Azərbaycan Dövlət İqtisad Universiteti ilə İsveçrənin Biznes

Beynəlxalq Tədqiqatlar Universiteti arasında müqavilə imzalanmışdır

 

Dekabrın 4-də İsveçrənin Cenevrə şəhərində yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (UBIS) icraçı direktoru Patrik Faniel Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.

Professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ADİU ilə UBIS arasında magistratura səviyyəsində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə birgə MBA proqramının əhəmiyyətini vurğulamış və onun uğurla reallaşmasını arzulamışdır.

Rektor diqqətə çatdırmışdır ki, ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirləri çərçivəsində 2012-ci ildə ADİU ilə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu müddətdə iki universitet arasında qarşılıqlı müəllim mübadiləsi həyata keçirilmişcari ilin iyul ayında ADİU-da birgə yay məktəbi təşkil olunmuşdur.

Əməkdaşlığın növbəti mərhələsi olaraq ADİU ilə UBIS arasında magistratura səviyyəsində biznesin təşkili və idarə edilməsi  ixtisası üzrə birgə MBA proqramının həyata keçirilməsinə dair razılıq da əldə olunmuşdur. Birgə MBA proqramının qarşılıqlı razılaşdırılmış tədris proqramına əsasən ikiillik təhsil müddətində, ümumilikdə, 15 fənnin tədrisi nəzərdə tutulur. Bu fənlərdən 14-ü ADİU-nunUBIS-in professor-müəllim heyəti tərəfindən Bakıda, 1-i isə Cenevrədə UBIS-in professor-müəllim heyəti tərəfindən tədris olunacaqdır.

Magistrantların tədris prosesində əldə etdikləri kreditlər qarşılıqlı olaraq tanınacaqdır. Proqramın bütün tələblərini yerinə yetirən məzunlar sonda hər iki universitetin diplomunu alacaqlar. İlkin mərhələdə bu proqramda yalnız ADİU-nun MBA proqramında təhsil alan magistrantları iştirak edə biləcəklər. Gələcəkdə isə proqrama qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında ayrıca istiqamət üzrə həyata keçiriləcəkdir.

Şəmsəddin Hacıyev demişdir ki, bu proqramda məqsədimiz təhsildə mövcud imkanlardan faydalanaraq,  həm universiteti Avropada tanıtmaq, həm də tələbə və magistrlərimizi yüksək təhsil məkanına çıxararaq Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verməkdir.

Bu ali təhsil ocağı ilə əməkdaşlıqdan məmnunluğunu bildirən P.Faniel layihənin əhəmiyyətindən danışmışdır. Azərbaycanın beynəlxalq sahədə sürətlə inkişaf etdiyini qeyd edən qonaq  iki ölkənin universitetləri arasında əlaqələrin yaradılmasının vacibliyini qeyd etmiş, proqramın uğurla reallaşmasını arzulamışdır.

Sonra ADİU ilə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti arasında MBA proqramının icrasına dair müqavilə imzalanmışdır.

Sənədi ADİU-nun rektoru Ş.Hacıyev və UBIS-in icraçı direktoru Patrik Faniel imzalamışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 5 dekabr.- S.4.