətləndirilməsi tapşırığı ona həvalə edilmişdir. Qurumun hesabatına bir sıra kəsişən məsələlərə dair 2013-cü il ərzindəki təcrübələrin təhlili və təqdim edilmiş elementlərin siyahıya salınmasına dair tövsiyələr daxildir. Diqqətə çatdırılmışdır ki, bu məsələ ilə bağlı üç növ tövsiyə təklif olunur: siyahıya salmaq, siyahıya salmamaq və ya əlavə məlumatların təmin edilməsi üçün təqdim edən ölkəyə müraciət etmək.
Məruzədən sonra Əlcəzair, Əlcəzair-Mali-Nigerin birgə təqdim etdikləri, həmçinin Avstriya, Banqladeş və digər ölkələrin Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyaları müzakirə edilmişdir.
Ümumilikdə 31 nominasiya
nəzərdən keçiriləcək. Müvafiq
proses növbəti gün
davam edəcəkdir.
Azərbaycan.-2013.- 5 dekabr.- S.3.