Azərbaycan-Tailand əlaqələri genişlənir

 

Dekabrın 4-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan-Tailand dövlətlərarası və parlamentlərarası əlaqələrin dinamikası müzakirə olunub.

V.Ələsgərov qeyd edib ki, Azərbaycan-Tailand əlaqələri hələ 1992-ci ildə qurulub: "Artıq siyasi, iqtisadi, mədəni və ticarət sahələri üzrə çox yüksək əlaqələrimiz formalaşıb. İqtisadi əməkdaşlıq olmayan yerdə digər əlaqələrin inkişafından danışmağa dəyməz. Ona görə də hesab edirəm ki, həm hökumət, həm parlament, həm də qeyri-hökumət təşkilatları ölkələrarası iqtisadi əməkdaşlığın daim yüksək səviyyədə olmasına çalışmalıdırlar. Azərbaycan ərazisinə və əhalisinin sayına görə böyük ölkə olmasa da, iqtisadiyyatının inkişafına görə dünya ölkələri arasında ön sıralardadır. Son 10 ildə dünyada sürətlə inkişaf edən 5 ölkə varsa, biri Azərbaycandır. Ölkəmiz artıq öz neftini, qazını sərbəst şəkildə dünya bazarına çıxara bilir".

Tailandla ticarət əlaqələrindən danışan V.Ələsgərov bildirib ki, 2011-ci ildə Azərbaycanın Tailandla 470 milyon dollar ticarət dövriyyəsi olub. Lakin bu göstərici 2012-ci ildə xeyli artaraq 1.5 milyard dollara yaxınlaşıb. Sədr müavininin sözlərinə görə, ölkələrarası məsafənin uzaq olmasına baxmayaraq, Azərbaycanla ticarət dövriyyəsinin artımına görə Tailand ilk yerlərdə qərarlaşır.

Azərbaycanın dəmir yolu, informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrində əldə etdiyi nailiyyətlərdən də söz açan V.Ələsgərov bütün sahələrdə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə olacağına əminliyini bildirib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini də qonaqların diqqətinə çatdırıb. Vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən bir milyondan artıq qaçqın, məcburi köçkünün olması və bu problemin hələ də nizamlanması iqtisadi inkişafa mane olan amillərdəndir. Bununla belə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, ölkəmizə səfərində Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib. Qeyd edib ki, Tailand Azərbaycan neft və qazının əhəmiyyətli istehlakçılarındandır: "Tailand neftqaz kimi təbii sərvətlərə malik olmasa da, ərzaq və kənd təsərrüfatı məhsulları ilə zəngindir. Dərman preparatları sahəsində də birgə əməkdaşlığı təklif edirik. Ümid var ki, ikitərəfli əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək".

V.Pünsən əlavə edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 5 dekabr.- S.4.