Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strateji hədəf

 

Prezident İlham Əliyev azərbaycanlıların bütün

 tarixi torpaqlarına qayıtmalarını vacib hesab edir

 

 

 

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqımızın mənafeyinə uyğun həlli ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətin əsas istiqamətini təşkil edir. Münaqişənin həlli strategiyası ilə bağlı beynəlxalq hüquq normalarına əsaslanan Prezident İlham Əliyev yeni siyasi mexanizmlərin tətbiqi yolu ilə prosesi Azərbaycanın milli maraqlarına uyğun irəliyə aparmağa müvəffəq olmuşdur.

Dövlət başçısı İlham Əliyev oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində münaqişə ilə əlaqədar Azərbaycanın strateji və dəyişməz mövqeyini bir daha bəyan etmiş, problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin mümkünlüyünü xüsusi vurğulamışdır. Dövlət başçısının azərbaycanlıların bütün tarixi torpaqlarına qayıdacağı ilə bağlı qətiyyətli bəyanatı isə rəsmi Bakının keyfiyyətcə yeni mərhələdə münaqişənin həlli zəminində daha fəal və qətiyyətli mövqe tutduğunu, hücum taktikasını davam etdirdiyini göstərir. Prezident İlham Əliyev andiçmə mərasimində bununla bağlı demişdir: "Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək".

Bu bəyanat göstərir ki, rəsmi Bakı real situasiyanı düzgün dəyərləndirərək münaqişənin həlli prosesinə təsir amillərini gücləndirmək siyasətinə üstünlük verir. Başqa sözlə, müasir dünyanın gerçəkliklərinə cavab verən daxilixarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən Azərbaycan diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Respublikamız yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir. Azərbaycan rəhbərliyinin "hücum diplomatiyası" sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puç olur. Ermənistan bu gün dünyada işğalçılıq siyasəti yürüdərək özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır. Təcavüzkar dövlət regionda başqa dövlətin "for-postu" kimi çıxış edirsülh danışıqlarını süni şəkildə uzatmaqla vaxt udmağa çalışır.

ATƏT-in Minsk qrupu çərçivəsində intensivləşən danışıqlar prosesi hələlik nəticə verməsə də, rəsmi Bakı ötən müddətdə münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilib. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyinin tez-tez istinad etdiyi "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi" iddiası hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Separatçı rejim bu və digər vasitələrlə, xarici dəstək faktoru ilə qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki fəaliyyətini "pərdələmək" üçün beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışır. Ermənistan tərəfi də belə bəhanələrlə çıxış edir ki, guya millətlərin hüquq bərabərliyi və özünü müəyyənetmə hüququ dövlətin ərazi bütövlüyündən daha öndə dayanır. Halbuki beynəlxalq hüquqi nöqteyi-nəzərdən, millətlərin hüquq bərabərliyi və özünü müəyyənetmə hüququnun bu cür bəsit şərhi ciddi qanuni baryerlərə dirənir.

Belə ki, hələ 1970-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul olunmuş BMT Nizamnaməsinə müvafiq olaraq dövlətlər arasındakı dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə göstərilir ki, xalqların və millətlərin hüquq bərabərliyi və özünü müəyyənetmə  prinsipinin həyata keçirilməsi zamanı bu sənədin heç bir müddəası suveren və müstəqil dövlətlərin ərazi bütövlüyüsiyasi müstəqilliyinin qismən və ya tamamilə pozulmasına, onların bölünməsinə yönəlmiş hərəkətləri müdafiə etmək, onlara razılıq kimi tövsif edilə bilməz. Beynəlxalq hüquq xalqların özünü müəyyənetmə və dövlətlərin ərazi bütövlüyü prinsipinin ahəngdar surətdə uzlaşdırılmasını və əlaqələndirilməsini tələb edir. Beləliklə, 1970-ci il bəyannaməsində açıq-aşkar göstərilir ki, hüquq bərabərliyi və özünü müəyyənetmə prinsipi suveren müstəqil dövlətlərin siyasi birliyininya ərazi bütövlüyünün qismən və ya tamamilə pozulması və ya parçalanması ilə nəticələnə biləcək hərəkətlərə sövq edən və ya imkan verən prinsip kimi anlaşılmamalı və beynəlxalq hüququn digər əsas prinsipləri kontekstində nəzərdən keçirilməlidir. ATƏM-in Helsinki Yekun Aktında da xalqların və millərlərin hüquq bərabərliyi və özünü müəyyənetmə prinsipi iştirakçı dövlətlər tərəfindən BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid olan normalarına uyğun hərəkət edərək həyata keçiriləcəyi öz ifadəsini tapmışdır.

Beləliklə, xalqların və millətlərin hüquq bərabərliyi və özünü müəyyənetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipi ilə sıx bağlıdır, bu hüququn həyata keçirilməsi dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə uzlaşmalı və müstəqil, demokratik dövlətin parçalanması üçün heç vaxt əsas olmamalıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi isə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində güc tətbiqindən və ya gücün dövlətin ərazi toxunulmazlığına qarşı tətbiqindən yayınmağa çağırmaq kimi müddəası ifadə edilmişdir. 1970-ci il bəyannaməsində elan edilir ki, hər bir dövlət istənilən digər dövlətin və ya ölkənin milli birliyinin və ərazi bütövlüyünün tamya qismən pozulmasına yönəlmiş hər hansı hərəkətdən çəkinməlidir. Bununla yanaşı, qeyd olunur ki, dövlət ərazisi nizamnamə müddəalarını pozmaqla zor işlətmənin nəticəsi olan hərbi işğal predmeti olmamalıdır və dövlət ərazisi güc tətbiq etmək və güc tətbiq etməklə hədələmək nəticəsində digər dövlətin qazanc obyekti olmamalıdır. 1975-ci il tarixli ATƏM-in Helsinki Yekun Aktının Prinsiplər Bəyannaməsinin IV bölməsinə görə, iştirakçı-dövlətlər digər iştirakçı-dövlətlərin hər birinin ərazi bütövlüyünə hörmət edəcəklər. Buna müvafiq olaraq onlar hər hansı iştirakçı-dövlətin siyasi müstəqilliyi və ya ərazi bütövlüyü əleyhinə BMT Nizamnaməsinin məqsəd və prinsipləri ilə uzlaşmayan istənilən hərəkətlərdən, o cümlədən güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən ibarət olan istənilən bu cür hərəkətlərdən çəkinəcəklər.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışında bir daha bildirmişdir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir: "Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir".

Azərbaycanlıların bütün tarixi torpaqlarına qayıtmalarını strateji hədəf kimi müəyyənləşdirən rəsmi Bakı bununla ilk növbədə, dünya ictimaiyyətinin diqqətini tarixi həqiqətlərə yönəltməyə çalışır. Ən üzdə olan həqiqət isə bundan ibarətdir ki, ötən əsrin əvvəllərinədək dünya xəritəsində Ermənistan adlı dövlət olmamışdır. Həmin dövrdə ermənilər məhz Azərbaycanın və digər dövlətlərin ərazilərini xarici havadarlarının köməyi ilə ilhaq etməklə qondarma erməni dövləti yarada bilmişlər. "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Bədnam qonşularımız  qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmiş, bu zaman müəyyən xarici qüvvələrin maraqlarının ifadəsinə çevrilmişlər. Bəzi aparıcı dövlətlər isə Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün tarixən "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına "ərazilərini" böyütmüşlər. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan edilmişdir.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları İkinci Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi və əsaslı səbəb göstərmədən keçmiş İttifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan SSR KP MK-nın katibi Q.Arutyunov Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir, İraqLivandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarına göndərilməsini təklif etmişdir. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.

1997-ci il 18 dekabr tarixdə "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" tarixi fərman imzalayan ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi-hüquqi qiymətini vermişdir: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar".

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələnmişdir. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 200 mindən çox azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədi olmuşdur.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, 20 min nəfərdən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq yaralanmış və əlil olmuş, bir neçə min nəfər xəbərsiz itkin düşmüşdür. Məhkəməsiz edamlar, mülki əhalinin kütləvi gülləbaran edilməsi, götürülmüş girovların Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində məcburi qaydada ən ağır işlərdə işlədilməsi, döyülmə, işgəncə və başqa kobud, qeyri-insani rəftar ən adi hala çevrilmişdir. Xocalı soyqırımının dəhşətləri daha ağırdır. Bununla da, təcavüzkar Ermənistan tərəfindən nəinki beynəlxalq hüququn ümumtanınmış prinsipləri kobud şəkildə pozulmuş, eyni zamanda, insan hüquqları sahəsində mühüm beynəlxalq sənədlər: İnsan hüquqları haqqında Ümumi Bəyannamə, Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyaları və s. beynəlxalq normalar ayaq altına salınmışdır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Məlumdur ki, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir ki, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzunaonun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. BMT Baş Məclisinin 39 lehinə, 7 əleyhinə və 100 ölkə bitərəf olaraq qəbul etdiyi "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında" 15 mart 2008-ci il tarixli qətnaməsində ciddi narahatlıq ifadə edilərək qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundaonun ətrafındakı hərbi münaqişə beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməklə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir edir. Baş Məclis üzv dövlətləri Azərbaycanın beynəlxalq qaydada tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Qəbul edilən sənəddə BMT Baş Məclisi bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazisinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni saymamalı və bu vəziyyətin qalmasını təşviq etməməlidir.

2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1690 (2005) saylı tövsiyədə xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməyə çağırış ifadə edilmişdir.

Eyni zamanda, həmin tarixdə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1416 (2005) saylı qətnamənin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər. Eyni zamanda, qətnamənin 3-cü bəndində göstərilir ki, assambleya BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə, silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini təkid edir.

Bütövlükdə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkə ərazimizin 20 faizindən çoxu, yəni, 17.000 kvadratkilometr torpaq sahəsi işğal altında qalmışdır. İşğal olunmuş ərazilərdə 6 minə yaxın kənd təsərrüfatı və sənaye obyekti, 102 min yaşayış evi, 4366 sosial-mədəni obyekt, 7 min ictimai bina, 693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 695 xəstəxana və digər tibb müəssisələri, 10 məscid, 160 körpü, 368 klub, 927 kitabxana, 85 musiqi məktəbi, 464 muzeytarixi abidə, 6 dövlət teatrı dağıdılmış, 800 km-lik dəmir yoluavtomobil yolları, 15 min kilometr elektrikqaz xətləri, 2300 kilometrlik regional əhəmiyyətli su kommunikasiya sistemləri sıradan çıxarılmış, 31 məscid, 9 tarixi saray, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 250 min hektar meşə sahəsi, 200 paleontoloji, geoloji abidə erməni separatçıların əlinə keçmişdir.

Bütün beynəlxalq hüquq normalarının təcavüzkar Ermənistan tərəfindən pozulmasına baxmayaraq, Azərbaycan dövləti iradə nümayiş etdirərək münaqişəni humanizm prinsipləri və beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır. Ümummilli lider Heydər Əliyev BMT tribunasından dövlətimizin xarici siyasət xəttini bəyan edərkən demişdir: "Azərbaycan Respublikasının mövqeyi həmişə əməli mövqe olmuşdur və sülhsevər xarakter daşıyır. Bizə vurulmuş ziyanlara baxmayaraq, biz beynəlxalq hüquq, ədalət və humanizm əsasında erməni tərəfinə sülh təklif edirik".

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilən danışıqlar prosesi təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur ki, bu da işğalçı dövlət kimi Ermənistanın qeyri-konstruktiv siyasətinə və hələ də beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq bu siyasətini davam etdirməsinə tam dəlalət edir. Bununla bağlı artıq xarici alimlərin də əsərlərində bu problemlər qaldırılır və Ermənistanın təcavüzkarlıq siyasəti kəskin tənqid edilir, dünya dövlətlərindən bu problemin beynəlxalq hüquq normalarına uyğun həlli tələb edilir. Məsələn, alman alimi X.Kryuqerin əsəri (Kröqer X.Naqorno-Karabaxskiy konflikt. Pravovoy analiz. Perevod s anqliyskoqo izdaniə. Baku, İzdatelğstvo "Bakı Universiteti", 2012);  Polşanın Krakov Universitetinin professoru olan ukraynalı alim A.A.Merejkonun əsəri (A.A.Merejko. Problema Naqornoqo Karabaxa i mejdunarodnoe pravo. Kiev, 2013) və s.

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Beynəlxalq hüquq normaları, o cümlədən bir sıra mötəbər təşkilatların münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın cəfəng iddialarının həm hüquqi, həm də siyasi baxımdan əsassızlığını tamamilə sübuta yetirir. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında haqlı olaraq vurğulamışdır ki, Ermənistan reallığı düzgün dəyərləndirməsə, daha bərbad vəziyyətlə üzləşəcək: "Son illərin təcrübəsi göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində, etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik".

Azərbaycan bədnam erməni lobbisininin məkrli siyasətinə qarşı daha cəsarətli və prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, sülh danışıqlarının davam etdirilməsi, əslində, Ermənistana ən böyük güzəştdir. Bunu dəyərləndirməyən işğalçı ölkə bilməlidir ki, hərbi əməliyyatların başlayacağı təqdirdə respublikamız bütün tarixi torpaqlarında ədaləti təmin etmək iddiasını nümayiş etdirəcək.

 

 

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin hüquq

 fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor

Azərbaycan.-2013.- 5 dekabr.- S.7.