Masanobu YAMAMOTO: «Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması çox heyranedicidir»

 

Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması çox heyranedicidir.  Bu sözləri Yaponiyanın "Blue Earth 3.0" internet televiziyasının baş meneceri, professor Masanobu Yamamoto III Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərkən demişdir.

Professor M.Yamamoto belə mötəbər tədbirə dəvətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişforumun yüksək səviyyədə təşkilini vurğulayaraq demişdir: "Mən ilk dəfə idi ki, Azərbaycanda olurdum. Bu ölkə öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və mehribanlığı ilə yaddaşıma həmişəlik həkk olundu. Forumun mövzusuna gəlincə demək istəyirəm ki, dünyanın qloballaşdığı və bir çox hallarda terror psixologiyasının üstünlük təşkil etdiyi bir vaxtda humanitar məsələlərin belə yüksək səviyyədə müzakirəsi beynəlxalq əhəmiyyətə malikdir. Forumda Türkiyə, Rumıniya, Bolqarıstan, Litva, Estoniya, Serbiya və digər ölkələrin sabiq prezidentlərinin, nüfuzlu siyasətçilərin, Nobel mükafatları laureatlarının, dünyanın 70 ölkəsini təmsil edən çoxsaylı ictimai-siyasielm xadimlərinin iştirakı buna sübutdur. Tədbir iştirakçılarının hamısı qlobal, ümumbəşəri məsələlərin müzakirə edildiyi Bakı Forumunun böyük əhəmiyyəti, beynəlxalq humanitar əməkdaşlığın, müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin inkişafının, həyatın keyfiyyətinin artırılmasının müxtəlif aspektləri barədə geniş fikir mübadiləsi aparmaq imkanı qazanmışdılar".

Azərbaycan Prezidentinin qlobal səviyyədə düşünməsini, yaranmış imkandan yalnız öz xalqı üçün deyil, dünya xalqlarının da faydalanmasına imkan yaratmasının təqdirəlayiq hal olduğunu vurğulayan professor, bunun müasir dünyada çox nadir hal olduğunu demişdir. Alim qeyd etmişdir ki, dünyanın heç bir ölkəsi belə bir addım atmaq iqtidarında deyil. Azərbaycan karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, onun belə bir addım atması inanılmazdır. Sürətlə inkişaf edən Azərbaycan başqa xalqların da tərəqqisinə çalışır. Biz, dünyanın inkişaf etmiş ölkələri belə bir ağır məsələnin həllində Azərbaycana köməyimizi əsirgəməməliyik. Xüsusən, forumda iştirak edən sabiq prezidentlər müdriklik göstərərək münaqişənin nizamlanması işinə fəal şəkildə qoşulmalıdırlar.  

Azərbaycan Prezidentinin forumdakı nitqini yüksək qiymətləndirən professor demişdir: "Zənnimcə, Prezident İlham Əliyevin forumda iştirak etməsi, bu tədbirin məqsədləri, həmçinin son illərdə siyasi, iqtisadi və ictimai sahədə ölkədə qazanılmış uğurlar haqqında nitqi tədbirə xüsusi status verdi. Dövlət başçısının Azərbaycan cəmiyyətində ictimai-siyasi islahatlar, iqtisadi sahədə uğurlar, adambaşına milli gəlirin artması, həyat səviyyəsinin yüksəlməsi barədə nitqi forumun açılış mərasimində iştirak edənlərin hamısına, o cümlədən mənə güclü təsir bağışlamışdır. Həmin nitqə qulaq asdıqdan sonra mən Azərbaycanın əsas probleminin mahiyyətini də dərindən başa düşdüm. Diqqətimi ən çox cəlb edən məsələ, qeyd etdiyim kimi, Azərbaycanın işğala məruz qalmasına, müharibə şəraitində olmasına baxmayaraq, dünyanın digər ölkələrinə öz köməyini göstərməsi idi. Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması çox heyranedicidir".

Hər bir ölkənin inkişafı üçün müvafiq humanitar konsepsiyaya malik olmasının zəruriliyini qeyd edən M.Yamamoto bunsuz hər hansı xalqın tərəqqisinin mümkün olmadığını vurğulamışdır. Bildirmişdir ki, yalnız bundan sonra təhsilin və elmin inkişafı mümkündür. O, Azərbaycan Prezidentinin ölkədə təhsilin inkişafına xüsusi önəm verməsini, burada təhsilin əsasən pulsuz olmasını mühüm amil kimi qeyd etmişdir. Azərbaycanda internetdən istifadə edənlərin sayının ölkə əhalisinin 70 faizini təşkil etməsinin, "Xəzər adaları" layihəsi çərçivəsində inşa ediləcək 1050 metr hündürlükdə qüllənin həm də regionda informasiya-kommunikasiya texnologiyasının tətbiqində, informasiyanın ötürülməsində böyük rol oynayacağını vurğulayan professor bunları ölkənin inkişaf göstəriciləri yüksək qiymətləndirmişdir. 

Azərbaycanın sürətli inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edən M.Yamamoto forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin memarlıq xüsusiyyətləri ilə onu heyran etdiyini bildirərək demişdir: "Buradakı dizayn, havalandırma və səs sistemləri elə bir yüksək səviyyədə qurulmuşdur ki, mən özümü XXI əsrdə hiss etdim. Mənim qaldığım "Flame Towers" mehmanxanası da öz möhtəşəmliyi ilə insanı heyran edirdi. Onun gecə görüntüləri xüsusilə cəlbedici idi".

Azərbaycanda olduğu dövrdə yerli əhali ilə görüşlərini xatırladan professor onların gələcəyə böyük inamla baxmasının şahidi olduğunu vurğulayaraq demişdir: "Bu insanların gözləri işıq saçırdı. Onlarda güclü enerji var idi. Mən onların xoşbəxtliyinin canlı şahidi oldum. Yadıma ötən əsrin 60-cı illərinin ortalarındakı Yaponiya düşdü. Həmin vaxt biz ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşırdıq. Həmin vaxt Tokio sürətli inkişaf dövrünü yaşayırdı. Biz məhz o vaxt müasir yolları inşa etdik, sürətli Şinkansen qatarları işə salındı. Mənim Azərbaycanda gördüklərim məhz buna bənzəyirdi. Mənim qəlbimdə azərbaycanlı olmaq istəyi yarandı. Mənə elə gəlir ki, indiki halda Azərbaycan hər şeyə qadirdir. Mən böyük məmnuniyyətlə Azərbaycana yenə səfər edərdim".

Forum çərçivəsində təbiətinin gözəlliyi, insanlarının səmimiyyəti ilə onu heyran edən Lerik rayonuna səfərini böyük məmnuniyyətlə xatırladan M.Yamamoto, xüsusən bu bölgədə yaşayan yaşı 100-dən yuxarı insanların onda böyük maraq doğurduğunu bildirərək demişdir: "Lerikə səfər çərçivəsində biz Azərbaycanın bu gözəl, mənzərəli, tarixi bölgəsinin müasir həyat səviyyəsi ilə tanış olduq. Məni ən çox heyrətləndirən buradakı insanların 100 yaşından çox yaşaması haqda məlumat oldu. Mənim 70 yaşım var və mənə elə gəlir ki, əgər bundan sonra Lerikə köçsəm daha 70 il yaşaya bilərəm.

Mən qətiyyətlə deyə bilərəm ki, Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, şəxsən mənim Azərbaycana ilk səfərim həm beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsinə qatılmaq, həm də bu gözəl ölkə barədə geniş məlumatlar əldə etmək baxımından çox faydalı oldu".

 

 

Vüqar Ağayev,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

Azərbaycan $g 2013.- 5 dekabr.- S.8.