Sesil Düvel: «Azərbaycan UNESCO-nun fəaliyyətinə böyük töhfələr verir»

 

Azərbaycan UNESCO-nun mühüm tərəfdaşlarından biridir.  Rəsmi Bakı qurumun fəaliyyətinə böyük töhfələr verir.

Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak edən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi xanım Sesil Düvel müsahibəsində söyləmişdir.

S.Düvel Bakıda keçirilən sessiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının qəbulunun 10 illik yubileyinə təsadüf etdiyini bildirmiş, yüksək səviyyədə təşkil edilmiş tədbirin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, hər il olduğu kimi, bu ilUNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil ediləcək müxtəlif elementlərə baxılır, Konvensiyanın gələcəyi ilə bağlı müzakirələr aparılır. Hökumətlərarası Komitə Konvensiyanın daxili aspektlərinə daha çox diqqət yetirəcək, qeyri-maddi mədəni irslə bağlı bəzi prioritet məsələləri nəzərdən keçirəcək, eləcə də tədricən məhv olmaq təhlükəsi ilə üzləşən milli-mədəni irsin qorunub saxlanması yollarını axtaracaqdır.

Sesil Düvel demişdir: "Mən çox şadam ki, mədəni irsin qorunması Azərbaycan üçün prioritet məsələlərdəndir. Biz bunu ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində açıq-aydın görürük. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsinin əsas səbəblərindən birionun qeyri-maddi mədəni irsin qorunmasına verdiyi əvəzsiz töhfələrdir".  

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 5 dekabr.- S.3.