Azərbaycanın Rusiyadakı səfirliyində görkəmli rəssam Tahir Salahovun yubileyi münasibətilə təntənəli qəbul təşkil olunmuşdur

 

 

Noyabrın 29-da Azərbaycanın Rusiyadakı səfirliyində dünya şöhrətli Azərbaycan və Rusiya rəssamı, SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun 85 illik yubileyi münasibətilə təntənəli qəbul təşkil olunmuşdur.

 

Yubiley gecəsində Tahir Salahovun görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının 95 illik yubileyi münasibətilə çəkdiyi iki portretin təqdimatı keçirilmişdir.

Bu portretlər rəssamın Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş yubiley sərgisində uğurla sərgilənmişdi. Yaxın vaxtlarda sərgi Fransanın paytaxtından sonra Moskva tamaşaçılarına da təqdim olunacaqdır.

Böyük sənətkarı təbrik etmək üçün Azərbaycanın Moskvadakı səfirliyinə gələnlər arasında Tahir Salahovun ailə üzvləri, yaxın dostları, Rusiya və Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, rəssamın yaradıcılığının pərəstişkarları var idi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təntənəli gecəni açaraq Azərbaycan Prezidenti İlham Əliyevin yubiley münasibətilə xalq rəssamı Tahir Salahova təbrik məktubunu oxumuşdur.

Yubiley gecəsində Rusiya Prezidenti Vladimir Putinin, bu ölkənin Baş naziri Dmitri Medvedevin, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin təbrik məktubları oxunmuşdur.

Səfir Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, bu gün təkcə  Azərbaycan və Rusiya mədəniyyətlərinin deyil, bütövlükdə dünya mədəniyyətinin bayramıdır. Görkəmli rəssam Tahir Salahov təkrarsız yaradıcılığı, yüksək insani keyfiyyətləri, həyata, dostlarına, insanlara münasibətilə qitələri, ölkələri birləşdirən sənətkardır.

Xalq rəssamı Tahir Salahov sənətinə verilən yüksək qiymətə görə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə, onu təbrik edən hər kəsə təşəkkürünü bildirmişdir. Rəssam demişdir: "Mən xoşbəxtəm ki, yubiley gecəmi Azərbaycan ərazisində - Azərbaycanın Rusiyadakı səfirliyində qeyd edirəm. Bu gün mən həm də Aleksandr Soljenitsının yubileyi münasibətilə çəkdiyim və Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənmiş "Qayıdış" və "Qırmızı çarx" portretlərini Moskvada ilk dəfə təqdim edirəm. Heydər Əliyev Mərkəzində keçirilən sərgimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etmişəm. Bu sərgi həm də Dmitri Şostakoviç, Mstislav Rostropoviç, Mirzə Ələkbər Sabir, Salvador Dali, Rəsul Rza, Fikrət Əmirov kimi dahilərin yaşadıqları dövrün tərənnümüdür. Həmin sərgi Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində də təqdim edilmişdir. Bu, həm də mənim yubiley münasibətilə bir növ yaradıcılıq hesabatım idi".

Aleksandr Soljenitsının Azərbaycan səfirliyində təqdim olunan portretləri yubiley gecəsinin iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Böyük rəssam Tahir Salahovu çox sevdiyini söyləyən Natalya Soljenitsına bildirmişdir ki, bu portretlər onun üçün gözlənilməz hədiyyə olmuşdur. A.Soljenitsının xanımı demişdir: "Portretlər məndə çox güclü təəssürat oyatmışdır. Tahir Salahov iki tamamilə fərqli obraz yaratmışdır. Bu obrazların hər ikisi mənə olduqca doğmadır. Tahir Salahov Aleksandr Soljenitsının qəlbinin portretini yarada bilmişdirbuna görə onun qarşısında baş əyirəm".

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirmişdir ki, Tahir Salahovun əsərləri arasında dahi musiqiçilərin və bəstəkarların portretləri xüsusi yer tutur. Onların sırasında Qara Qarayevin, Dmitri Şostakoviçin, Fikrət Əmirovun, Mstislav Rostropoviçin portretləri vardır. M.Şvıdkoy demişdir: "Tahir Salahov qüdrətli həyat musiqisini duyan rəssamdır. O, iki ölkənin gözəlliklərini, insanlarının qəlbini, ruhunu dünyaya tanıdan bir rəssamdır".

 

Rusiya Dövlət Dumasının deputatı Vladimir Resin dahi sənətkarı təbrik edərək vurğulamışdır ki, Tahir Salahov təkcə Azərbaycan xalqının deyil, həm də keçmiş sovet məkanının hər bir xalqının rəssamıdır. Nadir istedada malik olan bu sənətkar tam haqlı olaraq Azərbaycanın fəxri sayıla bilər.

Rusiyanın xalq rəssamı Valentin Yudaşkin bildirmişdir ki, Tahir Salahov Azərbaycanda, keçmiş SSRİ məkanında məşhur olmaqla yanaşı, Avropa və dünya incəsənətində də yüksək nüfuza malikdir. V.Yudaşkin demişdir: "Tahir Salahovun yalnız özünəməxsus dəst-xətti onun sərgilərinə gələnləri heyrətə gətirir. 85 yaş sənətkar üçün ciddi hesabat dövrüdürbiz Tahir Salahovdan yeni sərgilər gözləyirik".

 

Fəridə ABDULLAYEVA

 

Azərbaycan.- 2013.- 1 dekabr.- S. 6.