Avropa Azərbaycan Cəmiyyəti 5
yaşını qeyd etdi
Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsis edilməsinin 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rəsmi şəxslər ictimaiyyətin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri də daxil olmaqla 300-dən artıq qonaq iştirak etmişdir.
AAC-nin sədri Taleh Heydərov Azərbaycanın tarixinə nəzər salaraq, 1918-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır. Azərbaycanın müasir dövrdəki beynəlxalq uğurlarına toxunan T.Heydərov 1994-cü ildə ulu öndər Heydər Əliyevin qətiyyəti, əzmi, iradəsi və uzaqgörənliyi sayəsində imzalanan "Əsrin müqaviləsi"ni nümunə olaraq qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi irsi ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rəhbəri olduğu qurumun fəaliyyəti haqqında məlumat verən T.Heydərov, AAC-nin 6 ölkədə ofisinin olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, ölkəmizin mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etmək, xarici sərmayəçilərin Azərbaycana investisiyalarını artırmağa və ticarət əlaqələrini genişləndirməyə həvəsləndirmək AAC-nin ən böyük məqsədlərindəndir.
T.Heydərov çıxışında vurğulamışdır ki, Qərb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu unutmamalı, münaqişənin tez bir zamanda beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq diplomatik həlli istiqamətində əllərindən gələni əsirgəməməlidir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov AAC-nin ölkəmizin Birləşmiş Krallıqda və ümumiyyətlə, Avropada təbliğatında əhəmiyyətli rol oynadığını vurğulamışdır. Səfir qeyd etmişdir ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlər genişlənməkdə davam edir və AAC-nin bu prosesə verdiyi töhfələr təqdirəlayiqdir. AAC-nin səfirliklə birgə bir çox layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdıran F.Qurbanov hökumətlə yanaşı, qeyri-hökumət təşkilatlarının da ölkəmizin təbliği prosesində iştirak etməsinin vacib olduğunu bildirmişdir.
F.Qurbanov AAC-nin gələcəkdə də ölkəmizin mədəniyyətini, tarixini, turizmini, həqiqətlərini və onun həyat tərzinin təbliğatı işində əvəzsiz rol oynayacağından əminliyini ifadə etmişdir.
Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer ölkəmizin son illərdəki sürətli inkişafından bəhs etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan K.Pinçer məsələnin sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın dünyəvi və tolerant ölkə olduğu strateji cəhətdən əlverişli coğrafi mövqedə yerləşdiyi bildirilmişdir. "Şahdəniz" yatağından danışan K.Pinçer, Azərbaycanın Qərb şirkətləri üçün əhəmiyyətli biznes imkanlarına malik olduğunu vurğulamışdır.
AAC-nin fəaliyyətindən bəhs edən parlament təmsilçisi, cəmiyyətin uğurlarının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etmişdir.
Sonra AAC-nin fəaliyyətindən bəhs edən qısa film nümayiş etdirilmişdir.
Tədbir
azərbaycanlı skripkaçı Səbinə Rakçayeva
və "Deko" ansamblının birgə ifasında Azərbaycan
və dünya bəstəkarlarının əsərlərindən
ibarət musiqi proqramı ilə başa
çatmışdır.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 5 dekabr.- S.4.