Azərbaycan-Tailand əlaqələrinin
inkişafında hər iki
ölkənin parlamentlərinin mühüm rolu vardır
Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri dekabrın 4-də Milli Məclisdə olmuşlar.
Azərbaycan-Tailand parlamentlərarası işçi qrupunun üzvləri ilə keçirilən görüşdə qrupun rəhbəri Rauf Əliyev iki ölkə arasındakı münasibətlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan ilə Tailand arasında diplomatik münasibətlər 1992-ci ildə yaranmışdır və bu gün bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələrdən danışan R.Əliyev bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.
Qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan işçi qrupunun rəhbəri bu cür görüşlərin parlamentlərimiz arasındakı münasibətlərin inkişafında önəmli rol oynayacağını diqqətə çatdırmışdır.
R.Əliyev qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir. Bildirilmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də yerinə yetirilmir.
Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Virun Pünsən ölkələrimiz arasında əməkdaşlığın inkişafında qanunverici orqanların da mühüm rol oynadığını vurğulamışdır.
Tailandın Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyən Virun Pünsən gələcəkdə həyata keçiriləcək birgə layihələrin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə
gələn il Tailandda Azərbaycan səfirliyinin
açılacağının gözlənildiyi də diqqətə
çatdırılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 5 dekabr.- S.4.