Bakıda Azərbaycan ilə İraq arasında ticarət, iqtisadi,
elmi, texniki və
mədəni əməkdaşlıq
üzrə birgə komissiyanın iclası
keçirilmişdir
"BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində dekabrın 4-də Bakıda Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclası keçirilmişdir. İclas 2010-cu il noyabrın 10-da Azərbaycan ilə İraq arasında imzalanmış ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişə uyğun təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, komissiyanın iclası Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İraqın vilayətlərlə iş üzrə dövlət və rabitə nazirinin əvəzi Torhan Müdhir Həsən əl-Müftinin həmsədrliyi ilə keçirilmişdir.
Nazir Əli Abbasov Azərbaycanda mövcud iqtisadi vəziyyət, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər barədə geniş məlumat vermişdir.
Azərbaycan-İraq münasibətlərindən danışan Əli Abbasov bildirmişdir ki, ölkələrimiz arasında diplomatik münasibətlər bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin formalaşmasına və gələcək inkişafına şərait yaratmışdır.
Torhan Müdhir Həsən əl-Müfti Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etmiş, hazırda ticarət, elmi, iqtisadi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
İclasda İraqın ölkəmizdəki səfiri Heydər Şiya əl-Barrak, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Mərkəzi Bankının sədr müavini Vadim Xubanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Ceyhun Bayramov və başqaları çıxış edərək ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında danışmışlar. Qeyd olunmuşdur ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İraqda həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunmalıdır.
İclasda İKT sahəsi üzrə qarşılıqlı investisiya yatırımlarının təşviqi, innovasiyaların tətbiqi və müştərək müəssisələrin yaradılması imkanları nəzərdən keçirilmişdir.
Elm və təhsil sahəsində, xüsusilə də ali təhsil sahəsində, elmi araşdırmalar üzrə əməkdaşlığın vacib olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, müvafiq qurumlar arasında birbaşa əlaqə yaradılmalı, elmi konfranslar və simpoziumlar təşkil olunmalıdır. Hər iki ölkənin alimlərinin elmi əsərləri və məqalələrinin ali məktəblərin məcmuələrində nəşrinə şərait yaradılmalıdır.
Tədbirdə ölkələrimiz arasındakı ikiqat vergitutmanın aradan qaldırılmasına dair təkliflər verilmişdir. Bitkiçilik, heyvandarlıq və aqrar sahədə elmi yeniliklərə dair informasiya mübadiləsinin aparılması, turizmin inkişafı, ətraf mühitin qorunması sahələrində əməkdaşlığın vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, gənclər və idman, səhiyyə və digər sahələr üzrə iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi məqsədi ilə müvafiq təkliflər verilmişdir.
İclasda birgə komissiyanın növbəti iclasının İraqda keçirilməsi qərara alınmışdır.
Sonda Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclasının Protokolu imzalanmışdır.
Sənədi
Azərbaycan tərəfdən Əli Abbasov, İraq tərəfindən
isə Torhan Müdhir Həsən əl-Müfti
imzalamışlar.
AzərTAc
Azərbaycan.-2013.- 5 dekabr.- S.5.